Dəli, deyərəm, birdən ağlınıza Koroğlunun dəliləri gələr ha. Axı Koroğlu rəhmətlik igidlərinə dəli deyirdi. Nəbadə, nəbadə, nəbadə, ürəyinizə igid sözü əsla gəlməsin.
Mən bu dəli sözünün o biri mənasından- hansı ki AXCP, “Müsavat” və “Milli şura”nın cəm olduğu dəli yığnağından bəhs edirəm. Həm də dəli yığnağı deyirəm ey, ay qardaş, bunlar ki, bir yerə yığılıb yığnaq oldular, ağız deyəni qulaq eşitmir ki...
Heç özləri bilir ki, nə danışırlar, danışdıqlarını məndən soruşursunuz? Mən nə bilim? Onları başa düşmək üçün tarixi-nadiri oxuyub başa çıxmaq lazımdır ki, buna hələ hövsələsi çatan adam olmayıb. Bir də ki, oturub özünə əziyyət verib oxumaq nəyə gərək? Bir azca düşünəndə ki, axı bu əziyyətə dəyər, əsla dəyməz. O kitab ki, bu yığnağı anlamaq üçün oxunacaq, lənət o kitaba. Dəyməz, vallah, dəyməz. Çün ki oxusan da onlardan bir şey anlamağın əbəsdir.
Biri fars dilində danışır, biri erməni dilində, biri fransız dilində. Yığnaqdan, vallah, elə qarışıq səslər gəlir, heç özləri bir-birini anlayır ki?.. Biri fars mollası kimi səhərdən axşama moizə deyir. Biri erməni keşişi kimi Xaçaturyandı, nədi, onun halına ağlayır. O biri fransızsayağı bacılığa çağırır, amma ətrafdakı səs onu eşitməyə izn vermir.
Dəli yığnağı da, açıqca dəli yığnağı. Gözlü olsun, görməsin. Görsə, deyəcək axı bura Azərbaycandır, bu dildə niyə bircə kəlmə danışan yoxdur bunların arasında? Axı bu torpağın üzərində bərqərardır bu yığnaq. Yaxşı ki, görən yoxdur. Elə özləri yığılır, özləri dağılır, özləri danışır, özləri eşidir.
Bunları görən tək Molla Xaçatur Makaron adlı bir qoca kişidir, yığnağın çay verənidir. Bu kişi orda-burda hərdən ağzından söz qaçırır, qulağımıza çatır. Həmin o kişidən savayı onları kim görür, kim eşidir, kim dinləyir axı. Kişinin də adını çəkdim, bilsələr, Allah bilir, başına nə oyun gətirəcəklər. Barı heç kim Molla Xaçatur Makaron adını dilinə gətirməsin.
Hə, o gün kişi deyirmiş ki, yığnaq yaman qarışıbmış. Yenə ağız deyəni qulaq eşitmirmiş. Deyir qulağıma dəyən ermənilərin humanitar yardım alması üçün AXCP-nin hıçqırtı ilə ağlaması, “Müsavat”ın “erməni soyqırımı”nı xatırlayıb hönkürməsi, “Milli Şura”nın bir-birinə qarışan üzvlərinin isə fars mollaları ilə başa düşülməyən telefon danışıqları idi.
Kişi deyir ki, vallah, bunlar dəlidirlər. Mən də deyirəm ki, ay kişi, dəli sözünü ağzına alma, səhv anlayarlar səni. Deyərlər bəlkə igiddən-zaddan danışırsan. Bunların igidliyini-filanını görən olmayıb. Hə, igidlərimizi ölümə göndərdiklərini de, deyim ki, əla. İllər əvvəl torpaq satıb minlərlə igidimiz üçün hazırladıqları ölümü de, deyim, hə. Düz iki müharibəyə səbəb oldular. İkisində də minlərlə igidimiz şəhid, qazi oldu.
Onda Azərbaycan dilində yenə danışa bilirdilər bir-iki kəlmə. İndi o da yaddan çıxıb. Erməni, fars, fransız dilində zayıllayırlar, nə yanlarına gedib eşidən var, nə də məhəl qoyan.
Çün ki ta bunlara hamı dəli kimi baxır. Hə, axı sevdasına çatmayan da dəli olur. Bir qızı sevib ona çata bilməyən dəli kimi. Heç hənanın yeridirmi, deyirsinizsə, hə yeridir. Bunlar da taxta çıxmağın qara sevdası ilə dəli olublar da.
Hə, bu dəli yığnağı ki var, məsləhəti-tövsiyə budur ki, qoy danışsınlar, fikir verməyin. Deyir, dərdli deyingən, danışqan olar. Amma çox təəssüf ki, bunların dərdinə bu ölkəyi-diyarda nə əlac, nə dava, nə də ki dərman var. Bu səbəbdən də hələ bu dəli yığnağında nələr görüləcək, onu da Allah-təala bilir...
Mətanət Məmmədova