PDF Oxu

Köşə

  • 17 276

Stres yeyirik

image

Bu gün toyuq istehsalının hansı qaydada həyata keçirildiyindən əlbəttə, hər kəsin xəbəri yoxdur. Olanlar isə çox yaxşı bilir ki, biz toyuq əti yeyərkən, əslində stres yeyirik. Nəinki toyuq əti, həmin toyuqların yumurtası da bizə əsl yumurtanın tərkibində olanları deyil, yalnız stres verir.

Broyler olanda, nə olar ki? Nədir bu heyvanların günahı ki, onları belə şəraitdə saxlayırlar. Toyuğu Allah-təala yaradanda onu çöl-bayır, həyət-baca üçün yaradıb ki, gəzsin, dolansın, həm qidasındakı zəngin elementləri torpağın altından dimdikləsin, həm də təmiz havada yaşasın. Lakin biz insanlar toyuğa Tanrı tərəfindən bəxş olunan həyatı onun əlindən almışıq. Çox toyuq yetişdirmək, çoxlu toyuq əti istehsal etmək üçün böyük şəhərlərin içindəcə toyuqçuluq təsərrüfatları yaratmışıq. Yaradanda nə olar ki, bunu geniş sahədə etmək olmaz? Əlbəttə, olar.

Əvvəl əslində geniş bir ərazidə qurduğumuz bu kimi təsərrüfatlar sonralar tamahımız ucbatından kiçilməyə başlayır. Yəni daha çox toyuq yetişdirmək istəyimiz, tamahımız bu yazıq heyvanların yerini əlindən alır. Bu, o həddə çatır ki, toyuqlar ayaqlarını qoymağa yer tapmayıb, bir-birinin belində dayanırlar.

Hərdən onların həyatı ilə bağlı videolarla rastlaşanda, sözün həqiqi mənasında, çox narahatlıq keçirirəm. Düşünürəm ki, toyuqların da xoşbəxti, bədbəxti olurmuş. Məsələn, kənd toyuqları necə də xoşbəxt yaranmışlar. Yerləri geniş, istədikləri vaxt gəzir, dolaşır, istədikəri vaxt hinə qayıdır, istədikləri vaxt yumurtlayırlar.

Lakin broylerdə Tanrı tərəfindən toyuqlara verilən yumurtlama xüsusiyyətinə də dəyişiklik etmişik. Onların gecə və gündüzünü əllərindən alıb, çaş-baş salmışıq. Gündüz çirkli pəncərələrdən sızan gün işığı, gecələr isə elektrik lampaları bu yazıq toyuqlara işgəncədir. Onlar sahibkarların diktəsi ilə həyatda yalnız gündüz olduğunu düşünür və dayanmadan-durmadan zamansız şəkildə yumurtlayırlar. Nədir, nədir ki, sahibkarlar daha çox yumurta satıb varlansın. Təsərrüfatını daha da genişləndirsin, milyonlarla manat gəlir əldə etsin, toyuqların bədbəxtliyi üzərində özünə səadət qursun. Maşınlarda gəzsin, təmtəraqlı evlərdə yaşasın.

Belədir, bəli, toyuq biznesi quranların hər biri başqalarından fərqli yaşayır. Bunu hamı bilir. Arada isə toyuqların həyatı məhv olur. Onlar dünyaya gəldiklərinə peşman olurlar. Əlacsız qalıb stresdən bir-birinin başını dimdikləyir, al-qana qərq edirlər.

Toyuq biznesi ilə məşğul olanların qurbanı tək toyuqlar deyil, həm də insanlardır. Onların stres altında saxladığı toyuq və onların yumurtalarından istifadə edən insanlar da elə bilməyin ki, toyuq və yumurta yeyir. Onlar yalnız stres yeyirlər. Çünki yediyimiz toyuq və yumurtanın mayası stresdən yoğrulur.

Çox təəssüf ki, belə qorxunc şəraitdə istehsal olunan toyuq əti digər ət növlərindən ucuz olduğu üçün ölkədə minlərlə insanın ən çox istifadə etdiyi qida məhsuludur. Kənd yumurtasını gündüz çıraq işığı ilə axtarmalı olduğumuz bir dövrdə broyler yumurtasını bizə gəzən toyuq, nə bilim ferma toyuğu, bir də broyler toyuğu adı ilə müxtəlif qiymətlərə satan market və mağaza sahibləri də toyuqçuluq təsərrüfatı sahibləri ilə əlbir şəkildə bu “siyasəti” həyata keçirir.

Onlar qazanır: həm toyuqdan, həm yumurtadan. Biz sadə insanlar istə itiririk: həm toyuq, həm də onun yumurtasın yeməklə. Çünki yediyimiz yalnız stresdir. Sonra da deyirik ki, küçədə-bacada, ictimai nəqliyyatda nə üçün insanlar bu qədər əsəbidir; bu uşağa, bu kişiyə, bu qadına söz demək mümkün deyil, o saat özündən çıxır. Əsəbi olacaqlar da, yedikləri stresdir.

Mətanət Məmmədova

Digər xəbərlər