PDF Oxu

Araşdırma

  • 2 914

Azərbaycan müsəlman ölkələri arasında həmrəyliyə xüsusi əhəmiyyət verir

image

Prezident İlham Əliyev: "Biz sülh, mərhəmət, dözümlülük və ədalət dini olan islamın dəyərlərinin təşviqini davam etdirməliyik"

Sirr deyil ki, Azərbaycan tarixən islam dininə, mədəniyyətinə mənsub ölkədir. İslam ölkəmizə 1400 il bundan öncə gəlib, burada dərin kök salaraq, insanların davranışına, mənəviyyat və mədəniyyətinə təsir edib. Bu gün dünyada ən geniş yayılmış dinlərdən biri olan islam öz mənəvi dəyərləri, əxlaq və hüquq normaları, universallığı ilə seçilir və bu dini qəbul edənlərin sayı artır, insanlarda sağlam düşüncə tərzini formalaşdıran islami dəyərlərə etimad və etiqad göstərənlərin sıraları genişlənir.

Sovetlər İttifaqı dövründə təhdid və təzyiqlərə məruz qalan islami dəyərləri, milli ideologiyamızın əsasını təşkil edən adət-ənənələri xalqımız qoruyub saxlaya bilib. Dinə mənfi münasibət 70 illik SSRİ dövründə özünü həmişə bu və ya digər formada büruzə verirdi. İslama qarşı bolşevizmin yeritdiyi radikal siyasət onunla nəticələndi ki, 1930-cu illərin sonlarında Azərbaycanda din xadimləri repressiyalara məruz qaldılar, məscidlər dağıdılaraq başqa məqsədlər üçün istifadə olundu. Bu dövrdə ölkə üzrə cəmi 20 məscidin formal fəaliyyət göstərməsi də deyilənləri təsdiqləyirdi.

Sovet İttifaqının dağılması ilə Azərbaycan xalqı öz müstəqilliyini yenidən bərpa etmək və dövlətçiliyini inkişaf etdirərək möhkəmləndirmək üçün tarixi fürsət qazandı. Müasir müstəqil Azərbaycanın memarı və qurucusu olan Ümummilli Lider Heydər Əliyev bütün sahələrdə olduğu kimi, milli adət-ənənələrimizin qorunmasını da daim diqqətdə saxlayırdı. Məhz onun göstərişi ilə əvvəllər dağıdılmış məscidlər bərpa olundu, insanların islama olan etiqadı, milli təfəkkürün formalaşması üçün sərbəst şərait yaradıldı. 21 iyun 2001-ci il tarixli Fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması da Ulu Öndərin bu istiqamətdə atdığı önəmli addımlardan biri idi.

Hazırda Azərbaycan müxtəlif millətlərə və dinlərə məxsus insanların birgə mehriban yaşadığı bir ölkə, Qərblə islam dünyası arasında bir körpü olaraq, mədəniyyətlər və sivilizasiyalararası dialoqa böyük önəm verməkdədir. Bu gün Azərbaycan qitələrarası dostluq, əməkdaşlıq, dialoq məkanına çevrilib. 2010-cu ildə ölkədə dünya dini liderlərinin Bakı sammiti keçirildi. 2009-cu ildə İslam Konfransı Təşkilatına üzv olan ölkələrin və həm də Avropa dövlətlərinin mədəniyyət nazirlərinin toplantısı keçirildi. 2008-ci ildə bütün qitələri əhatə edən beynəlxalq qadın konfransı təşkil olundu və mədəniyyətlərarası dialoqda qadınların roluna dair Bakı Bəyannaməsi qəbul edildi.

