Prezident İlham Əliyevin müvafiq Fərmanına uyğun olaraq, bu sahədə məmur-vətəndaş təmaslarının minimuma endirilməsi və şəffaflığın artırılması məqsədilə ciddi tədbirlər həyata keçirilməkdədir
Əli Əhmədov: "Bizim qarşımızda duran ən mühüm vəzifələrdən biri ondan ibarətdir ki, əlillikdən, bu və ya digər səbəbdən fiziki sağlamlığını itirməsi halından sui-istifadə etmək istəyən insanların sayı azaldılsın və yaxud bu cür sui-istifadə hallarının qarşısı alınsın"
Məlumat verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin 14 sentyabr 2015-ci il tarixli Fərmanına uyğun olaraq, əlillik təyinatında məmur-vətəndaş təmaslarının minimuma endirilməsi və şəffaflığın artırılması məqsədilə "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"də müvafiq dəyişikliklər aparılıb və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 yanvar 2016-cı il tarixli 413 nömrəli qərarı ilə yeni Əsasnamə təsdiq edilib.
Əsasnaməyə görə, bu Əsasnamənin təsdiq edildiyi günədək əlilliyi müəyyən edilmiş və həmin günədək əlillik müddəti başa çatmamış ikinci və üçüncü dərəcə əlilliyi olan şəxslərin əlillik müddəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qurulmuş Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi (TSERAS) tərəfindən beş il müddətinə uzadılır. Əsasnamənin təsdiq edildiyi günədək əlilliyi müəyyən edilmiş və əlillik müddəti başa çatmamış birinci dərəcə əlilliyi olan şəxslərin əlilliyi TSERAS tərəfindən müddətsiz müəyyən edilir. Əsasnamənin 3.1.1 - 3.1.22-ci yarımbəndlərində göstərilən səbəblərdən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş və bu Əsasnamənin təsdiq edildiyi günədək sağlamlıq imkanlarının məhdudluğu müddəti başa çatmamış 18 yaşadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu isə TSERAS tərəfindən, 18 yaşından yuxarı olmamaqla üç il müddətinə uzadılır. Bununla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olan şəxslərə müraciət edərək bildirir ki, əlilliyi olan şəxslərin əlillik müddətlərinin başa çatması səbəbindən səhiyyə müəssisələrinə (müvafiq göndəriş (88 nömrəli forma) almaq məqsədilə), eləcə də zona Tibbi-Sosial Ekspert Komissiyalarına (TSEK) müraciət etmələrinə ehtiyac yoxdur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qurulmuş TSERAS vasitəsilə birinci dərəcə əlillik təyin olunmuş və əlillik müddəti başa çatmış şəxslər avtomatik olaraq ömürlük birinci qrup əlilliyi olan şəxs kimi qeydiyyata alınacaqlar. Həmçinin, ikinci və üçüncü dərəcə əlillik təyin edilmiş şəxslərin əvvəlki qayda ilə ildə bir dəfə təkrar əlillik müayinəsindən keçirilməsinə son qoyulur və onların təkrar əlillik müayinəsi əlillik təyin olunduğu vaxtdan beş il sonra aparılacaq. Qeyd edib ki, hazırda həmin vətəndaşların təkrar müayinə üçün səhiyyə müəssisələrinin müvafiq göndəriş formaları (88 nömrəli forma) ilə zona Tibbi-Sosial Ekspert Komissiyalarına müraciət etmələrinə ehtiyac yoxdur. Avtomatlaşdırılmış sistem vasitəsilə onların əlillik təyinatının 5 ilədək uzadılması elektron qaydada təmin olunacaq və bu barədə rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzlərinə (müavinət alma müddətinin uzadılması üçün) və Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna (pensiya alma müddətinin uzadılması üçün) məlumat veriləcəkdir.
