PDF Oxu

Araşdırma

  • 2 055

Azərbaycanla NATO arasında əlaqələr genişspektrlidir

image

NATO-nun etibarlı tərəfdaşı kimi ölkəmiz öz səylərini davam etdirməyə və bu tərəfdaşlığı gücləndirməyə hazırdır

Məlum olduğu kimi, iyulun 8-də Polşanın paytaxtı Varşavada NATO-nun Sammiti işə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitin açılışında iştirak edib.

NATO-nun Varşava Sammitində alyansa üzv olan və İSAF proqramına qoşulan tərəfdaş ölkələrdən, BMT, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlardan nümayəndələr iştirak edirdilər.

Azərbaycanın da bu sammitdə iştirakı xüsusi əhəmiyyətilə seçilirdi. Çünki Azərbaycanla NATO arasında qurulan əlaqələr uzun illər öncəyə aiddir. Azərbaycan-NATO ilk təmasların tarixi Azərbaycanın bir sıra Mərkəzi və Şərqi Avropa dövlətləri ilə birlikdə NATO-nun yeni yaradılmış məşvərətçi forumuna - Şimali Atlantika Əməkdaşlıq Şurasına (1997-ci ildən Avro-Atlantik Tərəfdaşlıq Şurası) qoşulduğu 1992-ci ilin mart ayına təsadüf edir. Azərbaycan ilə NATO arasında məzmunlu tərəfdaşlığın əsası isə Ümummilli Lider Heydər Əliyevin 4 may 1994-cü il tarixində Sülh Naminə Tərəfdaşlıq (SNT) Çərçivə Sənədinin imzalanması ilə qoyulub. Məhz o gündən başlayaraq, Azərbaycan NATO ilə səmərəli əlaqələr qurub.

Belə ki, Azərbaycan Sülh Naminə Tərəfdaşlığın prinsiplərinə əsaslanmaqla NATO ilə ortaq maraq kəsb edən geniş spektrli məsələlər üzrə siyasi dialoq aparır. Müxtəlif formatlarda və səviyyələrdə aparılan dialoq çərçivəsində tərəfdaşlıq, regional təhlükəsizlik, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, əməliyyatlarda iştirak, Əfqanıstana töhfə, meydana gələn təhlükəsizlik təhdidləri və s. aktual məsələlər müzakirə olunur, eləcə də praktiki əməkdaşlığın vəziyyətinə qiymət verilir. Qarşılıqlı anlayışa əsaslanan, yüksək səviyyəli siyasi dialoq praktiki əməkdaşlıq sahəsində tərəqqini təşviq edir.

Bununla yanaşı, Azərbaycan Avro-Atlantik məkanda təhlükəsizliyin bölünməzliyi prinsipindən çıxış edərək, BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə sanksiyalaşdırılmış, NATO-nun rəhbərlik etdiyi sülhü dəstəkləmə əməliyyatlarında iştirak edir. Belə ki, Azərbaycan 1999-2008-ci illərdə NATO-nun Serbiyanın Kosovo əyalətindəki əməliyyatında iştirak edib. Həmçinin, 2003-cü ildən Azərbaycan NATO-nun Əfqanıstandakı əməliyyatında iştirak edir.

Azərbaycanla NATO arasında əməkdaşlığının mühüm istiqamətlərindən birini də müdafiə məsələləri təşkil edir ki, Azərbaycanın müdafiə siyasətinin məqsədləri, əsasları və prinsipləri Milli Təhlükəsizlik Konsepsiyasında, habelə həmin konsepsiyanın hərbi təhlükəsizliklə bağlı müddəalarının reallaşdırılmasını və onların inkişafını istiqamətləndirən Hərbi Doktrinada əks olunur.

Azərbaycanın NATO ilə əməkdaşlığında Mülki Fövqəladə Planlama xüsusi yer tutur və son illər bu sahədə əməkdaşlıq genişlənməkdədir. MFP üzrə AATŞ daxilində çoxtərəfli əməkdaşlıq və FTƏP çərçivəsində ikitərəfli fəaliyyət bir-birini qarşılıqlı gücləndirən vasitələrdir.

Müfəssəl xarakterə malik Azərbaycan-NATO tərəfdaşlığı sırf hərbi məsələlər ilə yanaşı elm, təhsil, ekologiya və humanitar məsələləri də əhatə edir.

Azərbaycan hökuməti Avro-Atlantik inteqrasiya strateji məqsədinə, o cümlədən, NATO ilə tərəfdaşlığına ictimaiyyətin dəstəyinin əldə edilməsi məsələsinə böyük əhəmiyyət verir və bu baxımdan ictimai diplomatiya Azərbaycanın NATO ilə praktiki əməkdaşlığında mühüm yer tutur. Meydana gələn təhlükəsizlik çağırışları Azərbaycan və NATO arasında əməkdaşlıq və məsləhətləşmələrin aparıldığı sahələrdən biridir.

Bir sözlə, göründüyü kimi Azərbaycanla NATO arasında əlaqələr genişspektrlidir və Azərbaycan NATO-nun etibarlı tərəfdaşı kimi öz səylərini davam etdirməyə və bu tərəfdaşlığı gücləndirməyə hazırdır.

"Səs" Analitik Qrupu

Digər xəbərlər