PDF Oxu

Araşdırma

  • 5 757

Azərbaycanda elm və mədəniyyətin inkişafında Azərbaycan Milli Elmlər Akademiyasının rolu

image

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) respublikanın əsas elmi qurumudur. AMEA 1945-ci ildə Bakı şəhərində təsis edilmişdir.

1932-ci ildə Azərbaycan DETİ əsasında SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Şöbəsi təşkil edildi. Şöbəyə R.Axundov rəhbərlik edirdi. Şöbədə 11 bölmə və bir neçə komissiya fəaliyyət göstərirdi. Bir sıra məşhur alimlər - F.Y.Levinson-Lessinq, İ.M.Qubkin, A.A.Qrossheym, N.Y.Marr, İ.İ.Meşşanov, A.N,Derjavin, İ.Q.Yesman, ilk Azərbaycan alimlərindən B.Çobanzadə, V.Xuluflu, M.Əfəndiyev, A.Tağızadə, S.Mümtaz, A.S.Məmmədov və başqaları burada elmi-tədqiqat işləri aparırdılar.

1935-ci ilin oktyabrında şöbə SSRİ EA Azərbaycan Filialına çevrildi. Filialın yanında mövcud bölmələr əsasında Kimya, Botanika, Zoologiya və Tarix, Etnoqrafiya və Arxeologiya, Dil və Ədəbiyyat Elmi-Tədqiqat institutları, habelə Energetika, Fizika, Geologiya, Torpaqşünaslıq sektorları yaradıldı. Filialın Rəyasət Heyətinin sədri əvvəl akad. İ.M.Qubkin, sonralar isə akademik S.S.Namyotkin oldu.

SSRİ Xalq Komissarları Sovetinin 1945 il 23 yanvar tarixli qərarı ilə filial Azərbaycan EA-ya çevrildi. Bu vaxt akademiyanın 4 bölməsi, 16 elmi-tədqiqat institutu, elmi-tədqiqat şöbəsi, 3 muzeyi, mərkəzi-elmi kitabxanası, Naxçıvan, Gəncə, Xankəndi və Qubada elmi bazaları var idi. Həmin il Azərbaycan EA-na 15 həqiqi üzv seçildi. Onun ilk heyətində Ü.Hacıbəyov, S.Vurğun, M.İbrahimov, Y.Məmmədəliyev, M.Qaşqay, A.A.Qrossheym, S.Dadaşov, İ.Q.Yesman, M.Mirqasımov, Ş.Əzizbəyov, Ə.Əlizadə, M.Topçubaşov, M.Hüseynov, H.Hüseynov və İ.İ.Şiroqorov daxil oldu. 1945-ci il martın 31-də akademiyanın həqiqi üzvlərinin ilk ümumi iclasında M.Mirqasımov prezident seçildi. Sonrakı illərdə Y.Məmmədəliyev (1947-1950, 1958-1961), M.Əliyev (1950-1958), Z.Xəlilov (1961-1967), R.İsmayılov (1967-1970), H.M.Abdullayev (1970-1983), E.Y.Salayev (1983-1997), F.Q.Maqsudov (1997-2000), M.Kərimov (2001-2013) akademiyanın prezidenti olmuşlar. 2013-cü ildən akademik Akif Əlizadə AMEA-nın prezidentidir.

Ulu Öndər Heydər Əliyev demişdir: "Elmlər Akademiyası Azərbaycan elmini inkişaf etdirib, xalqımızın elm bilik səviyyəsini yüksəklərə qaldırıbdır. Azərbaycan elmini dünyada tanıdıbdır və dünya elminə, bəşər elminə öz böyük töhfələrini veribdir". AMEA-nın alimləri ilə görüşündə Ulu Öndər qeyd etmişdir ki: "Elmlər Akademiyası Azərbaycan xalqının tarixi nailiyyətidir. 1945-ci ildə bu akademiyanı yaradan alimlər çox böyük şücaət göstərmişlər. Ötən dövrdə bu akademiyanın çərçivəsində Azərbaycan elmi çox inkişaf etmişdir... Əmin ola bilərsiniz ki, Elmlər Akademiyası da, institutlar da fəaliyyət göstərəcəklər və biz buna imkan yaradacağıq. Azərbaycanın elmi inkişaf etməlidir. Universitetlər, ali məktəblər də inkişaf etməlidir... Biz isə bu sahəyə hər cür kömək edəcəyik və mədəniyyətimiz, elmimiz, o cümlədən, təhsilimiz, sosial sahənin bütün başqa istiqamətləri inkişaf edəcəkdir".

