PDF Oxu

Köşə

  • 6 117

Küçədən yığılan milyonlar – KÜNCDƏN BAXIŞ

image

Elçin Bayramlı

Əgər sizin işiniz gün ərzində şəhərin müxtəlif yerlərinə baş çəkməkdən ibarətdirsə, o zaman halınız fənadır. Hər dəfə bir neçə dəqiqəlik dayananda- mağazadan su almaq, evdən nəsə götürmək üçün avtomobilinizi bir neçə dəqiqəlik küçədə saxlayıb qayıdanda gərək cibinizdə xeyli pulunuz olsun. Çünki hər dəfə “ərəbzəngilər” başınızın üstünü kəsdirəcəklər ki, “pul ver”. Tələb olunan pul da nə az, nə çox düz 1 manatdır.

Şəhərin mərkəzində işləyənlərin çoxu avtomobillərini saatı 1 manatdan yeraltı qarajda saxlamağa məcburdurlar ki, bunun da aylıq xərci minimum əməkhaqqından çoxdur. Bu, bazar iqtisadiyyatının gətirdiyi yenilik, daha doğrusu, problemdir. İnsanlar şəxsi avtomaşınlarını dayandırmaq üçün pul ödəməlidirlər. Bəs bu pullar hansı əsasla yığılır, məbləğ necə müəyyənləşir, vəsaitlər hara gedir?

İndi şəhərin az qala bütün küçələrinin kənarları zəbt edilib, pullu dayanacağa çevrilib. Bunların bir çoxunda dayanacaq pulunu qanuni faliyyət göstərən işçilər yığsa da, bəzilərində qoluna qırmızı lent bağlanmış, amma üzərində heç bir sənəd olmayan adamlar sürücülərdən pul yığır. Hətta bir çox yerlərdə, səkilərin üstündə maşın dayanacağı açıblar ki, nəticədə piyadalar maşın yolu ilə getməli olurlar.

Bu vəziyyətdən həm piyadalar, həm də sürücülər narazıdırlar. Sürücülərdən biri belə deyir: “Şəhərin hər yerini pullu dayanacaq ediblər, bəlkə mən maşınla gedirəm, pulum, ya da benzimin də qurtarıb, indi neyləyim, maşını göydə saxlayım? Öz şəhərimdə öz maşınımla gəzmək, maşınımı haradasa dayandırmaq üçün niyə kiməsə pul verməliyəm? Kimsə qoluna qırmızı lent bağlayıb gəlib yolun kənarında sürücülərdən pul yığır, heç kim də soruşmur ki, hanı sənin sənədlərin, nə əsasla pul yığırsan?”

Əksər küçələrdə əynində uniforma olan dayanacaq nəzarətçiləri fəaliyyət göstərir, amma sürücülərə çek vermirlər. Bu barədə soruşanda deyirlər ki, onlara çek vuran aparat təqdim edilməyib. Əksəriyyəti konkret işlədiyi idarənin adını, pulun hara çatdığını bilmir.

Bu pulyığanların dediyinə görə, dayanacaqların çoxu qanuni deyil, hərəsinin öz qeyri-rəsmi sahibi var. Onlara plan qoyulur və hər axşam gəlib pulu aparırlar. Nəzarətçilər gündə təxminən 15-20 manat qazandıqlarını deyirlər.

Bir sözlə, bir neçə saat müxtəlif dayanacaqlarda müşahidə aparmaq kifayətdir ki, milyonlarla pulun dövlət büdcəsinə çatmalı olduğu halda, başqa yerlərə getdiyinin şahidi olasan. Çünki heç bir çekdən, kassa aparatından söhbət belə gedə bilməz.

Rəsmi məlumata görə, Azərbaycanda 1,5 milyondan artıq avtomobil qeydiyyatdadır ki, onun da təxminən 1 milyonu paytaxtdadır. Gün ərzində bu maşınların heç olmasa yarısının bircə dəfə dayanacaqda saxlanması şəraitində təxminən nə qədər pul yığıldığını aydınlaşdırmaq olar. 500 min maşın sahibinin gündə 1 manat ödədiyi halda gündəlik 500 min, ayda 15 milyon, ildə 180 milyon manat vəsait toplanır.

Nəzərə alsaq ki, gün ərzində parklamaların sayı bundan 2 dəfə çox ola bilər, o zaman söhbətin daha iri məbləğdən gedə biləcəyi aydın olur. Yığılan vəsaitin heç olmasa yarısı yeraltı dayanacaqlar tikilməsinə sərf olunsaydı, şəhərdə tıxac probleminin həllinə xeyli kömək olardı. Lakin, bu pulun azı 90 faizinin şəxsi ciblərə getməsi şəraitində bundan söhbət belə gedə bilməz.

Nazirlər Kabinetinin "Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği"nin təsdiq edilməsi barədə son qərarına görə, paytaxt ərazisi zonalara bölünüb və zonaya uyğun vahid parklama qiymətləri olacaq. Bu, bir tərəfdən bu sahədə qayda yaradılmasına gətirəcəksə də, digər tərəfdən vətəndaşların xərcini artıracaq. İndiyədək heç olmasa bəzi yerlərdə maşınlarını pulsuz saxlaya bilərdilərsə, bundan sonra bu, mümkün olmayacaq. Gün ərzində şəhərdə bir neçə yerdə işi olan maşın sahibləri maaşlarının yarısını parklamaya ödəməli olacaqlar. Hesab edirik ki, şəhərdəki dayanacaq yerlərinin ən azı yarısı pulsuz olmalıdır. Dünyanın bütün böyük şəhərlərində belədir.

Digər xəbərlər