PDF Oxu

Köşə

  • 5 719

Aqrar istehsal həcmi potensiala adekvat deyil: Səbəblər və çıxış yolları - ANALİZ

image

Elçin Bayramlı

Azərbaycanda iqtisadiyyatın diversifikasiya edilməsi məqsədilə qeyri-neft sektorunun inkişafı hökumət tərəfindən əsas prioritet elan edilib. Bu məqsədlə bir sıra sahələrə, o cümlədən aqrar sektora maliyyə dəstəyinin verilməsi üçün bəzi addımlar atılıb. Kiçik və orta sahibkarlığın inkişafına yardım üçün güzəştli kreditlərin və subsidiyaların verilməsi təşkil olunub. Fermerlər bir sıra vergilərdən azad olunub və güzəştli qiymətə kübrə və texnika ilə təmin olunur. Lakin bu sahənin daha sürətli və kompleks inkişafı üçün bəzi digər tədbirlərə də ehtiyac var.

Azərbaycanda iqtisadiyyatın və ixracatın diversifikasiya olunmasına təsir göstərə biləcək 20-dən artıq qanun qəbul edilib. Bundan başqa, bəzi dövlət proqramları təsdiq olunub, müxtəlif fondlar yaradılıb.

Bu tədbirlərin əsas məqsədi kimi ölkədə qeyri-neft sektorunun inkişafının, iqtisadiyyatın şaxələndirilməsinin, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafın təmin olunması elan edilib.

Diversifikasiya proqramı ixrac yönümlü qeyri-neft sektorunun inkişafını hədəf kimi götürüb. Buraya kənd təsərrütatı məhsulları istehsalı, yeyinti sənayesi, balıqçılıq, tütünçülük də daxil edilib. Lakin həyata keçirilən dövlət proqramlarına baxmayaraq, ölkə iqtisadiyyatında regionların çəkisi əhəmiyyətli dərəcədə artmayıb.

Kömrük Komitəsinin idxalla bağlı açıqladığı rəqəmlər ölkəyə ərzaq məhsullarının gətirilməsinin artdığını göstərir. Bu da aqrar sektorda bəzi sahələr üzrə istehsalın azaldığını göstərir.

Ölkə ərazisinin təxminən 2,5 faizini təşkil edən Bakı-Abşeronda ÜDM-in ən azı 70 faizi formalaşır. Bu zonanın büdcə daxilolmalarında payı digər iqtisadi rayonlar üzrə ümumi daxilolmalardan dəfələrlə çoxdur. Regionların büdcə daxilolmalarında payı 10 faizi keçmir.

Sektorial diversifikasiya da reallaşmayıb. İxracın 90%-dən çoxu, ÜDM-in və büdcənin yarıdan çoxu neft-qaz sektorunun bazasında formalaşır ki, bu da arzuolunan vəziyyət deyil.

Son dövrlərdə görülən bütün tədbirlərə baxmayaraq, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması problemi tam həll olunmayıb. Ən müxtəlif qiymətləndirmələrə görə, hazırda əhalinin ərzaq istehlakının ən azı 40%-i idxal hesabına formalaşır. Halbuki, respublikanın təbii-iqlim şəraiti, məşğulluq baxımından əhalinin tarixi ənənələri aqrar sektorun həm idxalı əvəzləyən, həm də ixrac yönümlü sektor kimi inkişafını şərtləndirir. Təəssüf ki bu sahədə aparılan siyasət hələ öz nəticələrini verməyib.

İqtisadi fəal əhalinin əhəmiyyətli hissəsinin gəlir mənbəyi aqrar sektordur. Rəsmi statistik məlumata görə, hazırda kənd təsərrüfatının ümumi məşğulluqda payı 40% təşkil edir. Aqrar sektor həm ixrac, həm də iqtisadi diversifikasiya üçün böyük potensialı olan sahədir. Bu sektor istər birbaşa istehlaka gedən ərzaq məhsulları, istərsə də emal sənayesi üçün birbaşa xammal bazasıdır. Təəssüf ki, bu potensialdan yararlana bilmirik.

Qlobal iqlim dəyişiklikləri nəticəsində və pandemiya dövründə yaranmış çətinliklərlə bağlı, iqtisadiyyatın diversifikasiyasında əsas prioritetlərdən elan edilən aqrar sektor hələ də ölkənin ərzaq təhlükəsizliyini təmin edəcək gücə yetişməyib.

