Köşə

  • 8 369

Qız tələb olunur… - PAMFLET

image

Elçin Bayramlı

Ölkəmizdə işsizlik problemi son vaxtlar cinsi kontekstdə həllini tapmaqdadır. Şübhə edənlər paytaxt küçələrində bir-iki saat hərlənsələr, yanıldıqlarını anlaya bilərlər. Bütün küçələrə, binaların divarlarına, qapı-pəncərələrə, avtobusların şüşələrinə və metro vaqonlarına yapışdırılan saysız-hesabsız iş elanlarında vətəndaşlar "yüksək" əməkhaqqı müqabilində işə dəvət olunurlar. Adamın lap ürəyi açılır. Ki, hamıya iş yeri tapılır. Di gəl, bu elanlara bir balaca diqqət edəndə adamı təəccüb götürür. Elanların əsas maraqlı məqamı işçilərin cinsiyyəti ilə bağlıdır. Yəni, işverənlərin əsas şərti budur- "Qız tələb olunur!".

Bu tendensiyanın bir müsbət cəhəti də ondan ibarətdir ki, ölkəmizdə gender probleminin olmadığını təsdiq edən bu elan kağızlarını bürmələyərək bütün dünyanın gözünə soxa bilərik. Çünki son zamanlar bəzi beynəlxalq təşkilatların nümayəndələri orada-burada ağızlarını avara qoyub deyinirlər ki, nə bilim, Azərbaycanda gender problemi var, qadın hüquqları pozulur- filan. Öz aramızdı, bunlar deyəsən Azərbaycanı başqa ölkələrlə səhv salıblar.

Azərbaycanda əhalinin 51 faizini təşkil edən qadınlar elmi-texniki və ağır fiziki iş sahələrində kişilərə uduzsalar da, humanitar sahələrdə və xidmət sektorunda böyük üstünlük təşkil edirlər. Hətta son statistikaya görə dövlət qulluğuna qəbulda qadınların payı 70 faizi keçib. Bəli bizdə gender bərabərsizliyi var, lakin burda cinsi disbalans tam deyildiyinin əksinədir- artıq kişilər gender bərabərsizliyindən əziyyət çəkirlər.

Hələ uzun illər qabaq bu replikanı gender problemi ilə bağlı iştirak etdiyim beynəlxalq seminarların birində amerikan treynerə tərəf tulladım ki, bəlkə bu modern kovboy səhvini anlaya. Elə beləcə də dedim: “Mister Uill, mənə elə gəlir, gender bərabərsizliyinin tərəflərini bir balaca dəyişik salmısınız. Bizdə artıq matriarxal quruluş bərqərar olubdur. (Nə təhər demişəm?!)

Treynerin və seminar iştirakçılarının maraqla dinlədiyini görüb cəsarətləndim və replikanı çıxışa döndərməyə qərar verdim: "Cəmiyyətimizdə qadınların yeri o qədər də pis deyil. Siyasətdə, iqtisadiyyatda, mədəniyyət və incəsənətdə, elm, təhsil və səhiyyədə, o cümlədən digər sahələrdə qadınlar fəal işirak edir. Məsələn, cəmiyyətimizin ən aparıcı sahələri olan mədəniyyət, təhsil və səhiyyədə, həmçinin xidmət sahələrində qadın kontingenti 80-90% təşkil edir.

Mister Uill, siz heç Bakıda sərnişin nəqliyyatından istifadə etdinizmi? (Treynerin təsdiq mənasında başını yellədiyini görüb, çıxışımı daha cəsarətlə davam etdirdim) Gördünüzmü ki, metro vaqonlarında, avtobuslarda sərnişinlərin 2/3-si qadındır? Bunların çoxu işə və ya təhsil almağa gedənlərdir. Bir çox ailələri qadınlar dolandırır. Elə bu zalın pəncərəsindən şəhərimizdəki son model bahalı avtomobillərin fasiləsiz paradını seyr edə bilərsiniz, sizi inandırıram ki, onların əhəmiyyətli bir hissəsi qadınların halal qazancı ilə alınmışdır.

İctimai tədbirlərdə, konsertlərdə və əyləncə mərkəzlərində də üstünlüyü zərif (etiraf edim ki, burada az qala çaşıb "zəif" deyəcəkdim, son millisaniyədə səhvimi düzəltdim, həqiqəti etiraf etmək son dövrlərdə “zapodlo” sayılır) cinsin nümayəndələri təşkil edirlər. Elə gender bərabərliyinin müzakirə olunduğu bu salonda da qadınlar mütləq üstünlük təşkil edir və bərabərlik onların xeyrinə kobud şəkildə pozulmuşdur. Gördüyünüz kimi, bizdə az qala matriarxal cəmiyyətdir. Bu səbəbdən də, ölkəmizdə qadın hüquqlarının pozulduğunu iddia etməyə heç bir əsas yoxdur".

