Prezident İlham Əliyevin Davosda keçirdiyi görüşlərin sayı və əhəmiyyəti, bir daha isbatlayır ki, Azərbaycan həm siyasi, həm iqtisadi baxımından riskli ölkə deyil, eyni zamanda, investisiya yatırılması üçün əlverişli şəraitə və mənbəyə malikdir
Məlum olduğu kimi, Davosda Dünya İqtisadi Forumunun 47-ci ənənəvi illik toplantısı keçirilib. Dünyanın aparıcı siyasətçilərinin, iş adamlarının, top-menecer və ekspertlərinin iştirak etdiyi forum "Bacarıqlı və məsuliyyətli liderlik" şüarı altında keçirilib. Həmçinin, Davos 50-dən çox dövlət və hökumət başçısını, habelə, aparıcı beynəlxalq korporasiyaların rəhbərlərini qəbul etdi.
Qeyd edək ki, qərargahı Cenevrədə yerləşən DİF ən böyük beynəlxalq qeyri-hökumət təşkilatıdır. Ənənəvi forum İsveçrənin dağ-kurort şəhəri olan Davosda keçirilir. Qeyri-rəsmi adını da elə bu şəhərdən götürüb. Bundan əlavə, DİF müxtəlif ölkələrdə ənənəvi regional və milli zirvə görüşləri təşkil edir. Dünya İqtisadi Forumu 2013-cü il aprelin 7-8-də ilk dəfə Bakıda keçirilib. Bakı Forumu "Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq" mövzusuna həsr edilib.
Qlobal vəziyyətin iqtisadi inkişaf və sosial tərəqqi məsələlərinin həllində dünya birliyinə kömək etmək yolu ilə yaxşılaşdırılması DİF-in başlıca məqsədi elan edilib. Buna görə də, forum qlobal inkişafın mühüm problemlərini müzakirə və həll etmək üçün dünya birliyinin işgüzar, siyasi, intellektual və digər liderləri arasında tərəfdaşlığın inkişafına kömək edir.
Xatırladaq ki, Davos Forumu kimi tanınan Dünya İqtisadi Forumunun əsası alman əsilli isveçrəli iqtisadiyyat professoru Klaus Şvabın 1971-ci ildə avropalı şirkət idarəçiləri ilə birgə təşkil etdiyi kiçik bir toplantıyla qoyulub. İlk dövrlərdə Avropa İdarəetmə Forumu olaraq tanınan forum avropalı iş adamlarının ABŞ-da biznes həyatına uyğunlaşmalarını asanlaşdırmaq və Amerika üsullu kapitalizmin qaydalarını avropalılara öyrətmək məqsədini daşıyan seminarlar silsiləsi idi. Bir müddətdən sonra isə müxtəlif ölkələri təmsil edən çoxsaylı iqtisadçı, biznesmen və siyasətçilərin diqqətini cəlb etməsi forumu əhəmiyyətli dünya məsələlərinin müzakirə edildiyi böyük toplantılar silsiləsinə çevirdi. Forum hər il İsveçrənin Davos şəhərində keçirilir. Məqsəd dövlət və hökumət başçılarını, beynəlxalq təşkilatları, elm adamlarını, nüfuzlu siyasətçiləri, iqtisadçıları, biznesmenləri səmərəli dialoqa və əməkdaşlığa cəlb etmək, onların arasında əlaqə yaratmaq və yaranmış iqtisadi problemlərin birgə aradan qaldırılmasına nail olmaq, bu istiqamətdə müzakirələr aparmaqdır.
Azərbaycanla əməkdaşlıq etmək niyyəti görüşlərin sayından da bəlli idi
Sevindirici haldır ki, Azərbaycan da bu forumda ən yüksək səviyyədə təmsil olunur. Hər il olduğu kimi, bu il də Prezident İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etdi. Dövlətimizin başçısı burada dünyanın ən tanınmış siyasi və iqtisadi elitaların nümayəndələrilə görüşlər keçirdi və Azərbaycanın əməkdaşlığa hazır olduğunu nümayiş etdirdi.