Qeyd olunanlarla yanaşı, ilkin əlilliyin təyin olunması prosesinə nəzarətin gücləndirilməsi məqsədilə bu sahədə də ciddi dəyişikliklər edilib. Belə ki, yeni, avtomatlaşdırılmış idarəetmə modeli tətbiq olunanadək ilkin əlillik təyinatları barədə qərar zona TSEK-ləri tərəfindən deyil, nazirlikdə yaradılmış, tibbi-sosial ekspertiza mütəxəssislərindən ibarət səyyar komissiyalar tərəfindən həyata keçirilir. Komissiyalar müəyyən olunmuş vaxtlarda və müddətlərdə zona TSEK-lərdə olaraq, ilkin əlillik dərəcəsi almaq üçün müraciət etmiş vətəndaşların əlilliyinin müayinəsini aparırlar. İlkin əlillik üçün zona TSEK-lərinə müraciət edən şəxslərə əlillik müayinələrinin aparılacağı vaxt barədə əvvəlcədən məlumat verilir. Səyyar komissiyalar həmin vaxtda müayinələri aparır və müayinələrin nəticələrinə uyğun olaraq əlillik dərəcəsinin təyin olunub-olunmaması barədə yerindəcə qərar qəbul edir, vətəndaşa müayinənin nəticəsi barədə dərhal rəsmi məlumat təqdim olunur.
Respublikada əlilliyin və sağlamlıq imkanları məhdudluğun müayinəsi ilə bağlı aparılmış bütün müayinələrin nəticələri TSERAS-a daxil edilir. Bu informasiya bazası aparılmış müayinələrin nəticələrinə dair məlumatların aidiyyəti qurumlar arasında elektron şəkildə mübadiləsinə imkan verməklə yanaşı, "Elektron hökumət" portalı üzərindən "Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi" e-xidmətin istifadəyə verilməsinə şərait yaradıb. Əlilliyinin və ya sağlamlıq imkanları məhdudluğunun müayinəsi aparılmış bütün şəxslər portala daxil olaraq həmin e-xidməti seçməklə, aparılmış müayinənin nəticəsinə dair elektron qaydada məlumat ala, habelə bu və ya digər təşkilata təqdim etmək üçün əlilliyini təsdiq edən elektron arayış əldə edə bilərlər. Arayışın təqdim edildiyi təşkilatlar isə bu sənəddəki müvafiq autentifikasiya kodu vasitəsilə "E-Hökumət" portalı üzərindən arayışın dürüstlüyünü yoxlamaq imkanına malikdirlər.
Məsələ ilə bağlı fikirlərini mətbuata açıqlayan Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini - İcra katibi Əli Əhmədov bildirib ki, Azərbaycanda əhalinin təxminən 6 faizə yaxını bu gün əlil və fiziki sağlamlığı məhdud olan insanlar kimi qeydiyyatdan keçib. Azərbaycanda bu kateqoriyaya aid olan 570 min insan var və onlardan 500 mini ya pensiya, ya da əlillik müavinəti alır. Yerdə qalanı isə 18 yaşına çatmamış fiziki qüsurlu vətəndaşlardır. Beləliklə, 500 min insan ya pensiya, ya da əlilliyə görə müavinətlər alır. Əlilliyə görə əmək pensiyası alanların sayı isə 370 min nəfərdir. Belə çıxır ki, Azərbaycanda 1 milyon 300 minə yaxın pensiyaçının 370 mini əlilliyə görə əmək pensiyası alanlardır. Bu, az rəqəm deyil".
