PDF Oxu

Köşə

  • 3 842

Üzə bilməyən və batan Bakı: paytaxtı necə xilas etməli? – KÜNCDƏN BAXIŞ

image

Elçin Bayramlı

Son yağan yağış zamanı Bakının əksər ərazilərini su basması və 2 vətəndaşın boğulub ölməsi ciddi təhlükə sıqnalıdır. Bakı şəhəri artıq normadan dəfələrlə artıq yüklənib, şəhərin yolları, kommunal sistemləri bu yükün öhdəsindən gələ bilmir. Drenaj sistemləri adi yağış və kanalizasiya sularını ötürməyə çatdıra bilmir. Mütəxəsislərin və aidiyyatı hökumət nümayəndələrinin verdiyi açıqlamalardan vəziyyətin təhlükəli olduğu aydın olur. Nəqliyyatın hərəkətində yaranmış tam kollaps vəziyyəti bir yana qalsın, yağış yağdıqdan sonra Bakını su basması son vaxtlar daha tez-tez müşahidə olunur. Faktiki olaraq Bakı şəhəri artıq yaşanmaz hala gəlib. Bəs bu problemlərin səbəbi nədir, onları necə həll etmək olar?

Əhalinin çoxalması nəticəsində mövcud nəqliyyat və kommunikasiya sistemləri, su-kanalizasiya qurğuları həddən artıq yüklənib və çatdırmır. Buna görə də, adi yağış yağarkən şəhərin çox hissəsini su basır. Mütəxəssislər neçə ildir həyacan təbili çalır, lakin hələ də bu sahədə ciddi tədbirlər həyata keçirilməyib.

Landşaftşünas Şəbnəm Karslı bir müddət əvvəl mətbuata sensasion açıqlamasında vəziyyəti belə ifadə etmişdi: “Artıq torpaq sürüşə-sürüşə altının yeyildiyini bizə xəbər verir. Bakıda, Abşeron yarmadasında əhalinin yaşadığı yerin altı ovulur. Bir gün görəcəyik ki, hansısa ərazi çöküb. Bunun effekti yerin üstündə yaşayan insan üçün 9-10 bal gücündə zəlzələ qüvvətindədir”. Mütəxəssis fikirlərini bu cür əsaslandırıb: “Sürüşmə və çökmə təhlükəsi olan ərazilərdə insanlar yaşamamalıdır. Ərazidə torpağı gücləndirdib, işləri yekunlaşdırdıqdan sonra onun üzərində gəzə bilərsiniz. Mütəxəssislər gəlib ərazidə torpağın altında, üstündə, hansı qatının necə olmasını araşdırmalıdır. Onun üzərindəki inşaat dayandırılmalıdır. Qurunt sularının axınının güclü olduğunu bildiyimiz, xəritədə yeraltı çay kimi gördüyümüz ərazidə yaşayan insanlar mütləq mənada köçürülməlidir. Vətəndaşlar bir minanın üzərində yaşadığının fərqində deyil”.

Bakının çoxsaylı və sıx-sıx tikilmiş hündürmərtəbəli binalarla yüklənməsi o səviyyəyə çatıb ki, artıq alimlərin də işi çətinləşib. Mütəxəssis bir müddət qabaq verdiyi qərara bu gün əmin ola bilmir. Çünki orada başqa işlər görülüb, təbii landşaft antropogen lantşafta dönüb. Yaşayış massivləri salınmazdan əvvəl drenaj şəbəkəsi quraşdırılmalıdır və mərkəzi kanalizasiya sisteminə qoşulmalıdır. Sovet dövründən sonra Bakının kanalizasiya sistemlərində təmir işi aparılmayıb, halbuki şəhərdə əhali sayı 3 dəfə artıb.