Sovet dövründə akademiya alimləri QİYŞ xətti ilə 12 problem üzərində müştərək tədqiqat aparıblar. Akademiya digər xarici ölkələrin elmi müəssələri ilə əlaqə saxlayır. Elmin müasir problemlərinə dair fikir mübadiləsi aparmaq, elmi-tədqiqat təcrübəsini öyrənmək, elmin təşkili ilə tanış olmaq məqsədi ilə hər il akademiyaya çoxlu əcnəbi alim gəlir. Akademiyanın alimləri beynəlxalq elmi qurultay, konqres və simpoziumlarda elm və texnikanın aktual problemlərinə dair məruzələrlə çıxış edirlər. AMEA-nın təşəbbüsü və təşkilatçılığı ilə tez-tez beynəlxalq elmi müşavirə və konfranslar keçirilir. Akademiya alimlərinin əsərləri 40 ölkədə 20 dildə nəşr olunmuşdur.

Azərbaycan Milli Elmlər Akademiyası Xalqlar Dostluğu ordeni ilə təltif olunmuşdur (1975). 1993 və 1994-cü illərdə elmi tədqiqat məqsədilə xarici ölkələrə getmiş Azərbaycan alimlərinin sayt 1976-cı ildən 1990-cı ilə qədər gedənlərin sayından çoxdur. 1994-cü ildə isə bu rəqəm artıq 350 nəfərə çatmışdır. Elmi əməkdaşlığın xarakteri də əhəmiyyətli dərəcədə dəyişmişdir. Keçmişdən fərqli olaraq Elmlər Akademiyasının elmi müəssisələrində xarici-elmi mərkəzlərlə əməkdaşlıq haqqında 25-dən çox ikitərəfli müqavilə və protokollar imzalanmışdır.

Ulu Öndər Heydər Əliyevin apardığı ardıcıl, məqsədyönlü və müdrik siyasəti nəticəsində ölkəmizdə sabitliyin yaranması, dövlətimizin suverenliyinin bərqərar olunması, onun iqtisadi müstəqillik yoluna qədəm qoyması, Respublikamızın Avropa Şurasına tam hüquqlu üzv qəbul olunması cəmiyyət həyatının bütün sahələrində, o cümlədən, elm sahəsində islahatların aparılması üçün böyük zəmin yaratmışdır. Azərbaycan Elmlər Akademiyasında elmi-tədqiqat mövzularının yerinə yetirilməsi, əsasən, 5 il müddətinə planlaşdırılmış və alimlərimiz tərəfindən 1996-cı ildən başlayaraq aparılan elmi tədqiqatların böyük hissəsi 2000-ci ildə başa çatdırılmışdır.

