Elçin Bayramlı
Son illərdə kənd təsərrüfatı bazarlarında və ərzaq mağazalarında müşahidə olunan qeyri-stabil qiymətlər həm istehsalçılar, həm də istehlakçılar üçün problem yaradır. Bu tendensiya özlüyündə daha ciddi problemin carçısıdır- ölkənin aqrar sektoru ərzaq təhlükəsizliyini hələ ki, təmin edə bilmir. İdxalından asılılıq təxminən 50 faiz civarında qalır. Baxmayaraq ki, dövlət tərəfindən aqrar sektora böyük dəstək verilir, milyardlarla investisiya qoyulur, subsidiyalar və güzəştlər verilir. Demək, aqrar sahədə fundamental islahatların aparılması vacibdir.
Problemin bir neçə səbəbi var. Əsas məsələ həm də ondadır ki, Azərbaycanda planlı təsərrüfat sistemi tətbiq olunmur. İndi kim nə istəyirsə, onu əkir. Bir il bir məhsul az əkilir, digəri çox. Bir məhsul bir il həddən artıq bol olanda onu əkənlər ucuz satmalı olurlar və ziyana düşürlər. Həmin il hansısa məhsul az əkilibsə, onun qiyməti xeyli baha olur. Bu səbəbdən də kənd təsərrüfatı mallarının qiymətləri stabil olmur. Burada həm əkinçilər zərərə düşür, həm də istehlakçılar. Hansısa məhsul az əkiləndə həmin məshulun xaricdən böyük həcmdə idxalı baş verir ki, bu həm baha başa gəlir, həm ölkədən valyuta çıxır, həm də idxal olunan GMO məhsullar əhalinin sağlamlığına zərər vurur.
Bütün bunlar aydın şəkildə göstərir ki, aqrar təsərrüfatı dövlət planlaşdırmalıdır. Sovet dövründə belə idi, ona görə də, respublikada hansı məhsuldan nə qədər tələbat varsa ən azı o qədər əkilirdi. O vaxt aqrar sektora elmi yanaşılırdı. Məsələn, iqlim, torpaq fondu və sair faktorlar nəzərə alınmaqla hansı regionlarda nə əkmək daha yaxşı effekt verirdisə, orada həmin məhsullar əkilirdi. Ona görə də aqrar sektorda yüksək nəticələr əldə olunurdu. İndi isə, kim harda nə gəldi əkir. Bu da bir çox hallarda zərərlə başa çatır.
Əsas ərzaq məhsulları növləri üzrə planlaşdırmadan əlavə, həm də regional planlaşdırma olmalıdır. Hər zonanın öz spesifik xüsusiyyətləri var, bunlara uyğun olaraq həmin zonada hansı növ bitkilər əkilməsi, hansı növ heyvandarlığın inkişaf etdirilməsi müəyyən edilməlidir. Dövlət mütləq burada iştirak etməli, planlaşdırmanı (stimullaşdırma yolu ilə) təşkil etməli, maliyyə dəstəyi verməlidir. Məsələn, kimsə kartof əkmək istəyirsə, o bilməlidir ki, nə qədər tələbat var. Tələbat olacaqsa, o əkməlidir, yoxdursa, əkməməlidir.
Hazırda əkinçilər bilmir ki, bu il respublikada hansı məhsullar çox əkiləcək. Çünki belə bir məlumat onlarda yoxdur. Bu cür məlumatlar ancaq dövlətdə ola bilər- Kənd Təsərrüfatı Nazirliyində. Nazirlik istehsalçıları elə yönləndirə bilər ki, həmin ildə bütün vacib məhsulların əkinləri uyğun həcmdə olsun. Bu halda, misal üçün, hər hansı məhsul bir il 5 manat, o biri il 1 manat olmaz.
Bir mövsümdə hansısa məhsuldan həddən çox əkilməsi ilk baxışda bazarda həmin məhsul üzrə bolluq və ucuzluq yaratsa da, digər hansısa məhsulların baha olmasına gətirib çıxarır. Bu, həmin il aqrar istehsalçıların bir qrupuna faydalı olur, ancaq digər qrup zərərə düşür və bezib əkinçilikdən əl çəkir. Yekun nəticədə ölkə idxaldan asılı qalır və növbəti illərdə daha baha və keyfiyyətsiz məhsul almalı olurlar.