Son 30 ildə böyük demoqrafiq axına və sürətli tikinti bumuna məruz qalan Bakıda artıq sözün əsl mənasında bina, adam və maşın əlindən təprənmək olmur. Qeyri-rəsmi məlumatlara görə, Bakıda faktiki olaraq 5 milyonadək insan yaşayır. Şəhərin mərkəzi hissəsi isə daha çox yüklənib. Artıq küçələrdə hərəkət etmək də müşkülə çevrilib.

Yeganə əlac kimi o qalır ki, Bakıda əhali sıxlığını və binaların sayını azaltmaq lazımdır. Problemdən çıxış yolu kimi bəzi idarə və təşkilatların digər şəhərlərə yerləşdirilməsi, şəhərin kənarlara doğru genişləndirilməsi, paytaxtın başqa əraziyə köçürülməsi variantları var. Lakin paytaxtın köçürülməsi real görünmədiyindən, heç olmasa yükünün azaldılması vacibdir.

Bəs çıxış yolu nədədir- şəhəri genişləndirmək və mərkəzdən yüklənməni azaltmaq üçün irəli sürülən təkliflər nə dərəcədə realdır? Memar Rasim Süleymanov deyir ki, Bakını Şıxov və Lökbatan istiqamətində genişləndirmək daha düzgün olar: “Digər ərazilərdə şəhər mərkəzdən xeyli uzaqlara qədər uzanıb, lakin Şıxov istiqaməti paytaxtın mərkəzinə ən yaxın məskunlaşmamış ərazidir. Bakının mərkəzində yeni tikilərə icazə verilməməsi, bzi tikililərin sökülməsi ilə paralel olaraq şəhərin yükünün mərkəzi hissələrdən nisbətən kənarlardakı (Dərnəgül, Böyükşor, Ağşəhər, Şıxov vəs) boş ərazilərə doğru paylanması ilə bugünkü problemlərin bir hissəsi həll edilə bilər.

Bu istiqamətlərdə şəhəri genişləndirmək, gözəl prospektlər yaratmaq, bir-birinə yaxın olmamaq şərtilə yeni binalar tikmək mümkündür. Lakin həmin binalar hazırda tikilənlər kimi hündürmərtəbəli olmalı deyil. Göydələnlər Bakıya məxsus olan memarlıq deyil. Bakı belə ağırlığa davam gətirə bilməz. Bakıda ancaq 5-10 mərtəbəli gözəl binalar tikmək olar”.

Memar hesab edir ki, iri dövlət və özəl müəssisələri, idarələri, universitetləri şəhər mərkəzindən kənarlara, hətta digər şəhərlərə köçürmək lazımdır: “Bundan başqa, iş səbəbi ilə Bakıda məskunlaşan yüz minlərlə vətəndaşın rayonlara qaytarılması üçün işlər görülməlidir. Bu da, regionlarda iş yerlərinin artırılması ilə mümkün ola bilər”.

Artıq Abşeron yarımadasındakı torpaqların böyük hissəsi satılıb və burada binalar, evlər və obyektlər tikilib. Yarımadanın az qala bütünlüklə şəhərə çevrilməsi, yəni plansız meqapolisin formalaşmasıi böyük problemə səbəb ola bilər. Bakının ətrafında son dövrdə daha yarım milyon ev tikilib, bu da 2 milyon vətəndaşın burada məskunlaşması deməkdir, hansı ki, bunlar rayonlarda evləri, təsərrüfatları olan, orda yaşamalı olan vətəndaşlarımızdır. Onların öz şəhər və kəndlərinə qayıtması üçün regionların inkişafı məsələsinə daha böyük diqqət vermək lazımdır.

Bakını xilas etmək imkanları artıq itirilib, yeganə yol şəhərin əhalinin ən azı 30 faiz azaldılması ilə xüsusi siyasətin yürüdülməsidir. Ona görə də, məsələyə kompleks yanaşmalı və problem fundamental olaraq həll edilməlidir. Bunun üçün ictimai dinləmələr keçirilməli, mütəxəssislərin rəyi nəzərə alınmalıdır. Daha sonra böyük bir dövlət proqramı həyata keçirilməlidir.

Digər xəbərlər