Digər ölkələrdən fərqli olaraq, bizdə texniki bitkilərin əkinləri üzrə məhsuldarlıq xeyli aşağıdır. Taxıl, pambıq, tütün, üzüm, barama kimi sahələrdə daha çox məhsul əldə etməyə imkan var. Bu işə elmi yanaşma tələb olunur.

Burada müxtəlif faktorların rolu vardır. Onlardan biri də kadr məsələsidir. Aqrar sahəyə yaxşı mütəxəssislər rəhbərlik etməlidir, aqrotexniki qaydaları bilən, ərazilərin coğrafiyasına uyğun sahələrin inkişafına töhfə verən savadlı kadrlara ehtiyac böyükdür.

Gəncədəki Aqrar Universitetdə belə kadrların hazırlanması işi təşkil edilib, amma bu işi daha da genişləndirmək lazımdır.

Bundan başqa, subsidiyaların idarə olunmasında peşəkarlıq da vacibdir. Qəbul olunan proqramların, dövlət yardımlarının səmərəli və düşünülmüş şəkildə tətbiqi yaxşı effekt verərdi. Bu da kadrlarla bağlı olan məsələdir. Bu sahədə uğur qazanmış ölkələrin təcrübəsindən istifadə edilməlidir.

Beləliklə, aqrar sektorun ÜDM-də, ixracda çəkisinin xeyli az olması və ölkəyə ərzaq idxalının artması onu deməyə əsas verir ki, bu sahədə həll olunması vacib ciddi problemlər var. Ölkədə kənd təsərrüfatına yararlı torpaqlar 4,7 milyon hektar, əkin torpaqları 1,6 milyon hektar təşkil edir.

KTN-nin məlumatlarına görə, bu qədər sahədən 3 milyon tona yaxın dənli və paxlalı bitkilər, 2,5 milyon tondan artıq tondan artıq meyvə-tərəvəz, 1 milyon tona yaxın kartof, 150 min ton üzüm, 175 min ton şəkər çuğunduru, 350 min tona yaxın pambıq əldə olunur.

2023-cü ilin aprel ayının 1-nə Azərbaycanda iribuynuzlu heyvanların sayı 2 mln. 551.8 min baş, xirdabuynuzlu heyvanların sayı isə 7 mln. 360.8 min baş təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu heyvanların sayı 4.3% və ya 115.1 min baş, xırdabuynuzlu heyvanların sayı isə 9.9% və ya 808 min baş azalıb. Xatırladaq ki, cari ildə iribuynuzlu və xırdabuynuzlu heyvanların sayı azalaraq son 10 ilin ən aşağı həddinə düşüb.

2023-cü ilin yanvar-sentyabr aylarında quş əti də daxil olmaqla diri çəkidə 424,5 min ton ət, 1682,9 min ton süd, 1662,7 milyon ədəd yumurta, 15,1 min ton yun, 357,0 ton barama istehsal olunub. 2022-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 3,2 faiz, süd istehsalı 1,7 faiz, yumurta istehsalı 11,9 faiz, barama istehsalı 4,6 faiz artıb, yun istehsalı isə 3,0 faiz azalıb.

Ekspertlərin ümumi fikrincə, istehsal mövcud potensiala adekvat deyil. Halbuki, bu sahəyə daha güclü dəstək göstərilsə və burada korrupsiya və monopoliya halları aradan qaldırılsa, daha yüksək nəticələr əldə etmək olar. Bundan başqa, fondların fermerlərə kredit dəstəyi artırılmalı, investisiyalar regionlar və sahələr üzrə, həmçinin sahələr üzrə düzgün bölünməlidir.

Aqrar sektorda məhsuldarlığın artması, dolayı yolla digər sahələrin də inkişafına kömək göstərəcək. Aqrar-sənaye, yüngül sənaye sahələri daha çox inkişaf edəcək. Son nəticədə, həm idxaldan asılılığımız azalacacaq, həm ÜDM artacaq, həm də qeyri-neft sektorunun inkişafına təkan olacaq.

Aqrar sektor işçilərinin peşə bayramı olduğuna görə bir çox problemləri bu yazıda qeyd etmədik. Ümid edirik ki, bu sahəyə rəhbərlik edənlər nəhayət doğru-düzgün işləməyə başlayacaq və ölkəmizin kənd təsərrüfatının yüksək inkişafına nail olacaqlar.

Digər xəbərlər