Prezident İlham Əliyev Davosa səfəri çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti, McKinsey şirkətinin qlobal idarəedici tərəfdaşı Dominik Barton, "Procter and Gamble Europe" şirkətinin prezidenti Geri Edrü Kumbe, "Suez Group" şirkətinin baş icraçı direktoru Jan Lui Şasod, İsveçrə Konfederasiyasının Prezidenti xanım Doris Löythard, Böyük Britaniyanın BP şirkətinin baş icraçı direktoru Robert Dadli, Lüksemburqun Baş naziri, dövlət naziri Ksavyer Bettel, Birləşmiş Ərəb Əmirliklərinin "VPS Healthcare" şirkətinin direktoru Şamşir Vayalil, "LafargeHolcim" şirkətlər qrupunun rəhbəri Erik Olsen, CISCO şirkətinin icraçı sədri Con Çambers, "Palantir Technologies" şirkətinin baş icraçı direktoru və təsisçisi Aleks Karp, Səudiyyə Ərəbistanı Krallığının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Al Falih, Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab, Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç, Rusiyanın "LUKOIL" şirkətinin prezidenti Vahid Ələkbərov, "Statoil" şirkətinin baş icraçı direktoru Eldar Saetre, Ukrayna prezidenti Petro Poroşenko, İraq Kürdüstan Regional Hökumətinin başçısı Məsud Bərzani, "Microsoft" şirkətinin ümumdünya dövlət qurumları ilə əlaqələr üzrə korporativ vitse-prezidenti xanım Toni Tauns-Vitley və digərlərilə görüşüb, həmçinin, Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvabın adından Dünya İqtisadi Forumunda on dəfədən artıq iştirak edən rəhbər şəxslər üçün qəbulda və "İpək Yolunun səmərəsi" adlı interaktiv iclasında iştirak edib.
Bir sözlə, bu qədər səmərəli görüşlərin keçirilməsi, əlbəttə ki, Azərbaycana olan maraqdan irəli gəlir. Məhz forum çərçivəsində gedən müzakirələrin nəticələri bir daha Azərbaycanın uğurlarının və inkişafının göstəricisi olduğunu isbatlayır. Bir daha vurğulamaq yerinə düşər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda bu qədər görüşlər keçirməsi və sessiyalarda iştirak etməsi Azərbaycana olan maraqdan irəli gəlir. Çünki Azərbaycan həm siyasi, həm iqtisadi baxımından riskli ölkə deyil, eyni zamanda, investisiya yatırılması üçün əlverişli şəraitə və mənbəyə malikdir.
Azərbaycana sərmayə yatırmaq təhlükəsiz və gəlirlidir
Azərbaycanda investisiyalar üçün əlverişli biznes mühitinin yaradılması, sahibkarlıq subyektlərinin qeydiyyat prosesinin təkmilləşdirilməsi, əcnəbi sərmayəçilər üçün hökumət tərəfindən əlverişli sərmayə imkanlarının təmin edilməsi, eləcə də, digər tədbirlərin intensiv xarakter alması dünyanın iri investorlarının diqqətini cəlb etməkdədir. Azərbaycanın bu cür üstünlükləri həm də beynəlxalq təşkilatların rəylərində də özünü göstərir. Həmçinin, son dövrlər ən nüfuzlu beynəlxalq maliyyə və reytinq təşkilatlarının hesabatlarından da göründüyü kimi, respublikamızda azad bazar prinsiplərinin və investisiyalar üçün rəqabət qabiliyyətli biznes iqliminin təmin edilməsi təqdir olunan başlıca elementlərdəndir. Çünki Prezident İlham Əliyev biznes mühitini təkmilləşdirmək, iqtisadi diversifikasiyaya şərait yaratmaq və məşğulluğu artırmaq məqsədilə hələ 30 aprel 2007-ci ildə Sərəncam imzalayaraq, müvafiq dövlət qurumlarına zəruri addımların atılması üçün tapşırıqlar vermişdi. Əsas məqsəd biznesin qeydiyyatı sistemini yaxşılaşdırmaq və sahibkarlıq bölməsində fəaliyyət üçün tələb olunan prosedurları sadələşdirməkdən ibarət idi. Bundan sonra hökumət islahatların aparılması üçün strateji istiqamətləri müəyyənləşdirdi, diversifikasiya və davamlılığa əsaslanan tədbirlər görüldü. Qısa müddətdə müəssisələrin qeydiyyatının aparılması, lisenziyalaşdırma və icazələr sisteminin, vergi sənədlərinin təqdim olunması, əmlakın qeydiyyatı, kreditdən istifadə, işçi qüvvəsinin və investorların müdafiəsi sahələrində təkmilləşdirmələr həyata keçirildi. Məhz ötən müddət ərzində Milli Məclisdə müxtəlif qanunarın qəbul edilməsi və hökumət tərəfindən qəraraların verilməsi biznes mühitini daha da şəffaflaşdırdı. Bu sektora yatırılan sərmayələr isə ildən-ilə artmağa başladı. Prezident İlham Əliyev "Mən bütün sahibkarları əmin etmək istəyirəm ki, hökumət sahibkarlığın inkişafına bütün mümkün yardımı göstərəcək. Onların sərmayələri ölkənin bütün guşələrində etibarlı müdafiə olunacaq" deyərək, biznes sektorunun tam təhlükəsiz şəkildə fəaliyyət göstərdiyinə işarə edirdi.
