Elçin Bayramlı
Yoxsulluğun aradan qaldırılması üçün bütün dövlətlərdə sosial yardım formaları, proqramları var. Azərbaycanda da bir neçə sosial yardım proqramı tətbiq olunur. Onlardan ən məşhuru ünvanlı sosial yardımdır. Bu proqram hər bir vətəndaşa ən azı müəyyənləşdirilmiş yaşayış minimumu həddində vəsaitin dövlət tərəfindən kompensasiya edilməsinii ehtiva edir. Lakin burada kriteriyalar, seçmələr, yanaşmalar o qədər mürəkkəb, bürokratikdir ki, bəzən həqiqi ehtiyacı olan ailələr qalır kənarda, təminatı yüksək olan ailələrdən bəziləri sosial müavinətlər alırlar. Buna görə də bir çoxları bunu ünvansız sosial yardım adlandırır.
Bununla bağlı çox saylı rəsmi faktlar da açıqlanıb, bir çox belə əməllər ifşa olunub. Bu, şəffaf və obyektiv bir sistem kimi özünü doğrultmadı. Birincisi, burada elə tələblər var ki, bir çox ailələr bu yardımı ala bilmir. Məsələn, çoxuşaqlı, yoxsul bir ailənin çox köhnə bir maşını var və bunun bazar dəyəri 500 manat da deyil. Bu maşından istifadə edərək kənddə nəsə daşıyır, 5-10 manat pul qazanmağa çalışır. Bunu bəhanə edərək, bu ailəyə sosial yardım vermirlər. Və yaxud, evində müəyyən avadanlıqlar var, həyətində bir neçə toyuq-cücə var, və yaxud, çöldə bir az torpağı var, orada ya suvarma problemi var, ya digər problemlər var ki, heç ondan istifadə edib gəlir də əldə edə bilməz.
Daha bir absurd tələb. Təsəvvür edin ki, bir şəxsin yaşlı və xəstə qonşusu var. Həmin qonşu öz maşını üçün bu adama sürücülük etibarnaməsi verib ki, əgər qəfil halı pisləşsə, qonşu onu həkimə çatdıra bilsin. Belə bir halda bu şəxs yoxsul olsa da, haqqı çatdığı halda ünvanlı sosial yardım ala bilmir, çünki onun adına zəruri hallarda qonşunun maşınını idarə edə bilmək üçün etibarnamə verilib.
Beləliklə bəzi hallarda həqiqi haqqı çatan ailələrə yardım verilmir, amma rüşvətlə, tanışlıqla və s. formalarda bu yardımdan bəhrələnən imkanlı ailələr var. Ətrafımızda və sosial şəbəkələrdə davamlı olaraq çox ağır yoxsulluq vəziyyətində olan insanlar görürük və cəmiyyətdən yardım xahiş edirlər. Eyni zamanda bu şəxslərin ev şəraitindən, yaşayış vəziyyətindən açıq məlum olur ki, yoxsulluq həddindən də aşağıdadır. Belə bir halda, hansı əsasla onlara ünvanlı sosial yardım verilmir ki, bu insanlar dilənməyə məcbur olur, insanlardan yardım istəyir? Bunun harası ünvanlı yardım oldu?
Yəni əgər adambaşına 270 manat yaşayış minumumudursa, o halda 4 nəfərlik ailə üçün bu 1080 manat, 5 nəfərlik ailə üçün 1330 manat təşkil edir. İndi baxaq görək- ölkədəki bütün 4-5 nəfərlik ailələrə ayda 1000-1300 manat vəsait daxil olurmu? Əlbəttə ki xeyr.Bu halda sosial yardımların hansı effektindən danışmaq olar?
Əgər ünvanlı sosial yardımda uzun illərdir ki bu nöqsanları düzəldə bilmirlərsə, sui-istifadə hallarının qarşısını da almaq olmursa, onda praktik effekt verən başqa sistemlərdən istifadə etmək lazımdır.
Uzun illərdir ki, ictimai xadimlər tərəfindən təklif olunur ki, Azərbaycanda uşaq pulu verilsin, hətta qeyd olunur ki, ünvanlı sosial yardım ləğv edilərək uşaqpulu formasında verilməsi daha effektiv olardı. Çünki uşaqpulunda hər hansı bir bürokratik əngəllər, rüşvət, korrupsiya amili olmayacaq, bu halda ailələrdə uşaqların dəqiq sayı konkret məlumdur, hər uşağa veriləcək məbləğ məlumdur. Konkret olaraq, bir ailənin 3 uşağı varsa, məsələn, hər uşağa dövlət 200 manat nəzərdə tutursa, bu ailə 600 manat alacaq. Hər hansı bir məmur bunu nə dayandıra bilər, nə də ki bu məbləği başqa cür aşağı-yuxarı yaza bilər.
Uşaqpulu aztəminatlı ailələri vəziyyətdən çıxardır, uşaqların sağlam şəkildə böyüdülməsini təmin edir və yoxsulluğu aradan qaldırır. Çox təəssüf ki, bizdə bu təkliflər uzun illərdir ortaya qoyulsa da uşaq pulu nə bərpa olunur, nə onunla bağlı bir addım atılır.
Yalnız bu kimi məsələlər kompleks şəkildə baxılsa, əhalinin yoxsul təbəqələrinin ümumi sayı, vəziyyəti, gəlir səviyyəsi hesablanıb nəzərə alınsa, bu problem həll oluna bilər. Bu formalarda dövlət balanslı şəkildə insanların minimum ehtiyaclarını tələb olunacağı qədər vəsaiti hər hansı bir formada çatdırmalıdır. Ancaq bu günkü proqramlarda məmur amili önə çıxır ki, burada yayındırıcı, çaşdırıcı məqamlar var, müxtəlif bəhanələrlə istəyəndə verirlər, istəyəndə vermirlər. Bu artıq korrupsiya elementlərini yaradır.
Ona görə daha effektiv, daha şəffaf sistemlər yaradılmalıdır ki, sosial təminatlar, sosial proqramlar öz həqiqi məqsədinə çatsın. Yəni, sosial ədalətin bərpa olunması, insanların heç olmasa, minimum ehtiyaclarının təmin olunması dövlətin ən ali məqsədidir. Onu təmin etmək üçün isə yenidən bu sahədə islahatlar aparılmalıdır.