Köşə

  • 3 017

Və insan doğuldu...

image

Lalə Mehralı

İnkişaf, tərəqqi, yeniliklər qorxudub məni həmişə. İnsan övladının etdiyi hər yeni ixtira sona daha çox yaxınlaşdığımızı hiss etdirir mənə. İnternet, süni intellekt, robot qadınlar, süni insan fabriki hazırlıqları ilə insan övladı hədələyir dünyanı.

Dünyaya, kainata, Tanrıya aid sirlər açılır bir-bir.

İnsan Yaradana meydan oxuyur.

Bəlkə öz yaratdığına verdiyi qüdrət üçün çoxdan peşman olub o da.

Bəlkə də doğulduğu üçün insan da peşman olacaq nə vaxtsa.

Hər şey olub bitdikdən sonra, son yaxınlaşdığı zaman...

Daha hər şey edə bilir insan.

Uça bilir, göyün yeddinci qatında, suyun altında yaşaya bilir, Ayı, ulduzları fəth edə bilir, atomu parçalayır, torpaqdan, küləkdən enerji düzəldir, minlərlə kilometr uzaqlığa görüntü, səs göndərə bilir, dünyanın hər yerini canlı izləyə bilir, hərəkət edən, ağlı-şüuru, dərrakəsi olan robotlar düzəldə bilir. Bir az da irəli gedərək insan düzəltmək üçün araşdırmalara başlayıb insan.

Açdığı hər sirrə görə yaradana daha çox yaxınlaşır, bildiyi hər şeyə görə dünyanın sonuna doğru gedir.

Allahlıq etmək istəyir insan.

Bu potensialı görür özündə.

Əslində, bildiyimizi bilmədiyimiz çox cövhər var içimizdə.

Bildiyimizin fərqinə vardığımız günü düşündükcə ətim ürpəşir.

Bir gün öləcəyini bilə-bilə heç vaxt ölməyəcəkmiş kimi yaşayır insan.

Bir həqiqəti bilib etinasızcasına kənara itələmək cəsarətdir, ya ağılsızlıq?

Normalda ölüm qorxusu ilə yaşamaq istəyi bir-birinə yoldaşdır.

Biri, digəri olmadan zehnində yer eləmir insanın.

Ən çətin anımızda, ölməyi arzuladığımız vəziyyətlərdə belə yaşamaq istəyi həmişə üstün gəlir.

Yaşamaq istəyimizin ən dolu, ən güclü olduğu zamanımızda belə ölüm qorxusu hiss etmişik mütləq, boyun-boğazımızda soyuq nəfəsi dolaşıb nə vaxtsa.

Fikrimcə, bəzilərimizin içindəki qaranlığın ölüm qorxusunun böyüklüyü, bəzilərimizin içindəki işığın yaşamaq istəyinin çoxluğu ilə bir əlaqəsi var.

Məncə, əksinə olmalıdır.

Axı yaşamağın bir sonu, ölümün isə sonsuzluğu var.

İnsan sonu olan şeylərdən qorxmaq yerinə, sonu olmayan şeyləri sevsə daha xürrəm olmazmı?

Məncə, bunu dərk etsə ölməyə də tələsər insan.

Zehni, dərrakəsi süni insan yarada biləcək qədər inkişaf edən insan övladının öləcəyini bildiyi halda ölümə inanmaması da bir ayrı müəmma deyilmi?

Bəlkə də ölməyəcəyinə olan inam həyatda saxlayır insanı.

Əgər bir gün yaşamağa dair ümidlərini itirsə sona doğru daha çox yaxınlaşar.

Ümid ən sonda da ölmür. Ümid həmişə yaşayır.

Ümid əbədiyaşardır məncə.

Ümid də nəfəs alır, gəzir, düşünür.

Ölümcül xəstələrinin xoş sözlərlə ömrünü uzadan həkimlər ümiddir məsələn.

İnam insan üçün yeməkdir, sudur, havadır.

İnam sonsuzluğa inandırır insanı, ümid sonsuzluğun olma ehtimalına.

İçindəki qaranlığa qalib gələnlər ölümə də qalib gəlir əslində.

İçinizdəki qaranlıqdan qorxmayın. Orda günah, ayıb bildiklərinizlə yanaşı insanın qüdrəti, gücü də gizlənib.

Tutun əlindən, azadlığa çıxarın.

Dünya o vaxt yaşanılası halda olmaz ki içimizdəki qaranlıqlar böyüsün, gücümüz, ümidimiz o qaranlıqda gizlənsin.

Yaradanın içinizdəki surətini çıxarın, “həqq məndədir” deyimini xatırlayın.

İnam, ümid, sevgi, mərhəmət – içinizdə nə varsa onunla birlikdə çıxacaq.

Dünyamız yalnız belə-belə gözəlləşəcək.

Qaranlıqlarda boğmayın insanlığı.

Digər xəbərlər