Ulu Öndər Heydər Əliyev 1997-ci il yanvarın 31-də Azərbaycan Elmlər Akademiyasının rəhbərliyi, həqiqi və müxbir üzvləri, institut direktorları və aparıcı alimlər ilə görüşdü. Bu görüşü Heydər Əliyev xeyli əvvəl keçirməyi planlaşdırmışdı. Lakin özünün qeyd etdiyi kimi, bir çox başqa məsələlər onun vaxtını aldığından bir qədar gecikmişdi. Akademiyada yaranan vəziyyət Onu ciddi narahat edirdi. Heydər Əliyevin görüşünün əsas məqsədi mövcud nöqsanları, qüsurları aşkar etməklə elmə, təhsilə qayğını artırmaq, "elmin inkişafı üçün mövcud imkanlardan daha çox istifadə" etmək idi. Ulu Öndərə akademiyanın vəziyyəti, işçilərinin əmək haqqının azlığı məlum idi. Düzdür, bu, respublikanın ümumi vəziyyətindən irəli gəlirdi. Lakin yenə də öz qayğısını göstərdi. 1997-ci ildə akademiyaya ayrılan vəsaiti artırdı. Əgər 1996-cı ildə Elmlər Akademiyasına büdcədən 17 milyard manat ayrılmışdısa, 1997-ci ildə bu rəqəm 26 milyard manata qaldırıldı.

Prezident 1997-ci il yanvarın 31-də "Azərbaycan Respublikasının Elmlər Akademiyası işçilərinin aylıq əmək haqqının artırılması haqqında" Sərəncam imzaladı. Bu Sərəncama görə akademiyada çalışan bütün işçilərin əmək haqqı 50 faiz artırıldı. Eyni zamanda, Prezident Elmlər Akademiyasının həqiqi və müxbir üzvlərinin rütbə məvacibinin on dəfə artırılması haqqında qərar qəbul etmişdi.

İftixarla demək lazımdır ki, Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasında hakimiyyətə qayıdışı Elmlər Akademiyasının həyatında yeni səhifə açdı. Ulu Öndər Heydər Əliyevin 15 may 2001-ci il tarixli Fərmanı ilə respublika Elmlər Akademiyasına Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) adı verildi. Dövlətimizin başçısının 4 yanvar 2003-cü il tarixli Fərmanı ilə Azərbaycan Milli Elmlər Akademiyasının statusu, nizamnaməsi, prezidentinin vəzifəsi, səlahiyyətləri müəyyən edilir ki, bu da onun elmin inkişafı sahəsində müdrik siyasətinin təzahürüdür.

Azərbaycan dilinin inkişafı, onun təmizliyinin qorunması, dövlət dili statusunun tətbiqi milli-mənəvi sərvətlərimizin inkişafında qlobal əhəmiyyətli hadisədir. Prezidentin "Dövlət dilinin tətbiqinin təkmilləşdirilməsi haqqında" 2001-ci il 18 iyun tarixli Fərmanı, Prezident yanında Dövlət Dil Komissiyasının yaradılması, "Azərbaycan Respublikasında dövlət dili haqqında" 2002-ci il 30 sentyabr tarixli qanunun qəbul edilməsi, 2001-ci il avqust ayının 1-dən ölkədə bütün yazışma və nəşrlərin latın qrafikasına keçilməsi dövlət başçısının ana dilimizə diqqət və qayğısının parlaq ifadəsidir. Hətta Prezident Fərmanı ilə avqustun 1-i hər il "Azərbaycan əlifbası və Azərbaycan dili günü" kimi qeyd edilir.

Ulu Öndər Heydər Əliyevin Elmlər Akademiyasına hər cür qayğı göstərməklə yanaşı, onun inkişafının strateji proqramının müəyyən edilməsi və həyata keçirilməsi vəzifələrini qarşıya qoyurdu. Heydər Əliyevi ən çox maraqlandıran məsələlərdən biri Azərbaycan tarixinin yazılması idi. O göstərirdi ki, vaxtilə yazılan tarix kommunist ideologiyasının təsiri və tələbi ilə yazılmışdır. Əlbəttə, bu, alimlərimizin, tarixçilərimizin günahından yox, ümumi ideologiyanın tələblərindən yazıldığına görə indi bizi qane edə bilməz. Buna görə də akademiyanın strateji planında Azərbaycan tarixini yazmaq mühüm bir vəzifə kimi qarşıya qoyulurdu. Azərbaycan tarixinin qədim dövrlərdən indiki dövrə kimi yazılması zəruridir. Lakin bu dövrlərin, tariximizin hamısının yazılmasının çətin olduğunu nəzərə alaraq, - çünki bunun üçün bir neçə il vaxt tələb olunur, - ilk növbədə, XIX-XX əsrlərin tarixinin yazılması vəzifəsi qarşıya qoyuldu. Eyni zamanda, bu məqsəd üçün qayğı göstəriləcəyini vəd edirdi.

