Əvvəl gözlərimə inanmadım, lakin diqqət edəndən sonra... Muştuluğumu verin, metroda qatarın mən olduğum vaqonunda bir yox, iki nəfər kitab oxuyurdu. Şükürlər etdim. Və bu mənzərə qarşısında getdim o illərə...
Bəzən kitab oxuduğumuz o illərin o unudulmaz günlərini elə həsrətlə xatırlayıram ki... Nə qədər kitab oxuyurdıq, İlahi... Günlərimiz kitabxanalarda keçirdi. İki gündən, üç gündən bir kitab alıb evə gətirirdik. Bizə hansısa bir iş tapşıran valideynlərimizdən oğurlanıb mütaliə edirdik. Dərslərimizi hazırladıqmı, işimiz gizlində-aşkarda, orada-burada ancaq kitab oxumaq olurdu. Kitablar da o qədər maraqlı idi ki, bitirmədən gözümüzə yuxu getmirdi. Dəfələrlə “Ay bala, o işığı söndürün, yatın, ta gecdir”,-deyən ata-anamıza hər dəfə “Yaxşı, indicə söndürürük”,-deyərək gecə yarısı kitabı bitirib, sabah yenə kitabxanaya gedir, yeni kitablar alırdıq. Desəm ki, kitabxanalarda ta oxunmamış kitab qoymamışdıq qala, ucadan gülənlər olacaq. Qoy olsun. Ancaq, vallah, belə idi.
Bir də ki, bizim dünənimizə kimsə gülərsə, biz nə yaxşı onun bu gününə gülməyək?.. Biz gözümüzü kitabdan ayırmırdıq, onlar telefondan ayırmır. Bizə “Ay bala, bu qədər kitab gözlərinizi kor edəcək” deyirdilər, onlara “bu telefonlar gözünüzü kor edəcək” deyirlər. O vaxt əksəriyyət başı aşağı kitab oxuyurdu, indi haradayıqsa- evdə, küçədə, nəqliyyatda, orada əksəriyyətin başı aşağı, gözü telefondadır. Yaxşı, biz kitab oxuyurduq, bəs onlar nə edir başı aşağı? Vallah, düzü, bilmirəm günün bu qədər saatını orada nə axtarırlar. Ancaq həqiqətən çox maraqlıdır nə axtardıqları. Axşamadək barmaqlar bir saniyə dincəlmir: axtarır, yazır, pozur... Bircə onu bilirəm ki, barmaqlar nə qədər işləyirsə, beyin bir o qədər yorğun düşür. Lakin kitab oxuyarkən beyin dincəlir, zehin açılır.
Mətləbdən uzaqlaşmayaq. Metroda son vaxtlar görmədim mənzərə, eyni vaqonda iki nəfəri kitab oxuması məni o qədər heyrətləndirdi ki, tanış adam axtarırdım ki, bu münasibətlə ondan muştuluq istəyim. Lakin tapa bilmədim və yenidən xəyala daldım: o vaxtlar elə bu metroda kitab oxuyanlar çox idi. Nə oldu görəsən, niyə kitablar qatlanıb bir kənara atıldı? Bir andaca kitabların o möhtəşəm ətri gəldi burnuma. Harada qaldığımızı bəlli etmək üçün qatladığımız səhifələr... Saxlanc yerimiz olan səhifələr... Orada saxladığımız şəkillər, quruyub səhifələrin arasında özünə yer edən xatirələr dolu güllər... Bəlkə indi də hansısa kitabxanada kitabların arasındaca qalır onlar. Kitabxanalarda digər “yaşayanlar” kimi.
Görəsən niyə kitabları telefonlara dəyişdik? Telefonlar da o kitablar kimi saxlanc yeri ola biləcəkmi? Yəni içindəki minlərlə şəkilləri, xatirələri əbədi saxlaya biləcəkmi? Yoxsa bir an internet itərsə, şəkillər də, xatirələr də itəcəkdir. Ən əsası isə görəsən kitabların insana verdiklərini 100 il bundan sonra telefonlar verə bilərmi?
Elə bu düşüncələrlə o illərlə bu illər arasında var-gəl edərkən qatar stansiyaya çatdı, gənclər kitablarını çantalarına qoyub ayağa qalxdılar. Bu, çox gözəl bir mənzərə idi. Çox qısa çəksə də, həqiqətən, gözəl mənzərə...
Mətanət Məmmədova