Elçin Bayramlı
Mötəbər mənbədən əldə etdiyimiz məlumata görə, bəzi mal və məhsulların idxalı və ya ixracı üçün gömrük rüsumlarının ciddi məbləğdə azaldılması haqda hökumətdə müzakirələr gedir. Bu baş versə, ölkədə ucuzlaşma yaranar, inflyasiya tempi enər, iqtisadi aktivlik artar ki, bu da öz növbəsində əhalinin sosial vəziyyətinə müsbət göstərər.
Əlbəttə, bəzi məhsulların idxalında məhdudiyyətlərin qoyulması, yüksək gömrük rüsumları təyin edilməsi təqdirəlayiqdir. Bu, yalnız o sahələrdə olmalıdır ki, həmin sahədə böyük yerli istehsal var və həmin istehsal ölkənin tələbatını tam və ya böyük hissəsini ödəyə bilər. O halda, xaricdən həmin məhsulların ucuz idxalı yolverilməzdir, çünki yerli istehsala zərər vura bilər.
Əgər yerli istehsalı qorumaq istəyiriksə, protektionist siyasət aparılmalıdır. Ölkədə istehsalı olan məhsullarda rüsumları qaldırmaq olar. Qızıl, lüks avtomobil, bahalı brend mallar və əyləncə vasitələri üzrə də gömrük rüsumlar artırıla bilər. Amma ölkədə istehsalı olmayan və ya çox az olan məhsullarda isə rüsumu endirmək lazımdır.
Dövlət büdcəsini əsasən, istehsaldan gələn gəlirlə doldurmağa çalışmaq lazımdır. Kölgə iqtisadiyyatı ləğv edilməli, monopoliya halları aradan qaldırılmalı, vergidən yayınmanın qarşısını alınmalıdır.
Gömrük Komitəsinin ödəniş planını artırmaq çıxış yolu deyil. Çıxış yolu ölkədə xammalı olan məhsullar üzrə sənayenin təşkil edilməsidir. Əsasən də, aqrar sənaye və yüngül sənaye sahələri üzrə.
Fikrimizcə, vergilər üzrə də bəzi tədbirlər həyata keçirilməlidir. Məsələn, sadələşmiş vergi üzrə maksimum limit 200 min manatdan 400 (yaxşı olardı ki 500) min manata qaldırılmalıdır. Çünki bir neçə il əvvələ nisbətdə manat 2 dəfədən çox ucuzlaşıb. Məntiqlə ovaxtkı 200 min manat ən yaxşı halda indiki 400 min manat dəyərindədir.
Bundan başqa, Bakı və regionlar arasındakı vergi dərəcəsi fərqi bərpa olunmalıdır. Zərdabın ucqar kəndindəki obyektlə Bakının mərkəzindəki obyektin eyni vergi faizləri ödəməsi məntiqli və ədalətli deyil. Regionlarda (Gəncə və Sumqayıt istisna) sadələşmiş vergi dərəcəsi 1 faizə salınmalıdır. Ərzaq istehsalı üzrə azı 2 il müddətinə bütün vergilərdən azad olunma tətbiq edilməlidir.
Özünüməşğulluq proqramının miqyası və buna ayrılan maliyyə vəsaiti azı 10 dəfə artırılmalıdır. Şərtləri daha da sadələşdirilməlidir. Fəaliyyət sahələri artırılmalıdır. Proqram daha çox regionlarda tətbiq olunmalıdır.
Özümüzdə xammalı olan məhsulları xaricdən idxal etmək müsbət hal deyil. O malları ölkədə istehsal etməyə çalışmaq lazımdır. Bunun üçün dövlət istehsal avadanlıqlarının gətirilməsi üçün maksimum güzəştlər tətbiq etməli, bir çox halda bunu özü etməlidir. Bu halda yerli istehsal artacaq, idxaldan asılılıq azalacaq, dövlət büdcəsinin gəlirləri çoxalacaq, əhalinin sosial vəziyyəti yaxşılaşacaq, dövlətin sosial xərcləri azalacaq, işsizlik aradan qalxacaq. İqtisadi təhlükəsizlik sosial rifahın və siyasi nüfuzun artmasını təmin edəcək.
Bunu etmək üçün bütün imkanlar var. İşçi qüvvəsi, xammal, hazır bazarlar, nəqliyyat logistika infrasturukturu və nəhayət investisiya üçün lazım olan maliyyə bazası. 65 millyard dollardan çox olan strateji valyuta rezervlərindən 5-10 milyardını ölkə iqtisadiyatına invest etməklə bunu təmin etmək olar.
Şimal, cənub və qərb sərhədlərinə yaxın ərazidə quru yolu ilə, şərqdə isə Xəzər dənizi sahilində liman vasitəsilə azad iqtisadi zonalar yaradılmalıdır. Bununla bağlı xüsusi strateji inkişaf dövlət proqramı qəbul olunmalıdır. Hesab edirəm ki, maksimum 5 ilə bu proqramı başa çatdırmaq mümkündür.
Hesab edirik ki, gömrük və vergi siyasətinə yenidən baxılmalı, rüsumlar ədalətli, optimal formada müəyyənləşdirilməlidir. Kiçik sahibkarlığa dəstək artırılmalıdır. Ölkədə bolluq və ucuzluq yaranması üçün bu tədbirlər kifayətdir.