Ulu Öndərin qətiyyəti və iradəsilə Azərbaycan tarixi obyektiv şəkildə tədqiq olundu - çoxcildli "Azərbaycan tarixi" kitabları yazıldı. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 may 2002-ci il tarixli 81 saylı qərarına əsasən, AMEA-da struktur dəyişikliyi edilmişdir. İnformasiya-Telekommunikasiya Elmi Mərkəzinin (İTEM) bazasında İnformasiya Texnologiyaları İnstitutu (İTİ), Radiasiya Tədqiqatları sektorunun (RTS) bazasında Radiasiya Problemləri İnstitutu (RPİ) yaradılmışdır. İTİ-nin əsas fəaliyyət istiqamətləri yeni informasiya texnologiyaları əsasında müxtəlif sahələrin İnformasiyalaşdırılması, intellektual kompüter şəbəkələri və sistemlərinin yaradılması, informasiya təhlükəsizliyinin təmin olunmasıdır. Radiasiya Problemləri İnstitutunun əsas fəaliyyət istiqamətləri radiasiya texnologiyası, radiasiya təhlükəsizliyi, qeyri-ənənəvi enerji çevrilmə problemləri, ekologiya, radioekologiyadır.

2004-cü ildə AMEA ölkədə aparılan irimiqyaslı islahatların elmi bazasını möhkəmləndirmək, onların intensiv həyata keçirilməsində dövlətə yardımçı olmaq, mövcud elmi-texniki potensialı qoruyub saxlamaq və inkişaf etdirmək, yüksək ixtisaslı kadrlar hazırlamaq, respublikadakı nazirliklərin, elmi müəssələrin və ali məktəblərin elmi-tədqiqat fəaliyyətini əlaqələndirmək və digər istiqamətlərdə fəaliyyətini davam etdirmiş, bir sıra elmi və elmi-təşkilati işləri həyata keçirmişdir. AMEA RH-nın 25 iclası keçirilmiş və 10 elmi məruzə dinlənilmişdir. Hesabat ilində akademiyanın beynəlxalq elmi əlaqələri xeyli genişlənmiş, bir sıra xarici dövlətlərlə elmi əməkdaşlıq sahəsində ikitərəfli müqavilələr imzalanmışdır. Akademiyanın 250-yə yaxın əməkdaşı 35 xarici dövlətdə elmi ezamiyyətlərdə olmuş, bir sıra simpozium və konfranslarda iştirak etmişlər. 2004-cü ildə akademiyanın alimləri beynəlxalq təşkilatların qrant müsabiqələrində aktiv iştirak etmiş, müxtəlif fond və qurumlardan 60-a yaxın qrant almışlar.

2005-ci il Azərbəycan Milli Elmlər Akademiyasının kollektivi üçün xüsusilə əlamətdar olmuşdur. Azərbaycanda elmin inkişafında mühüm rol oynayan, respublikada aparılan fundamental və tətbiqi tədqiqatları əlaqələndirən və istiqamətləndirən, dünya elmində öz yeri olan, yüksək mənəvi dəyərlərin daşıyıcısı olan müqəddəs elm məbədinin - Azərbaycan Milli Elmlər Akademiyasının yaranmasının 60 ili tamam olmuşdur. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin xüsusi Sərəncamına əsasən Azərbaycan Milli Elmlər Akademiyasının 60 illik yubileyi dövlət səviyyəsində qeyd olunmuşdur. Akademiyanın elmi müəssisələrində 159 problemin 488 mövzusu üzrə tədqiqatlar aparılmışdır.

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər