Lalə Mehralı
Televiziyanın nə qədər təsirli bir vasitə olduğu məlumdur. O cəmiyyətin istiqamətini də müəyyənləşdirə bilir, əxlaqını da. Yaxşı örnək də ola bilir, pis örnək də. Televiziya verilişlərinin cəmiyyətə töhfə verəcək dövrləri yaxın keçmişdə qaldı. Əvvəl cəmiyyətin yarasını sarıyan televiziya verilişləri indi yaranın qaysağını qopartmaqla məşğuldur.
Ümumiyyətlə, mənəvi dəyərlərə uyğun, cəmiyyəti düzgün istiqamətə yönəldən, gənclərimizi gələcəyə yaxşı hazırlayan televiziya proqramları yox dərəcəsindədir. Daha ailəlikcə, böyüklü-kiçikli izlədiyimiz intellektual şoular yoxdur efirdə, əvəzində əxlaqdan yoxsul, yüngül şoular ayaq açıb efirə.
Tarixin heç bir dövründə mədəni, milli, mənəvi dəyərlərimizi qorumaq bu qədər çətin olmayıb. Xüsusilə də, televiziyada yayımlanan müəyyən proqramlar, o proqramlarda efirə çıxarılan təhrif olunmuş münasibətlər, pis nümunələr, ailədaxili zorakılıq, əxlaqsız davranışlar, qeyri-qanuni birlikdə yaşayanlar, vətəndaş nikahından dünyaya uşaq gətirənlər cəmiyyətin əxlaq anlayışını ciddi zədələyir və biz heç nə edə bilmirik.
Bu cür televiziya verilişlərində nümayiş etdirilən, həyat tərzimizə, adət-ənənəmizə, mədəniyyətimizə zidd davranışlar cəmiyyətin tarazlığını pozur. Bu proqramlarda cəmiyyətin mənəviyyatına sanki mina qoyulur, dünənə qədər müqəddəs saydığımız dəyərlər tapdalanır.
Televiziyalar yalnız reytinq və pul qazanmaq istəyi ilə yaratmırlar o proqramları. Hər bir addımın, hər bir kadrın bir məqsədi var. Bu proqramlarda ailə məfhumu dəyərsizləşdirilir, əhəmiyyətsi hesab edilir. Rəsmi nikah olmadan birlikdə yaşanan həyat, zinadan, vətəndaş nikahı ilə doğulan uşaqlar, ailədaxili yasaq münasibətlər, xəyanət kimi anlayışlar təbliğ edilir. Ailəli olduğu halda başqasına qoşulub qaçan qadınlar, arvad-uşağını atıb qızı yaşda biri ilə nikahsız yaşayan kişilər, evdən qaçan qızlar, ərli qadın qaçıran oğlanlar məzlum və haqlı kimi göstərilir. Bu cür iyrənc münasibətləri ən ülvi hiss olan eşqin ayağına yazırlar, bu qədər ucuzlaşdırırlar o hissi.
Axtarış proqramları var, kiminsə itkinini, xəbərsizini tapırlar. Gözəl missiyadır, yaxşı əməldir, amma... Amması göstərilən şou, çıxarılan həngamədir. Facebook-da dostlar paylaşmışdı yaxın zamanlarda, bu verilişlərdən birindən kadrlar idi. İki bacının 20 ildən sonra itkin bacıları ilə görüş səhnəsi idi, itkin bacı kulisdən səhnəyə gəlir, kamera onu müşaiyət edir. İtkini axtaran o biri iki bacı səhnədə gözləməyə səbr edə bilməyib kulisə qaçmaq istəyirlər, aparıcı yapışıb qollarından buraxmır ki, birdən görüş kulislə səhnə arası xəlvət yerdə baş tutar, camaat görməz, ağlamaz, sponsor da buna görə acığa düşüb pulu kəsər, şou zibilə dönər.
O şouda auditoriya qismində oturanlar, evində o şouya baxanlar, öz sağlamlıqlarını gilə-gilə axıdır gözlərindən. Xalqın damarını tutublar, bilirlər ki, ağlamaqdan ötrü ürəyi gedən insanlar var olduqca bu kimi tamaşalar pul gətirəcək. Öz ata-anasının ilində bir qaşıq halva bişirib yad eləməyənlər 20 ildir ailəsi ilə ünsiyyətini kəsib öz həyatını yaşayan fikankəs əminin, xalanın taleyinə hönkür-hönkür ağlayır. O cür şoular sizin sağlamlığınızı sümürür, göz yaşınızla qidalanır. Niyə buna imkan verirsiniz?
Çox tez-tez efirlərə dəvət edirlər, sağ olsunlar tanıyıb, fikirlərimə hörmət etdikləri üçün. Amma həmişə bu tip verilişlərdən gələn dəvətlərə yox deyirəm, yalnız ciddi müzakirə proqramlarından edilən təklifləri qəbul edirəm. Bu verilişləri izləmirəm, nəinki gedib ekspertlik etmək. Mənim sağlamlığım qiymətlidir, dünyanın heç bir dövləti, məşhurluğu, şousu sağlamlığıma dəyməz. Son bir neçə ayda özünü "sosial layihə" kimi tanıdan 3-4 belə verilişin daimi ekspert təklifini qəbul etməmişəm. Mən o şouda ekspert qismində otura bilmərəm, nə də tamaşaçı kimi izləyə bilmərəm. Onlar insanların sağlamlığı üzərindən milyonlar qazanır, sağlamlığını o proqramlara qurban verənlər isə bunu anlamır.
Bəzən paylaşılır, görürəm sosial şəbəkələrdə. Yaşlı ata bu proqramlardan birinə çıxıb itkin qızını axtarır. Efirdə onu xeyli ağladandan, göz yaşlarını reytinq üçün sümürəndən sonra qızına zəng edib efirə qoşurlar. Qızı da elə o zəngdə, o efirə ötkəm-ötkəm “məni axtarmayın, mən sevgimin dalınca getmişəm” deyir. Qadının nə qədər gözü dönər ki, 2 azyaşlı uşağını atıb başqa kişi ilə qaçar, qeyri-qanuni bir yerdə yaşayar, zəng edər efirdə utancından ikiqat olmuş atasına deyər ki məni axtarmayın, həyatımda başqa biri var. O ataya da əsəbləşməmək olmur, niyə çıxırsan, niyə icazə verirsən o efirdə səni alçaltsınlar, sənin üzərindən şou yaratsınlar.
O verilişlərdə efirə çıxıb azyaşlı övladlarını atıb başqa kişi ilə qaçan arvadına yalvaran, evə qayıtmağa razı salmağa çalışan kişiləri görəndə ürəyim bulanır. “Evimizə qayıt, sən mənə qəbulsan” deyib mənliyini, kişiliyini o şouda satanlar, itirənlər də gördük. Xəyanət üstündə yaxaladığı arvadının video-görüntülərini efirdə nümayiş etdirən, sonra elə o qadınlar ailə olan, evli qalan “kişi”ləri də.
Biz ondan sonra içdən-çöldən çürüməyə başladıq ki, efirlərdə ailə məsələləri müzakirə edilməyə başladı. Kimin əli kimin cibindədir, kim kimin evindən çıxır, kim kimin əri ilə gəzir, kim kimin arvadına sataşır – hamısı efirdə nümayiş etdirilir. Utanmadan, qızarmadan, xəcalət çəkmədən, elə belə də olmalı imiş kimi, elə beləsi normalmış kimi…