Milli Məclis bir neçə gün bundan öncə tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimə məbləğinin 6 dəfə artırılmasını təsdiq edib. Dəyişikliyə görə, tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimənin məbləği 50 manatdan 300 manata qaldırılır.Eyni zamanda, nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə 700 manat məbləğində cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 60 saatdan 100 saatadək ictimai işlər tətbiq olunur. Bundan başqa, məişət tullantılarının kənar yerlərə atılmasına görə 300 manatdan 5000 manatadək cərimə tətbiq olunacaq.İndi keçək əsas MƏTLƏBƏ.
Əlbəttdə, cərimələrin artırılması şəhərin küçə və xiyabanlarını zibilləyənlərin sayını minimuma endirmək, bu istiqamətdə hansısa dəyişikliyə nail olmaq, ən başlıcası ekoloji mühiti yaxşılaşdırmaq məqsədi daşıyır. Təəssüfedici məqam odur ki, ayrı-ayrılıqda hər birimiz bunun düzgün hərəkət olmadığını bilsək də, əməllərimiz tam tərsini göstərir. Hər gün küçədə yerə tüpürən, siqaret kötükləri atan şəxsləri görəndə, avtobus dayanacaqlarında boş butulkalar, siqaret qutuları, çeynənib atılmış saqqız və digər zibil tullantıları rastımıza çıxanda artıq təəccüblənmirik. Bəs çoxmilyonlu şəhərimizdə qarşılaşdığımız bu cür halların - natəmizliyin qarşısını necə almaq olar, onu yaradanlara qarşı hansı tədbirlər görülməlidir, yaxud ekoloji maarifləndirmə effektif üsul sayıla bilərmi?
"COP29 ərəfəsində şəhərimizin təmizliyi və ekoloji təhlükəsizliyi çox çox önəmlidir"
İctimai yerlərdə təmizlik və ekoloji məlumatlandırma baxımından şəhər sakinlərinin maarifləndirilməsinə böyük ehtiyac var. Bu, daha çox şəhər mədəniyyəti, ictimai yerlərdə mədəni davranış qaydaları ilə bağlı olan məsələlərdir.Bu gün xüsusilə paytaxt Bakıda insanların təmizlik məsələlərinə ciddi fikir verməsinə böyük ehtiyac var. Nəzərə alsaq ki, son illər bölgələrdən iş-güc tapmaq üçün Bakıya böyük insan axını var, üstəlik bu insan axını ən müxtəlif sosial insan qruplarını, düşüncə və mədəniyyətlərini əhatə edir, o zaman vəziyyətin aktuallığı daha aydın şəkildə ortaya çıxır. Ən ağrılı məsələ bir sıra insan kütləsinin illər keçsə də şəhər həyatına uyğunlaşa bilməməsi, şəhər mədəniyyətinə ciddi ziyan vurmasıdır. Bura yeni tikililərdə zibili yuxarı mərtəbələrdən küçəyə atmaq, liftdə “zəruri ehtiyaclarını ödəmək”, zibil torbasını liftdə “unudub” getmək, küçədə səbəbsiz yerə qışqırmaq, yola tüpürmək kimi zərərli vərdişlər daxildir. Təəssüf ki, şəhər mühitinə və yaşayış qaydalarına uyğunlaşmayan əhali qrupu getdikcə çoxalır.Hər kəs bilməlidir ki, şəhərdə təmizlik qaydalarına riayət etmək, ilk növbədə, əhalinin özünün təmiz şəraitdə yaşaması onlar üçün rahatlıq, səliqəlilik, gözəllik yaradır. Digər tərəfdən bu, ölkəmizin imici baxımından mühüm əhəmiyyət kəsb edir. Gələn ay ölkəmizdə COP29 kimi nüfuzlu beynəlxalq tədbir keçiriləcək. COP29 ərəfəsində şəhərimizin təmizliyi və ekoloji təhlükəsizliyi çox çox önəmlidir. Çünki sırf ekoloji mövzulara həsr olunan bu tədbir həm də şəhərimizin təmizliyi, ekoloji mədəniyyətimizi və səviyyəmizi nümayiş etdirmək baxımından çox-çox önəmlidir. Həmçinin, həmin günlərdə ölkəmizə gələcək turist çoxluğunu nəzərə alsaq, bu baxımdan da təmiz və səliqəli olmaq vacibdir. Çünki ölkəmizin təmiz və səliqəli olması turistlərin ölkəyə baxışında hədsiz dərəcədə mühüm rol oynayır. Odur ki, cərimələr, inzibati tənbehlərlə yanaşı əhalinin maarifləndirilməsi, təmizliyə və ekoloji təhlükəsizliyə qarşı düşüncə dəyişikliyi çox önəmi məsələdir. Hər şeyi insan beyni planlaşdırır. Təmizliyi də, natəmizliyi də...
Mətləb Salahov