PDF Oxu

Köşə

  • 7 229

Maaş-pensiya artımı bahalaşmanı kompensasiya edəcəkmi? – KÜNCDƏN BAXIŞ

image

Elçin Bayramlı

2024-cü ildə inflyasiyanın davam etməsi- bir çox məhsulların və xidmətlərin qiymətinin bahalaşması əməkhaqqı və pensiyaların da artırılmasını şərtləndirir. Bununla bağlı artıq anons verilib və gələn ilin yanvarından maaş və pensiyalarda artımların olacağı gözlənilir.

Rəsmi məlumatlara görə, cari ildə inflyasiya 3,8 faiz olub, hökumət illik göstəricinin 5 faizi keçməyəcəyini bəyan etmişdi. Müstəqil ekspertlər isə mövsümi cari inflyasiyanın ən azı 10 faiz, illik əsasda isə 15 faiz həddində olacağını deyirlər.

2025-ci ilin dövlət büdcəsində sosial xərclərin 14 faizə yaxın artırılması nəzərdə tutulub. Bu 5 milyard manat vəsait deməkdir.

Bu hesabla maaş və pensiyaların 15 faiz artırılması vacibdir, lakin əksər ekspertlər maksimum 10 artırılacağını ehtimal edirlər. Nəzərə alsaq ki, 2024-cü ildə maaş və pensiyalarda artımlar edilməyib, bu müddətdə isə məhsul və xidmətlərin qiymətində bahalaşmalar baş verib, o halda artımın ən azı 15 faiz olması vacibdir.

Real inflyasiyanı nəzərə alsaq, minimum əməkhaqqının 345 manatdan ən azı 400 manata qaldırılması məcburidir. Artımlar inflyasiyanı indeksasiya etməlidir ki, əhalinin sosial vəziyyəti ağırlaşmasın. Daha yaxşı olardı ki, minimum əməkhaqqı 450 manata çatdırılsın.

Rəsmi məlumata görə, hazırda ölkə üzrə orta aylıq əməkhaqqı 900 manatı keçib. Median əməkhaqqı haqda məlumatlar rəsmi açıqlanmasada, müstəqil ekspertlər tərəfindən bu, 5-6 yüz manat civarında qiymətləndirir. Bu isə, son 2 ildə baş vermiş bahalaşmalar şəraitində çox aşağı məbləğdir.

Eləcə də minimum pensiya məbləği hazırda 280 manatdır, onun da 350 manatadək artırılması vacibdir. Çünki, real inflyasiya bu məbləğin dəyərini xeyli aşağı salıb.

Adambaşına yaşayış minimumu 270 manat təşkil edir. Lakin əksər ailələrin adambaşına gəliri bu məbləğdən aşağıdır. Bu səbəbdən həm minimum əməkhaqqının və minimum pensiyaların, həm də yaşayış minimumunun artırılması aztəminatlı ailələrin sosial müdafiəsi üçün çox vacibdir.

Ənənəvi olaraq bəzi işbazlar tərəfindən bu artımlardan sonra gündəlik məhsulların qiymətlərinin süni bahalaşdırılması tendensiyası müşahidə olunur ki, bu da son nəticədə inflyasiyanı artırır, edilən artımları səmərəsiz hala gətirir. Ölkə prezidenti bir neçə dəfə belə hallara qarşı sərt reaksiya verib və süni bahalaşma halları aradan qaldırılıb.

Büdcədən maliyyəşənlərin maaş və pensiyaları qaldırılandan sonra baş verən bahalaşma meyilləri təkcə onlara deyil, özəl və ictimai sektorda çalışan və maaşları artmayan vətəndaşlara da zərər vurur. Çünki, maaşı artımları dövlət büdcəsindən əməkhaqqı alanlara aid olur, özəl şirkətlərdə işləyənlərin maaşları artmır. Buna görə də, artımlardan əlavə, həm də bahalaşmanın qarşısı alınmalıdır.

Süni bahalaşmanın qarşısını almaq üçün inzibati metodların tətbiqi də mümkündür, lakin burada başqa faktorlar da var ki, ilk növbədə onlara toxunmalıyıq. Bazarda süni proseslərin qarşısını almaq üçün rəqabət mühiti təmin olunmalıdır.

Məhsulunu bazara çıxaran şəxs və ya şirkət bunun üçün verdiyi rüşvətləri məhsulun üzərinə əlavə edir və qiymətlər süni şəkildə artır. Qiymətlər bazar stabilləşdirməlidir, tələb-təklif münasibətləri əsas rol oynamalıdır. İnhisarçılıq, korrupsiya halları aradan qaldırılmalıdır.

İnzibati təzyiq vasitələri müvəqqətidir, amma bunun da təsiri ola bilər. İnzibati təzyiq ona yönəlməlidir ki, sahibkarların, məshul istehsalçılarının əlavə xərcləri yaranmasın. Əks halda, qiymətlər süni şəkildə artacaq. Ölkə başçısı dəfələrlə bildirib ki, sahibkarların fəaliyyətinə qeyri-qanuni müdaxilələr, təzyiqlər aradan qaldırılmalıdır.

Qiymət və qiymətləndirmə məsələsini tamamilə bazarın öhdəsinə buraxmaq da düzgün deyil. Çünki burada təkcə iqtisadi problem deyil, ictimai, siyasi, sosial və mənəvi məsələlər də birləşir. Belə ki, bəzi qiymətlərin dövlət tərəfindən tənzimlənməsi həmin məhsulların və xidmətlərin ucuzlaşması ilə nəticələnə bilər ki, bu da son nəticədə əhalinin həyat səviyyəsinə müsbət təsir edər.

Dünyanın ən yüksək inkişaf etmiş ölkələrində belə, qiymətlərin müəyyən sərbəstliyi və sahibkarın qiymət sahəsindəki sərbəstliyi ilə yanaşı, dövlətin tənzimləyici siyasəti də mühüm yer tutur. Məsələn, hətta ABŞ kimi klassik bazar iqtisadiyyatına malik olan ölkədə gündəlik tələbat məhsullarından tutmuş strateji məhsullara qədər 900-ə yaxın adda məhsul və xidmətin qiyməti dövlətin nəzarətindədir. Azərbaycanda da belə bir sistem tətbiq olunmalıdır.

Digər xəbərlər