Eyni zamanda, ölkəmizdə sahibkarlıq sektoruna, biznes mühitinə bütün şərait yaradılıb. Elə, son illər ərzində Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara güzəştli şərtlərlə milyonlarla manat kreditin verilməsi göstərir ki, bu sektorun inkişafı Azərbaycan dövlətinin prioritetidir. Məhz bu göstərilən səbəblərdəndir ki, Azərbaycan investisiya yatırılma baxımından dünyanın ən iri şirkətlərinin diqqətini cəlb edir.
"Azərbaycanın 2017-ci il üçün iqtisadi prioritetləri"
Qeyd edək ki, yanvarın 12-də Davos İqtisadi Forumunun rəsmi saytında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycanın 2017-ci il üçün iqtisadi prioritetləri" sərlövhəli məqaləsi də verilib. Məqələdə bildirilirdi ki, Son illər ölkə həyatının bütün sahələrində reallaşdırılan məqsədyönlü tədbirlər öz uğurlu nəticələrini verib: "İqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən, enerji sahəsində qlobal əhəmiyyətli layihələrin icrası ölkəmizin imkanlarını artırmaqla yanaşı, regional və beynəlxalq əməkdaşlığın inkişafı işinə də xidmət edir. Bu baxımdan Azərbaycanın təşəbbüsü və liderliyi ilə icra olunan "Cənub Qaz Dəhlizi" layihəsi Azərbaycan qazını Avropa bazarlarına çatdırmaqla Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə də öz dəyərli töhfəsini verəcək. Layihə çərçivəsində "Şahdəniz-2" qaz-kondensat yatağının işlənməsi üzrə işlərin 87 faizi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi üzrə işlərin 72 faizi, Trans-Anadolu Boru Kəmərinin (TANAP) inşası üzrə işlərin 60 faizi, Trans-Adriatik Boru Kəmərinin (TAP) inşası üzrə işlərin 30 faizi icra edilib. Qeyd etmək lazımdır ki, "Şahdəniz" yatağı təsdiq edilmiş qaz ehtiyatı ən azı 1,2 trilyon kubmetr olan dünyanın ən böyük qaz yataqlarından biridir".
Prezident İlham Əliyev yazır ki, sənayenin inkişafı məqsədilə sənaye parklarının və zonalarının yaradılması işləri aparılmaqdadır: "2018-ci ildə Sumqayıt Kimya Sənaye Parkında investisiya dəyəri 2 milyard ABŞ dollarına yaxın olan bir neçə sənaye müəssisəsi açılacaq. Pambıq, tütün, fındıq, çay, barama və digər ixracyönümlü məhsulların istehsalı artırılacaq, bir neçə aqropark və iri fermer təsərrüfatlarının yaradılması davam etdiriləcək. İnformasiya sektorunun inkişafı məqsədilə xidmətlərin keyfiyyətinin, ölkənin tranzit informasiya dəhlizi potensialının artırılması davam etdiriləcək".
Dövlətimizin başçısı deyib ki, 2017-ci il Azərbaycan iqtisadiyyatının inkişaf ili olacaq: "Biz səmərəli iqtisadi islahatların həyata keçirilməsini davam etdirəcəyik. Eyni zamanda, sosialyönümlü təşəbbüslərin maliyyələşdirilməsini artıracağıq. İqtisadiyyatın şaxələndirilməsi işi, demək olar ki, başa çatmaqdadır. Hazırda ölkəmizin ümumi daxili məhsulunun 70 faizi qeyri-neft sektorunun payına düşür. Bu gün bizim qarşımızda duran əsas məqsəd ixracın şaxələndirilməsidir. 2016-cı ildə atdığımız addımlar bu məqsədə nail olunması işinə xidmət edəcək. Azərbaycan artıq Dünya İqtisadi Forumunun Qlobal Rəqabət Qabiliyyətliliyi İndeksinə görə 37-ci yerdədir (MDB ölkələri sırasında 1-ci yerdə) və biz bu uğuru daha da möhkəmləndirmək əzmindəyik".
Bir sözlə, Davos Forumu çərçivəsində keçirilən bütün görüşlər dünyanın siyasi və iqtisadi elitasının dövlətimizə olan marağını ortaya qoydu və bu fakt bir daha son dövrlər ərzində sürətlə inkişaf edən Azərbaycanın planet ölkələri üçün dinamizm və dayanıqlılıq nümunəsinə çevrilməsi sübuta yetirir.
Beləliklə də, keçirilən 47-ci Davos Forumu bir çox cəhətdən - həm qlobal, həm də regional müstəvidə, eyni zamanda, Azərbaycanın maraqları baxımından ciddi müzakirələr və qərarlarla tarixə düşür. Forumda Azərbaycanın dünya iqtisadiyyatının ən sürətli inkişaf edən tərkib hissəsi kimi təqdim edilməsi və nümunə göstərilməsi aktuallıq kəsb etdi. Bu da, onu göstərir ki, hazırda Azərbaycan dünyada ciddi bir dövlət kimi qəbul edilməkdədir.
"Səs" Analitik Qrupu