Baş nazirin müavini qeyd edib ki, Azərbaycanda mövcud qanunvericiliyə görə əlilliyi olan insanların əmək pensiyasına çıxması üçün çox ciddi güzəştlər var və bu güzəştlərdən də Azərbaycan vətəndaşları istifadə edirlər: "Amma təbiidir ki, narahatedici məqamlar da var. Bu, ondan ibarətdir ki, bəzi hallarda əlilliyə pensiya yaşına çatmazdan əvvəl pensiya hüququ qazanmaq şansı kimi yanaşan insanlar var. Mən bunu çox təəssüf hissi ilə qeyd etmək istəyirəm. Bizim qarşımızda duran ən mühüm vəzifələrdən biri ondan ibarətdir ki, əlillikdən, bu və ya digər səbəbdən fiziki sağlamlığını itirməsi halından sui-istifadə etmək istəyən insanların sayı azaldılsın və yaxud bu cür sui-istifadə hallarının qarşısı alınsın. Hazırda bu istiqamətdə vacib işlər görülür. Bu sahədə atılan addımlardan biri əlillik meyarlarının təkmilləşdirilməsi və şəffaflığın təmin edilməsi ilə bilavasitə əlaqədardır. Güman edirəm ki, yaxın zamanlarda görülən tədbirlər, normativ-hüquqi aktların yeniləşdirilməsi, bəzi qanunvericilik bazasının təkmilləşdirilməsi nəticəsində haqqında söhbət etdiyimiz mənfi məqamlar aradan qalxacaq. Dünya ölkələrinin əksəriyyətində əlilliyə bilavasitə vaxtından tez pensiyaya çıxmaq hüququnun əldə edilməsi şansı kimi baxılması geniş yayılmış praktika deyil".
Cəmiyyətdə əlilliyə münasibət problemini şərh edən Əli Əhmədov deyib: "Çalışmaq lazımdır ki, insanların sağlamlığı özünə qaytarılsın, onlar bütün parametrlərə görə cəmiyyətin tamhüquqlu üzvü olsunlar, işdən ayrılmasınlar, əgər azacıq fiziki qüsurları varsa və yaxud bəzi hallarda müəyyən qədər ciddi qüsurları varsa, onların yenə də müvafiq sahələrdə işləmələri üçün imkanlar yaradılsın. Çox vacibdir ki, insan özünü cəmiyyətdə lazımlı bir vətəndaş kimi dərk etsin və öz imkanlarını cəmiyyətə təqdim edə bilsin. Bu baxımdan, əlilliklə əlaqədar iki əsas və bir-biri ilə sıx bağlı vəzifə həyata keçirilməlidir. Bunlardan birincisi bu və ya digər səbəblərlə əlaqədar fiziki sağlamlığını itirmiş insanların sağlamlığının bərpa edilməsi, ikincisi isə onların sosial təminatının təmin edilməsidir. İnsanın reabilitasiyası yolu ilə sağlam həyata qaytarılması mümkün olmadıqda, yalnız bu halda onun sosial təminatının bütövlükdə dövlətin üzərinə götürülməsi haqqında düşünmək olar. Haqqında söhbət etdiyimiz problemə düzgün yanaşmanı mən belə təsəvvür edirəm. Həyata keçirilən təkmilləşmələrin əsas məqsədi məhz bundan ibarət olmalıdır. Belə sağlam və dəqiq bir mexanizm hazırlandığı halda hesab edirəm ki, əlilliyin həm müəyyən, həm də təyin edilməsi ilə bağlı o qədər də şəffaf olmayan məqamlar varsa, onlar aradan qalxacaq və bu proses də tam şəffaf şəkildə həyata keçiriləcək".
Bir sözlə, Azərbaycanda sosial sahədə daha bir narahatedici sektorda mənfi amillərin aradan qaldırılması üzrə effektiv tədbirlər görülməkdədir. Reallaşdırılan islahatlar tədbiri əlilliyin müəyyən olunması sahəsində neqativ hallara şərait yaradan məmur-vətəndaş təmaslarının əhəmiyyətli şəkildə azaldılmasına, şəffaf tibbi-sosial ekspertiza mühitinin formalaşmasına, əlilliyi olan şəxslərin hər il təkrar əlillik üçün müraciət etmələri səbəbindən onlarda yaranan narazılığın aradan qaldırılmasına yönəlib. Düşünürük ki, bu cür addımlarla hökumət daha sağlam və ədalətli cəmiyyət formalaşdıracaqdır.
"Səs" Analitik Qrupu