Təvazökarlıqdan kənar olsa da, qeyd etməliyəm ki, çıxışımı bitirdikdə salonda böyük canlanma oldu. Rusun sözü- "burnıe oplodismentı!". Baxmayaraq ki, auditoriyanın üçdə ikisini qadınlar təşkil edirdi. Amerikalı treyner azərbaycanlı tərcüməçiyə (yeri gəlmişkən, tərcüməçi də qadın idi) şübhəli və təəccüblü nəzərlərlə baxırdı- böyük ehtimalla, mənim sözlərimin ona düzgün çatdırılmadığı qənaətində idi... Öz aramızda qalsın, dövlət himnimizdə qadın səsinin üstünlük təşkil etdiyi haqda ən tutarlı arqumenti mister Uillə demədim. Üstəlik, bizdə belə bir zərb-məsəl var ki, "arvaddan qorxmayan kişi deyil".

Amma bunlar misterə deyiləsi söhbətlər deyil. Nöşün ki, rüsvay olmayaq. Nədən danışırdıq, hara gəlib çıxdıq... Hə, deməli, hamı qız-qadın axtarır, kişiləri heç vecinə alan yoxdur. Mən şəxsən bir neçə işverəndən bu cins məsələsinin elanlarda nəyə görə əsas şərt olaraq qoyulduğunu soruşsam da, düz-əməlli cavab ala bilməmişəm. Bəzi xidmət obyektlərini yenə başa düşmək olar, şorgöz kişi müştəriləri daha maraqlı xidmətlə cəlb etmək istəyirlər. (Amma onu da deyim ki, mağaza və ofislərdə manekenə və ya androidə oxşayan ədəbaz qızlar bir kişi müştəri kimi qətiyyən mənim xoşuma gəlmir. Bu yarımsüni kimyəvi məxluqlar biorobot kimi şeydirlər).

Təbii ki, qız-gəlinlərin bir çox işlərdə çalışması yaxşı haldır, amma elə işlər var ki, orada kişilər qadınlardan daha effektli iş görə bilirlər. Amma sən gəl bunu firma-şirkət sahiblərinə başa sal. Onlara desən ki, bütün dünyada işçiləri cinsinə görə yox, faydalı iş əmsalına- yəni, qabiliyyətinə, biliyinə, bacarığına, təcrübəsinə və nəhayət, müəssisəyə daha çox xeyir verdiyinə görə götürürlər, sənə gülər ki, a bala, sən hələ uşaqsan, belə şeylərdən başın çıxmaz.

Bir çox elanlarda və işə qəbul zamanı aparılan söhbətlərdə təkcə cinsi tələblər yox, həm də digər anormal şərtlər qoyulur. Cavan olmaq, gözəl olmaq və ailəli olmamaq kimi şərtlər bu qəbildəndir. Bütün bu elanları nəzərdən keçirərək tələb olunan kriteriyaları ümumiləşdirməyə cəhd etsək, onda təxminən belə bir nəticə alınar- Şirkətə (adı əksər hallarda qeyd olunmur-müəllif) ali və ya orta təhsilli, 17-30 yaşlı qızlar tələb olunur. Ölçüləri- 90-60-90, saçları sarı, gözləri mavi və ya yaşıl, boyu 160-180 sm, çəkisi 50-60 kq. Subay, ya da boşanmış olsa iş qarantı dəqiqdir. Xaricdə işlə təmin olunması mümkündür. Maraqlananlar filan nömrəyə (adətən, mobil nömrə olur) zəng edə bilərlər. Vəssalam.

Bu tələblərə tam cavab verən qızlar yüksək əməkhaqqı ilə, qismən cavab verənlər isə orta əməkhaqqı ilə iş tapa bilər. Digərləri, hətta "Oksford"un doktoranturasını bitirmiş olsalar belə, narahat etməsinlər. Bir sözlə, bütün bunlardan konkret bir nəticə çıxarmaq olar- bu adamlara işçi, mütəxəssis yox, qız lazımdır. Amma işə götürənlərin bir tələb yadlarından çıxıb ki, bu da sağlamlıq haqqında arayışdır.

Beləliklə, bizim cəmiyyət gender bərabərliyi, qadın azadlığı, müasirlik adı altında mənəvi deqradasiyaya məruz qalır, qadınla kişinin təbii, bioloji, sosial yeri, mövqeyi dəyişir. Kişilərin lazımsız əyşa kimi tarixin arxivinə göndərilməsi dövrü başlayıb. Əgər proses bir qədər də belə davam etsə, kişilər tam heyətdə işsiz qalacaq və biz matriarxal quruluşa keçidimizi müvəffəqiyyətlə tamamlaya biləcəyik.

Digər xəbərlər