PDF Oxu

Köşə

  • 5 946

Ölüm yelləncəyinin müştəriləri: onları nə və necə öldürür? - KÜNCDƏN BAXIŞ

image

Elçin Bayramlı

Dünənki günü də 5 intihar xəbəri ilə tarixə qovuşdurduq. Son vaxtlar intiharların sayı artır. Təəssüfedici haldır ki, onların arasında uşaqlar da var. 2022-ci ildə 42-si uşaq olmaqla Azərbaycanda 609 intihar hadisəsi qeydə alınıb.

Dünya Psixiatriya Assosiasiyası XXI əsri “depressiya və intiharlar əsri” adlandırıb. İntiharlar kapitalizm cəmiyyətlərində artan templə davam edən adi haldır. Maraqlıdır ki, dünyada ən çox intihar hadisəsi inkişaf etmiş ölkələrdə baş verir. Buradan aydın olur ki, ökənin zəngin olması, adambaşına düşən gəlirlərin yüksək olması hələ hər şey demək deyil.

Azərbaycanda bu, son dövrlərdə şiddətlənmiş problemdir. 20-30 il əvvələdək belə hallar çox nadir olurdu. Dəyərlərin dəyişməsi, psixoloji gərginlik, mənəvi böhran, sosial problemlər və kimi faktorlar bu prosesdə əsas rol oynayır.

Bəzi ekspertlər intiharlarda sosial problemlərin əsas rolun oynadığını qeyd edirlər. Amma müqayisəli statistika və adi müşahidələr başqa şey deyir. Maraqlıdır ki, aclıq, müharibə dövrlərində intiharlar çox az olub. Əksinə, intiharlar əsasən bolluq zamanında çox olur. Məsələn, Böyük Vətən Müharibəsi illərində- ən ağır sosial problemlərin olduğu vaxtda intiharlar ən aşağı səviyyədə olub. Elə sosial cəhətdən ən ağır dövrlərdən olan 90-larda da belə idi.

Demək, intiharlarda sosial problemlərin rolu azdır. Əsas faktor mənəvi-psixoloji problemlərdir. Ölkədə mənəvi deqradasiyanın, psixoloji təzyiqin güclənməsində özəl televiziyaların çox böyük və əvəzedilməz rolu var. Adamlar televiziyada daha çox qan-qırğın, terror, qətl, intihar hadisələri ilə rastlaşırlar. Bu hallar adiləşir və sonda insanlar hansısa problemi yarananda çıxış yolunu intiharda görür.

Cəmiyyətdə mənəvi dəyərlərin deqradasiyaya uğraması, tərbiyə və əxlaqın normal səviyyədə olmaması, ünsiyyət ənənəsinin itməsi, hansısa ağır xəstəlikdən əzab çəkmə, təklənmək problemi, şəxsiyyətin sındırılması, başqaları tərəfindən başa düşülməmək, cəmiyyətdə gözlənilmədən baş verən hadisələrə uyğunlaşa bilməmək, fərdin qayğısına qalan və onu sevən birinin olmaması, sevdiyi şəxsin xəyanəti, norkotik maddələrdən asılılıq kimi problemlər intiharların əsas səbəbidir.

Faciənin ən dəhşətli tərəfi isə azyaşlı uşaqların intiharıdır. Burada əsas məsuliyyət dövlətin və cəmiyyətin üzərinə düşür. Valideynlərin çoxu uşaqlarının tərbiyəsini buraxıb televiziyanın, internetin öhdəsinə. Hər uşağın əlinə yekə bir smartfon alıb verib canlarını qurtarıblar. Onların yerinə uşaqlarını kimlər tərbiyə, edir, kimlər yönəldir heç veclərinə də deyil.

İnternetdə ağla gələn və gəlməyən hər cür təhlükəli materiallar var- hansı ki, psixikaya çox ağır zərbə vurur, dəyərlər sistemini dəyişdirir, əxlaqsızlığı, narsizmi, eqoizmi, həyatda maddi həzz və əyləncədən üstün dəyər olmadığını təbliğ edir, mənəvi boşluq yaradır.

Elm sübut edib ki, televiziya və internet materialları insan psixikasına hər şeydən güclü təsir edir.. Subliminal mesajlarla dolu olan videomateriallar, xüsusi frekansda və beyin xarab edən tonlarda mahnılar, səslər şüuraltına işləyir və yalnız pis məqsədlərə xidmət edir.

Uşaqlarına sahib çıxmayan onların tərbiyəsi ilə məşğul olmayan, onlara vaxt diqqət və ayırmayan, qayğı göstərməyən, fasiləsiz olaraq nəzarət etməyən valideynlərin övladları böyük risk altındadır. Çünki ətrafdan çox güclü psixotron təzyiq, daha doğrusu terror var. Uşaqlar qorxunc virtual dünyanın caynağına buraxmaq olmaz. Onlar bu psixotron terrorun öhdəsindən gələ bilməz.

Uşaqlar cəmi 30 il əvvəlki ənənəvi məkanlarından- yaradıcılıq mərkəzlərindən, istirahət düşərgələrindən, idman salonlarından… ayrılaraq küçələrə tərk edilib. Burada dövlətin də çox böyük rolu var. Sovet dövründə pulsuz olan yaradıcılıq və idman mərkəzlərinin indi hamısı pulludur və qiymətləri çox bahadır, bu səbəbdən valideynlərin çoxu uşaqlarını onlara yazdıra bilmir. Bir ailədə orta hesabla 2-3 uşaq olduğunu nəzərə alsaq, orta statistik azərbaycanlı üçün bu qətiyyən əlçatan deyil. Bu halda uşaqlar küçələrə, internet məkana buraxılır və psixologiyasının formalaşması artıq qeyri-sağlam şəkildə baş verir. Beləliklə, biz getdikcə daha çox uşaq intiharı faktı ilə qarşılaşırıq. Bu qeyd edilən məsələlər həll olunmasa intiharların daha da kütləviləşəcəyinə şübhəm yoxdur.

Digər xəbərlər