Elçin Bayramlı
Yol-nəqliyyat qəzaları ölkəmizdə vaxtsız ölüm səbəbləri sırasında ilk yerlərdən biri tutur. Bunun səbəbləri haqda çox yazılıb, çox danışılıb, lakin hələ də bu problemin həlli ilə bağlı ciddi irəliləyiş əldə olunmayıb. Burada çox sayda səbəblər var- yol infrastrukturunun bəzi yerlərdə təhlükəli olması, sürücünün yorğunluğu, avtomaşınların texniki vəziyyətinin yaxşı olmaması, sürücülərin qeyri-peşəkarlığı, yolverilən sürət həddinin keçilməsi və s.
Bu səbəblər arasında, məncə, ən əsası sürət həddinin aşılmasıdır. Xüsusən də, şəhərlərarası avtobusların çoxu yolverilən sürət həddini xeyli dərəcədə keçir. Məqsəd məsafəni daha tez qət etmək və qısa vaxtda daha çox gəlir əldə etməkdir. Nəinki mikroavtobusda, hətta iri avtobusların da 110-la getdiyim yolda saatda 150 ilə yanımdan şütüyüb keçməsinin şahidi olmuşam. Halbuki, avtobusların 90 km/saat-dan artıq sürətlə getməsi qadağandır.
Ən dəhşətlisi orasıdır ki, 50 nəfər daşıyan avtobusun sürücüsünə sərnişinlərdən heç kim irad bildirmir, normal sürətlə sürməsini tələb etmir. Çünki onlar da mənzilbaşına mümkün qədər daha tez çatmağa çalışırlar. Burada sürücü və sərnişinlər arasında yazılmamış qanun, gizli razılaşma var sanki. Bax bu sürətli həyat tərzi əksər faciələrin səbəbkarıdır.
21-ci əsrdə “sürət əsri” demək, avtomobili yolverilən həddən yüksək sürətlə idarə etmək deyil. Bəziləri bu ifadəni səhv başa düşüblər və bu səhv də onlara həyatları bahasına başa gəlir. Həm də təkcə özlərinin yox, günahsız başqalarının da...
Mikroavtobuslarda isə vəziyyət daha təhlükəlidir. Bu maşınlar magistrallarda 150 km/saat-dan yuxarı sürətlə gedirlər. Bəzən isə 180-200 km/saat sürətlə. Halbuki, bu yolların infrastrukturu 120 km/saatdan yuxarı sürət üçün uyğun deyil və bu, aşkar qəza deməkdir.
Problemlərdən biri yük maşınlarının sürücüləri ilə bağlıdır. Onlar da əksər yol hərəkəti qaydalarına riayət etmir, yüksək sürətlə sürürlər. Çünki işlədikləri şirkət qarşılarına daha tez və daha çox işləmək tapşırığı qoyur, bəzən sutkada 15-16 saat sükan arxasında olurlar. Üstəlik, bu maşınlar əksər hallarda icazəverilən normadan 2 dəfə artıq yüklənir ki, bu da potensial ölüm maşını deməkdir. Onsuz da bu avtomaşınların əksəriyyətinin texniki vəziyyəti ideal deyil.
Sürücülərin yorğunluğu da qəzaların səbəbləri arasındadır. Uzun yola çıxanda göz və beyin yorulur və sürücünü yuxu tutduğuna, ən azı beyin reaksiyaların ciddi şəkildə azalmasına görə, hər iki saatdan bir dayanıb istirahət etməlidir. Sürücülərin çoxu buna fikir vermir. 6-7 saatlıq yolda maksimum bir dəfə dayanırlar- o da, məcburən- yemək üçün. Bir çoxu isə bu müddətdə heç dayanmadan avtomobil idarə edir.
Daha bir səbəb isə qeyd etdiyimiz kimi, yol infrastrukturu ilə bağlıdır. Düzdür, son dövrlərdə ölkəmizin əksər avtomobil yolları yenidən qurulub və standartlara cavab verir, lakin hələ də təhlükəli yollar var.
Hətta ölkəmizin əsas avtomobil yolu olan Bakı-Qazax yolunun böyük hissəsi artıq yararsız hala düşüb, bəzi yerlərdə isə çox təhlükəli hala gəlib. Yamaq-yamaq hissələr, dağılmış kələ-kötür asvalt yüksək sürətə uyğun deyil. Digər yollarımızda da belə yerlər çoxdur.
Yuxarıda qeyd etdiyimiz səbbələr faciə ilə bitən avtomobil qəzalarının əsas səbəblərini təşkil edir. Çox təəssüf ki, hələ də bu səbəblər aradan qaldırılmayıb.
Bundan başqa, avtomobillərin ehtiyat hissələrinin saxta və keyfiyyətsiz olması, sürücülərin yol hərəkət qaydalarını bilməməsi və ya bilsə belə riayət etməməsi də ağır qəzalarda əsas səbəblərin sırasında yer alır.
Bu səbəblərdən, ölkəmiz avtoqəzaların, qəzalarda ölümlərin sayına görə dünyada öncül yerlərdədir. Bütün bu səbəblər aradan qalxmayınca, belə faciələrin də ardı-arası kəsilməyəcək. Təəssüf ki, bu, acı həqiqətdir...