Köşə

  • 5 096

Niyə dövlət qulluqçusu ola bilmirik?

image

İndi ölkəmizdə əksər sahələrdə işə qəbul vakant yerlər üzrə imtahan vasitəsilə həllini tapır. Dövlət qulluqçusu olmaq üçünsə bu, xüsusilə belədir. Lap yaxşı, çox əla. Əziyyət çəkib oxuyan, gecəsini-gündüz edən getsin imtahan versin, bal yığsın və seçdiyi işdə çalışsın. Əziyyət çəkməyən isə hələlik arzuladığı, işləmək istədiyi vəzifəyə layiq olmadığını anlasın və yenidən oxumağa, hazırlaşmağa başlasın.

Lakin gəlin görək məsələ bizim düşündüyümüz kimidirmi? Bir sahədə-dövlət qulluğuna imtahanlardan və nəticələrindən danışmaq istəyirik. Elə redaksiyamıza da tez-tez bu məsələ ilə əlaqədar müraciətlər olunur ki, bəs imtahanda yüksək bal toplamasına baxmayaraq əksər gənc nədənsə işə düzəlmir ki, düzəlmir. Həm də imtahanlara aidiyyatı olmayan suallar da salınır.

Nə üçün gənclər bu problemlərlə üzləşir? Bu, böyük bir araşdırma mövzusudur, lakin məsələnin bizə məlum olan tərəflərindən bir neçəsini qeyd etməklə gənclərin qarşılaşdıqları çətinliklərdən, imtahandan sonra gözləri yolda gözləmələrindən və onların layiq olduqları halda kənarda qalmalarından söhbət açmaqla bu imtahanları həyata keçirən aid təşkilatlar və şəxslərə belə bir sual ünvanlayaq: nə üçün gəncliyi incidirsiniz? Nə üçün ən yüksək bal toplayan gənci işlə təmin etməyib onu narazı salırsınız? Nazirliklər, komitələr, baş idarələr, sözümüz sizədir. Siz vəzifəyə vətəndaşları incitmək üçün, yoxsa onların məsələlərini həll etmək üçün təyin edilmisiniz?

Nə üçün bizim gənclərimizin arzularına qarşı çıxırsınız. Nə üçün onlar bir dəfə deyil, 2-3 dəfə imtahan verib, yüksək bal toplayır, lakin nəticə etibarilə işsiz qalır. Nəticə isə bu olur ki, ailə qura bilmir, ev ala bilmir. Məcburən fəhləlik edir, kafe-restoranlarda afisant işləyirlər. Bəli, tanıdığımız gənclər var, həm ali təhsili var, mən magistratura təhsili alıb, lakin hələ də aşağı vəzifələrdə çalışır və yaxud kafe-restoranlarda nazir balalarının qarşısına çay, çörək gətirir. Gözləyir ki, yenidən imtahan vaxtı gəlsin, bəlkə bu səfər...

Sualımıza aid nazirlik, komitə, baş idarələr hansının ki, adı gənclərin işlə təminatı məsələsində daha tez-tez hallanır, yüksək bal toplayan gəncləri görməzdən gəlirlər, cavab verməlidir ki, nə üçün bu məsələ belədir?

Axı hər kəsin vəzifədə dayısı ola bilmir. Hər kəs imtahanın ikinci mərhələsi üçün özünü tapşırda bilmir. Belə olan halda nə üçün dayısı olub, lakin başı boş olanlar vəzifəyə gəlməli, bizim layiqli gənclərimiz kənarda qalmalıdır?

Bəzi nazirlər, komitə sədrlər, baş idarə rəhbərləri söz veriblər ki, xalqın balaları ilə bu cür davranacaqlar? Söz veriblər ki, işə yalnız bir-bir ilə əlaqəli şəkildə, bir-birinin xahişi ilə adam seçəcək, vəzifələrə layiq olanın yerinə layiq olmayanı götürəcəklər...

Bəs bu gənclərin gələcəyini düşünürlərmi? Heç yadın övladı deyil, sizin övladınızdır. Övladınıza qarşı bu hərəkəti necə qarşılayardınız? Gözünüzün qarşısında uşağınızın oxumaqdan, hazırlaşmaqdan, kurslara getməkdən qabığı soyulsun, sonra gedib imtahanda yüksək bal toplasın, ancaq işsiz qalsın. Siz buna bir valideyn kimi necə reaksiya verərdiniz? Yoxsa heç reaksiya verməzdiniz. Axı bəziləri üçün vəzifə elə bir şeydir ki, gözləri tutmaqla yanaşı, hisslərdən də məhrum edir.

“Səs” Media Qrup olaraq əminik ki, bu məsələlər tezliklə öz həllini tapacaq. Hansı nazir, komitə, baş idarə rəhbəri bizim gənclərimizə qarşı bu mövqedə dayanıbsa, imtahandan sonra kiminsə zəngini gözləyirsə, həmin zənglərlə savadlı, layiqli gənclərimiz kənarda qalırsa, tezliklə cəzalandırılmasını arzu edirik. Biz buna əminik.

Gələcəyimiz olan gənclərə qarşı belə ədalətsiz mövqe tutmaq olmaz. Çünki onlar bu Vətənin, bu ölkənin gələcəyidir. Qoy layiq olan işləsin, layiq olmayan daha da yaxşı hazırlaşsın. Nəticə etibarilə, haqqı nahaqqa verməyək ki, sabah haqq xirtdəyimizdən yapışanda gözümüz kəlləmizə çıxmasın.

Mətanət Məmmədova

Digər xəbərlər