Köşə

  • 5 503

Bu şəhərə bahar gətirməyə gücünüz çatmaz...

image

Bu aralar hər yerdə qaranquş görmək o qədər təbiidir ki... Bu bahar müjdəçiləri xoş xəbərlə gələrlər hər bahar öncəsi. Elə dünən neçə bahardan sonra bu şəhərdə qaranquşla qarşılaşdım, həm də bir deyil, ikisi ilə. “Sahil” bağında idilər. Lakin ətrafa çox təəccüblə və tərəddüdlə baxırdılar. Sanki yollarını azmış, qərib bir yerə düşmüşdülər. Hərəkətlərindən çox narahat olduqları kənardan açıqca hiss olunurdu. Sanki “buralar hara, biz hara” deyib ora-bura uçuşur, çırpınırdılar.

Dedim, ay qaranquşlar, yol azmısınız, siz hara, buralar hara? Bu şəhərə məgər bahar gəlir ki, müjdəsini gətirəsiniz? Qış qarı ilə gözəl olduğu kimi, yaz da çiçəyi, gülü ilə füsunkardır. Ancaq təəssüf ki, bu şəhərdə nə qışda qar var, nə də baharda çiçək... Onları biz yola salıb uzaqlara yolçu etdik. Öz silahlı, qılınclı əllərimizlə bu şəhərin baharını məhv etdik. Nəfsimizə, arzumuza qurban verdik baharı, küsdürüb yola saldıq. Nə etdiksə, bilmirəm, bahar getdi, bu şəhərə ta gəlmir ki, gəlmir. Ya küsüb bu şəhərdən, gəlmir. Ya yolunu, cığırını itirib, gəlmir. Ya da ta bu şəhəri tanımır. Yazı, yayı, payızı, qışı bilinməyən bu şəhəri...

Bahar bu şəhərə gəlməsə də, axı bu şəhərin sakinləri onu axtarır. Başına ağ, çəhrayı şal salmış ağac axtarır. Onların rayihəsini ciyərlərinə çəkmək istəyir. Arıların bu ağaclardakı balladasını dinləmək istəyir. Çiçəklərdən zövq alıb baharı bahar kimi yaşamaq istəyir...

Axı bu şəhərin sakinlərindən baharı bütün varlığı ilə yaşayan rayonlarımızdan gələnlər də var. Onlar o baharı arzulayır, o baharı görmək istəyirlər bu şəhərdə. Onlarla gül-çiçəyin bir-birinə qarışan rayihəsini duymaq istəyirlər. Pəncərəni açıb qarşısındakı çiçəkli ağacların ətrini otaqlarına doldurmaq istəyirlər.

Bu şəhərdən baharları biz qovmuşuq. Yaşıl rəngi bomboz rəngə biz vermişik. Qurban olub yaşıllıqlar betonlara. Ucaltmışıq çoxmərtəbəli binaları baharın məskənində. Ağacları kəsib, yaşıllıqları məhv edib istəmişik bina tikək, sərvət sahibinə çevrilək. Beləliklə betonlaşıb şəhərimiz... Hara baxsan bu şəhərdə bomboz beton, günəşin qarşısını kəsən hündürmərtəbəli binalardır.

Əlimizdən alıb bu betonlar neçə-neçə baharı... Bizlər rayonda, kənddəki bir mərtəbəli evimizin qapısının bahara açılan mənzərəsini orada qoyub gəlmişik. O qapıları hündürmərtəbəli binaları seçməklə biz bağlamışıq. İndi qapılarımız betona açılır, bahara deyil.

Bəlkə də gəlir bahar bu şəhərə. Hansısa hündürmərtəbəli binanın arxasında dayanır, görə bilmirik. Hansısa bir betonin kölgəsində itir, görə bilmirik. Hansısa yerlə yeksan edilmiş təbiət məzarlığında olur, duya bilmirik. Çünki düydurmur özünü. Qəlbi sınıq, küskündür bizlərə. Onu bu şəhərdən biz qovmuşuq. İndi nə qədər böyük arzu ilə yolunu gözləyiriksə, bir o qədər böyük haqsızlıqla onu qovmuşuq.

Qaranquşlar, görürəm siz də sanki ayrı bir dünyaya düşmüşünüz, yuxarı baxırsınız, betonlaşan asiman, aşağı baxırdınız, minlərlə maşının ətrafa saçdığı ölüm qoxusu...

Gedin, azmayın yolunuzu, gedin baharı apara biləcəyiniz yerlərə. Bu şəhərə bahar gətirməyə sizin gücünüz çatmaz.

Mətanət Məmmədova

Digər xəbərlər