Amma bu, bir vaxtlar idi. O vaxtlar ki, ataların “yol böyüyün, su kiçiyindir” tövsiyəsinə əməl olunurdu. Hər yerdə-harada qapı varsa, oraya özündən böyük insanın girdiyini, oradan özündən böyük insanın çıxdığını görən gənc dayanırdı və böyüyə yol verirdi. Olsun küçə, ictimai nəqliyyat və sair ağlınıza gələn hər yer... Yol böyüyün idi. Əziyyət çəkib 2-3 dəqiqədə gözləməli idin ki, böyük keçsin...
Su isə kiçiyin idi. Yəni haradasa su içmək lazım gəldikdə, suyu ilk olaraq uşaq içməli, uşağa içirdilməli idi, axı onların dözümü biz böyüklərin dözümündən azdır.
Elə bu kimi dəyərlərimizə görə də zaman-zaman atalarımızın dilində bu deyim formalaşmışdı: yol böyüyün, su kiçiyindir.
Müasir dövrümüzdə qarşılaşdığımız və gördüyümüz mənzərələr fonunda bu məsələyə nəzər salmağın da yerində olduğunu düşünürəm. İndi artıq böyüyə yol vermək az-çox rayonlarda qalıb. Hansı ki, bəzən rayondan gələnlərin şəhərdə özlərini aparmağı bacarmadıqlarını iddia edənlər olur. Lakin təəssüf ki, elə adət-ənənələrimizdən, milli dəyərlərimizdən nə qalıbsa, rayonlarda qalıb. Elə bu gün haqqında danışdığımız böyüyə yol vermək kimi...
Təəssüf ki, böyüyə yol vermək əsasən ötən illərdə qalıb. İndi əksər gəncə yaşlılar yol verməli olurlar. Çünki onlar ictimai nəqliyyatda özlərini elə irəli verir ki, yaşlı insanlar yıxılmaqdan, zədə almaqdan qorxub onlara yol verməli olurlar.
Metronun giriş qapısından tutmuş qatarlaradək müşahidələrim əsasında deyə bilərəm ki, böyüklərə yol verən çox az gənc var. Başları söhbətə, telefona elə qarışıb ki, böyüklər yaddan çıxıb. Qulaqlardakı qulaqcıqlar ətraf aləmdən uzaqlaşdırıb belə gəncləri. Sanki dinlədikləri musiqini ritmi ilə hərəkət edirlər. Bu ritm isə özündən dəfələrlə böyüyü arxada qoyub irəliyə keçməklə nəticələnib.
Hələ böyüyə yer verməyi demirəm, çünki bu, ayrıca bir mövzudur.
Küçədə, əhalinin sıx olan yerlərində də müşahidə edən olsa, görər ki, gənclər dərsdən çıxanda yolu elə zəbt edirlər ki, sanki yol yalnız onlara məxsusdur. Buradan nəinki böyük olan, heç öz yaşıdları da keçə bilmir. Lakin yolda, ictimai nəqliyyatda və yerlərdə hərəkətin qayda-qanunu var. Kimsə yolu zəbt edən belə gənclərdən xahiş etməlidir ki, zəhmət olmasa, mənə yol verin? Ya da bir tərəfə çəkilin, keçim? Onlar özləri fikirləşməlidir ki, yolu zəbt etmək olmaz.
Beləliklə, hazırda əksər gənc belə bir düşüncə ilə yaşayır ki, hər yerdə mən. Bu isə “yol böyüyün olmalıdır” kimi dəyərimizin keçmişdə qalması, günümüzdən uzaqlaşması ilə nəticələnir.
Lakin unutmağa haqqımız olmayan adətlərimizdən birincisi böyüyə yol verməkdir. Çünki bu, adətlərdən də əvvəl mənəvi zənginliyimiz, ailə dəyərlərimizə sayğı ilə yanaşmağımız və tərbiyəmizin göstəricisidir.
Qoy gənclər unutmasın ki, bir gün də onlar bu gün yol vermədikləri böyüklərin yaşına gələcəklər. Yaşlandıqca insanın həssaslaşdığını, özündən yaşca kiçik olanlardan hörmət gözlədiyini nəzərə alsaq, ola bilməz ki, bu, yaşa dolduqca onları incitməsin. O zaman ki, ətrafdakı gənclərdən sayğı umacaqlar, elə həmin an anlayacaqlar ki, biz gənclikdə hansı səhvləri etmişik. Lakin onda gec olacaq.
Elə bu səbəbdən də, əziz gənclər, gəlin, bir az yubanmalı olsaq da, böyüklərə yol verək. Çünki hər kəsin evində böyüyü var. Özündən böyük bir insana sayğısız yanaşmaq öz böyüyünüzə sayğısızlıq deyilmi?..
Mətanət Məmmədova