PDF Oxu

Köşə

  • 1 714

Təhsildə vəziyyət: hər şey var, amma nəsə çatışmır - KÜNCDƏN BAXIŞ

image

Elçin Bayramlı

Azərbaycanda təhsil sektoru ildən-ilə tənəzzülə uğrayır. Halbuki, dövlət büdcəsindən ən böyük ayırmalardan biri məhz təhsilə yönəldilir. Bu da ildə təxminən 4 milyard manatdan çox vəsait deməkdir. Amma bu qədər vəsait belə təhsil sahəsində inkişafa səbəb olmur. Söhbət təkcə təhsilin keyfiyyətindən də getmir, həm də təhsil müəssisələrinin şəraitindən, maddi-texniki vəziyyətindən gedir.

Bəzi məktəblər var ki, demək olar ki, istifadəyə yararsız hala düşüb, nə normal bina var, nə də rahat şərait. Bu vəziyyətdə guya təhsil verilir. Siniflərdə 35-40 uşaq təhsil alır. Bu yaxında Tovuz rayonunda idim. Rayonun və ölkənin ən böyük kəndlərindən birində- 20 min əhalisi olan Düz Qırıqlı kəndində Sovet dövründə iki məktəb var idi. Sonradan onlardan biri ləğv edildi və bütün yük digər məktəbin üzərinə düşdü. Kənd çox böyük ərazini əhatə edir. Uşaqların bəziləri məktəbə getmək üçün 5-6 kilometr piyada yol qət edirlər. Bu, həm şagirdlər, həm müəllimlər, həm də valideynlər üçün böyük əziyyət deməkdir. İki məktəb belə bu kənd üçün az olduğu halda, onlardan birinin ləğv edilməsi tamamilə anlaşılmazdır.

Digər yerlərdə də oxşar mənzərə var. Məsələn, Düz Çırdaxan kənd məktəbi, Əlimərdanlı kənd məktəbi və s.- hamısı bərbad gündədir. Ölkənin digər rayonlarında, kəndlərində də belə vəziyyətdir- məktəblərin sayı azaldılır, müəllimlərin sayı azaldılır və bir məktəbə və bir müəllimə düşən gərginlik artır.

Bir çox məktəblər çox köhnə və uçmaqda olan binalarda yerləşir. Məqsəd guya “pula qənaət”dir. Mənasız layihələr, lazımsız bəzək-düzək işləri, gülünc tədbirlər üçün pul xərclənir. Halbuki, ən azı elementar tədris şəraitini yaratmaq üçün vəsait ayrılmalıdır. Normal tədris şəraiti yoxdursa, heç bir təhsildən söhbət gedə bilməz.

Təhsilin keyfiyyətinə gəldikdə isə ümumiyyətlə, danışmağa dəyməz- keyfiyyət demək olar ki, yoxdur. Orta məktəb təhsili 5 ballıq sistem üzrə ən yaxşı halda 2-yə cavab verir. Bu, həm buraxılış imtahanlarının nəticələrində, həm də ali məktəblərə qəbul göstəricilərində açıq görünür.

Ali məktəblərə keçid balı yığıb qəbul olunanların çox böyük əksəriyyəti məktəblərin yox, valideynlərin pulu hesabina başa gələn hazırlıq kurslarının və repetitorların sayəsindədir. Bir çox məktəblərdə son siniflərdə uşaqların çoxu məktəbə gəlmir, hazırlığa gedirlər- çox vaxt da öz müəllimlərinin yanına. Bəzi müəllimlər şagirdlərə məktəbdə öyrətməli olduqları bilikləri, evdə öyrədir- əlbəttə aylıq ödəniş müqabilində. Bəs onda məktəb nəyə lazımdır? Uşaqların təhsil alması valideynlərin xərci hesabına kənarda başa gələcəksə bu qədər dövlət vəsaiti təhsilə niyə ayrılır?

30 ildir təhsilin, imtahan sisteminin başında aparılan saysız hesabsız əcaib eksperimentlər bitmək bilmir. Ali məktəblərə qəbul məzhəkəsi isə lap gülməlidir. Elə bir əcaib bir sistem qurulub ki, 600-dən artıq bal yığanlar ali məktəbə qbul ola bilmir, amma 150-200 bal yığanlar qəbul ola bilir. Dünyada bundan biabırçı və gülünc sistem ola bilməz. Belə çıxır ki, ən bilikli məzunlar kənarda qalmalı, bilik səviyyəsi 5 ballıq sistem üzrə 1-ə, 2-yə cavab verənlər ali məktəbə daxil olmalıdır. Üzr istəyirəm, bu sarsaq, xain və sabotaj xarakterli sistemi quraşdıranlar həs olunmalıdır- ölkəyə, xalqa, dövlətə qəsdən ağır zərər vurmaq maddəsi ilə.

Beləliklə, bir tərəfdən, keyfiyyət sıfır səviyyəsindədir, digər tərəfdən isə tədris şəraiti və məktəb təminatı acınacaqlı haldadır. Əhali artır, lakin yeni məktəblər açmaq əvəzinə mövcudları da bağlayırlar. Məktəblərin və müəllimlərin sayı azaldılır ki, bu da təhsilin keyfiyyətini daha da aşağı salır.

Ali məktəblərdə plan yerlərinin 80 faizi pulludur və tez-tez də təhsil haqqı artırılır. Üstəlik də düz əməlli bir təhsil də vermirlər. Məhz bu səbəbdən getdikcə daha valideyn uşağını xarici ölkələrdə oxutmağa çalışır. Bu həm daha ucuz başa gəlir, həm də daha keyfiyyətli təshil almış olur. Təsəvvür edin ki, Bakıda uşaq oxutmaq, xarici ölkədə oxutmaqdan daha baha başa gəlir. Bu biabırçı bir paradoksdur.

Açıq şəkildə təhsilin bərbad vəziyyəti barədə danışanda isə yuxarı orqanlardan, audit və nəzarət qurumlarından heç bir reaksiya verilmir. İctimaiyyət, media, müəllim və şagirdlər tərəfindən də ciddi etiraz yoxdur. Təhsil sektoru tamamilə çökmək üzrədir. Artıq 30 ildir ki, təhsil sahəsində “təcrübə” adı altında uğursuz eksperimentlər aparılır. Nəticə isə göz qabağındadır- Azərbaycan təhsili tənəzzül edir. Təəssüf ki, bunun qarşısını almaq üçün heç bir iş görülmür.

Digər xəbərlər