Daha bir problem isə bazarlardakı alverçi qrupudur. Belə ki, paytaxtda və digər şəhərlərin bazarlarında kənd təsərrüfatı məhsullarını əsasən alverçilər satır. İstehsalçının bazara girişi məhduddur, alverçilər ondan məhsulu, məsələn 20-30 qəpikdən alıb 1 manata satırlar. Bu halda həm istehsalçılar, həm də alıcılar uduzur. Udan yalnız alverçilərdir. Amma istehsalçı bazara buraxılsa, öz məhsulunu, məsələn 20 qəpiyə yox 40-50 qəpiyə satardı. Burada o iki dəfə çox qazanmış olur, alıcılar isə məhsulu iki dəfə ucuz almış olurlar.
Bunu təmin etməklə, ölkədə bolluq və ucuzluq yaratmaq olar. Dəfələrlə təklif etmişik ki, nazirlik bütün şəhərlərdə böyük daimi yarmarkalar təşkil etməlidir. Oraya öz məhsulunu gətirənlər pulsuz ya da simvolik qiymətlə buraxılmalıdır, alverçilər kənarlaşdırılmalıdır. Bu halda istehsalçılar öz məhsullarını rahat sata biləcək, yaxşı gəlir əldə edəcək, gələn il daha çox məhsul əkməkdə maraqlı olacaq. Dolayı yolla ölkədə bolluq və ucuzluq yaranacaq, artıq məhsulu xaricə ixrac etmək və ölkəyə valyuta qazandırmaq mümkün olacaq.
Kənd Təsərrüfatı Nazirliyi indiyədək bu barədə elə də effektiv addımlar atmayıb. Bu sahəyə ayrılan böyük vəsaitlər ciddi nəticə verməyib. Halbuki, düzgün idarəetmə aparılsa, aqrar sektor Azərbaycanda ən gəlirli sahə ola bilər, hətta neftdən də çox gəlir vermək potensialı var. Bunu edə bilsək, tezliklə ölkədə sosial-iqtisadi inkişaf daha böyük vüsət ala bilər, işsizlik tam aradan qaldırılar, ÜDM, dövlət büdcəsinin gəlirləri, qeyri-neft ixracımız artar, idxal azalar, əhalinin sosial vəziyyəti xeyli yaxşılaşar.
Aqrar sektor təkcə əkin əkilməsi, heyvandarlıq demək deyil, bu böyük yeyinti və yüngül sənaye sistemi deməkdir. Yəni, zavodlar, fabriklər, digər istehsal müəssisələri. Bunları yaratmaqla, xaricə ucuz qiymətə satdığımız xammalı özümüz emal edib hazır məhsul alarıq və daha çox qazanc əldə edərik. Xammal ixracatçısından, hazır məhsul ixracatçısına çevrilməlyik. Bunu yaratmaq üçün maliyyə imkanları da var. Hesab edirəm ki, məhz aqrar sənayenin yaradılması üçün strateji ehtiyatlarımızdan bir neçə milyardı ölkəyə gətirib bu sahəyə investisiya etmək olar.
Hökumət “Kəndə qayıdış” proqramı elan etməli, boş torpaqlarda təsərrüfat yaratmaq istəyən vətəndaşlara güzəştlər və kreditlər verməlidir. Televiziyada kənd həyatı təbliğ edilməli, əkin-biçin təşviq edilməlidir. Ali təhsildə aqrar sahəni, iş yerlərində regionları seçən şəxslərə xüsusi imtiyazlar verilməlidir.
Xüsusən də, işğaldan azad olunmuş ərazilərdə aqrar sektorun böyük potensialı var. Bu bölgədə aqrar istehsalçılara dövlət dəstəyi və güzəştlər artırılmalıdır. Artıq bu sahədə müəyyən işlərə başlanıb. Heyvandarlara subsudiyalar, əkinçilərə yardımlar həyata keçirilir. Bu işi genişləndirməyə ehtiyac var.
Ümumiyyətlə, son 30 ildə ölkə əhalisinin demoqrafik miqrasiyası birxətlidir- regionlardan Bakıya axın davam edir. Hazırda respublika əhalisinin yarısı Abşeron yarımadasında məskunlaşıb. Dediyimiz tədbirlər həyata keçirilsə, regionlarda həyat canlanar, paytaxta cəmləşmiş əhalinin böyük hissəsi geri qayıdar. Tarazlı inkişaf gedər və diversifikasiya olunmuş iqtisadiyyat formalaşar.