Azərbaycan Respublikasında müxtəlif dini konfessiyalar fəaliyyət göstərsə də islam dini üstün mövqe tutur. Ölkədə 1300 məscid, 500-dək pir və ziyarətgah fəaliyyət göstərir. Azərbaycan tarixi keçmişi, dini, mədəni və mənəvi dəyərləri ilə islam dünyasının ayrılmaz hissəsidir. Bu gün Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının, İSESCO-nun, həmçinin, müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü kimi müsəlman aləmi ilə qarşılıqlı münasibətlərini uğurla davam etdirir. Ötən il aprelin 14-də Prezident İlham Əliyev İstanbulda İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitinin birinci sessiyasında çıxışında bildirdi ki, Azərbaycan islam ölkələri ilə əməkdaşlığı prioritet hesab edir. "Azərbaycan mütəmadi olaraq mədəniyyətlər və dinlərarası dialoqa öz töhfəsini verir... 2017-ci ildə IV İslam Həmrəylik Oyunları Bakıda keçiriləcəkdir. Bu münasibətlə mən sizin hamınızı bu oyunları seyr etmək üçün Bakıya dəvət edirəm. İnanıram ki, bu tədbir islam aləmində sülhün və həmrəyliyin möhkəmlənməsinə xidmət edəcəkdir" söyləyən Prezident İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli" elan edilməsi müsəlman dövlətlərinin birlik və həmrəyliyinin daha da möhkəmlənməsi baxımından əhəmiyyətlidir.

Ötən illərdə bu istiqamətdə həyata keçirilən tədbirlər də bu birliyin bariz nümunəsi idi. 2009-cu ildə Bakının "İslam Mədəniyyətinin Paytaxtı" elan olunması Azərbaycanın islam ölkələri arasında artan nüfuzunun ifadəsi idi. 2018-ci ildə isə Naxçıvanın "İslam Mədəniyyətinin Paytaxtı" elan olunması ilə Şərq ölkələri ilə əməkdaşlığın yeni səhifələri yazılacaq. IV İslam Həmrəyliyi Oyunlarının bu il Bakı şəhərində keçirilməsi, tolerant ölkə olan Azərbaycanın daha yaxından tanınması və idmanın inkişafı sahəsində qazandığı uğurların dünya ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyətli dostluq, qardaşlıq bayramına çevriləcək.

Göründüyü kimi, Azərbaycanda din dövlətdən ayrı olsa da, dini dəyərlərə hörmətlə yanaşılır. Eyni zamanda, islam dünyasının birliyini möhkəmləndirmək, islamofobiya dairələrinin fəaliyyətini ifşa etmək və həmrəylik ideyalarını təbliğ etmək əsas istiqamət kimi müəyyənləşdirilib. Elə bunun nəticəsidir ki, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələr Azərbaycan Prezidenti İlham Əliyevin islam həmrəyliyi təşəbbüsünü yüksək qiymətləndirirlər. Pakistan İslam Respublikasının paytaxtı İslamabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XIII Sammitinin yekun Bəyannaməsində 2017-ci ilin Prezident İlham Əliyev tərəfindən Azərbaycanda "İslam Həmrəyliyi İli" elan edilməsi məsələsi də yer alıb. Bəyannamədə deyilir ki, üzv ölkələr Azərbaycan Respublikasının müsəlman ölkələri arasında İslam həmrəyliyinin təşviqi və gücləndirilməsi istiqamətində səylərini dəstəkləyirlər. Bu baxımdan, 2017-ci ilin Azərbaycan Respublikasının Prezidenti tərəfindən ölkədə "İslam Həmrəyliyi İli" elan edilməsi yüksək qiymətləndirilir. Bəyannamədə üzv ölkələr "İslam Həmrəyliyi İli" çərçivəsində təşkil ediləcək tədbirlərdə, o cümlədən, Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında və IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda fəal iştirak etməyə çağırılır.

Təsadüfi deyildir ki, İqtisadi Əməkdaşlıq Təşkilatının XIII Sammitində çıxışı zamanı Prezident İlham Əliyev bildirib ki, Azərbaycan müsəlman ölkələri arasında həmrəyliyə xüsusi əhəmiyyət verir: "Azərbaycan 2017-ci ili "İslam Həmrəyliyi İli" elan etmişdir. İki aydan sonra Bakı IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcəkdir. Bu gün islamofobiya dünyada ən ciddi təhlükələrdən biridir. Biz bu tendensiyanı qəti şəkildə pisləyirik. İslamı terrorla əlaqələndirmək yanlış və qərəzli yanaşmadır. Terrordan ən çox əziyyət çəkən, məhz müsəlman dövlətləridir. Biz sülh, mərhəmət, dözümlülük və ədalət dini olan islamın dəyərlərinin təşviqini davam etdirməliyik".

"Səs" Analitik Qrupu

Digər xəbərlər