PDF Oxu

Köşə

  • 1 730

Ətin qiyməti niyə bahalaşır? – KÜNCDƏN BAXIŞ

image

Elçin Bayramlı

Ət və ət məhsulları bahalaşmaqda davam edir. Artıq paytaxtda mal ətinin kq-ı 17, qoyun ətinin kq-ı isə 21 manata təklif olunur. Bu isə o deməkdir ki, son bir ayda ət daha 10-15 faiz bahalaşıb. Cəmi 1-2 il əvvələ nisbətən ət 50 faiz bahalaşıb. Ətin bahalaşması təkcə bizdə deyil, bütün dünyada da baş verir. Lakin ölkəmizdə bu bahalaşma daha sürətlə gedir. Bunun da iki əsas səbəbi var: Biri lokal səbəblərdir, digəri isə qlobal səbəblər.

Qlobal səbəb süni ət texnologiyasının artıq bir neçə ildir hazır olması və bəzi ölkələrdə dövriyyəyə buraxılması ilə bağlıdır. Proqramlaşdırılmış hüceyrələrin süni çoxaldılması nəticəsində əldə olunur. Genetikası tamamilə təbiilikdən çıxarılmış süni və təhlükəli məhsuldur. Bunu tədricən dünya istehlakçılarının süfrəsinə oturtmaq üçün qlobal bir proses gedir. Hazırda maya dəyəri 15 dollara qədər aşağı salınıb və getdikcə də aşağı düşür. Hədəf maya dəyərinin 5 dollara qədər salınmasıdır.

Buna paralel olaraq da bütün dünyada heyvandarlığa qarşı mübarizə gedir. Artıq bir çox Qərb ölkələrində insanların heyvan saxlaması üçün vergilər artırılıb, müxtəlif qadağalar və məhdudiyyətlər qoyulub. Bunu da qlobalistlər belə əsaslandırırlar ki, guya ki, heyvanlar xeyli metan və karbon qazı buraxır ki, bu da ozon qatını dağıdır, atmosferi çirkləndirərək təhlükə yaradır. Halbuki bu tamamilə əsassız bir bəhanədir. Dünyadakı sənaye zavodlarından buraxılan metan və karbon emissiyası daha çox təbiəti korlayır. Eyni zamanda avtomobillər, gəmilər daha çox havanı zəhərləyir. Yəni təbiətə zərər vuran qlobal kapitalist sənayesidir. Azğıncasına, qudurmuşcasına, vəhşicəsinə qurulmuş istehlak çılığınlığı nəticəsində zavod və fabriklərdə təbii resursların tələbatdan artıq istehsalı və emalı nəticəsində yaranmış təhlükəli maddələrlə atmosferə heyvanların buraxdığından milyon dəfələrlə artıq zərər vururlar.

Təbii heyvanların sıradan çıxarılması üçün hətta bəzi ölkələrdə heyvanlar arasında yayılan müxtəlif xəstəliklər buraxdılar. Kütləvi şəkildə heyvanların qırılması baş verdi. Bu prosesin bizə də təsirləri dəyir. Azərbaycan həm də xaricdən böyük həcmdə diri heyvan və ət idxal edir və idxaldan asılılıq getdikcə artır. 2024-cü ilin ilk yarımilində Azərbaycana 30,7 min ton ət idxal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 min ton (26,7 faiz), çoxdur.

Lokal səbəblər yerli istehsalla bağlıdır. Respublikada iri və xırdabuynuzlu heyvanların sayı 20 faizdən çox azalıb. Heyvandarlıq sahəsi son illərdə çox ciddi şəkildə tənəzzülə doğru gedir. Heyvandarlıq üçün xərclər artıb. Müxtəlif standartların qoyulması sahibkarların xərclərini artırır. Örüş yerləri kəskin azaldılıb əkin sahələrinə verilir. Heyvanların otarılması üçün ərazi də qalmayıb. Heyvan yemlərinin kəskin bahalaşması da ətin qiymətinin artmasına təsir göstərir.

Bu 2 səbəbi biz ümumilikdə götürsək aydındır ki, ətin qiyməti fasiləsiz olaraq durmadan bahalaşacaq. Qlobal plan belədir ki, yaxın bir neçə ildə təbii ət dövriyyədən çıxarılsın. Müxtəlif qadağalar gözlənilə bilər. Sağlamlıq, ekologiya adı altında heyvanlara qarşı bir virusun buraxılacağını güman edirəm.

Hazıda broyler sənayesi tamamilə qlobal korporasiyaların əlindədir. Bir müddət əvvəl quş qripini buraxmaqla, dünya ölkələrinin əksəriyyətində təbii quşları qırıb məhv etdilər, yerinə isə broyler sistemini oturtdular. Çox yaxşı ki, quş qripi dövründə bizim hökumət ağıllı tərpəndi, qlobal hay-həşirə uymadı. Bizim yerli quşların məhv olmasına imkan vermədi. Hələlik rayonlarımızda, kəndlərimizdə xeyli təbii toyuqlar, quşlar hələ ki, qalıb. Bir çox ölkələrdə, məsələn, qonşu Türkiyədə təbii toyuqlar artıq demək olar ki, yoxdur. İndi isə, hələlik insanların əlində qalan xırda buynuzlu və iribuynuzlu heyvanları da sıradan çıxarmaq istəyirlər.

Proqnozlara görə, artıq bəzi ölkələrdə dövriyyəyə buraxılan süni ət yaxın 5-10 ildə bütün dünyada geniş tətbiq olunacaq. Dadı ətlə təxminən eyni, qiyməti də ucuz olacaq. Sonrakı müddətdə də tədricən təbii heyvan əti tam dövriyyədən çıxarılacaq.

Bundan əvvəl necə ki, bütün qidaları süniləşdirdilər- meyvələri, tərəvəzləri, paxlalıları, taxılları… bütün emal olunmuş, konservləşmiş qidaların hamısı süni maddələrdən ibarətdir. Eynilə bu proses heyvandarlıqda da gedir.

Buiz çalışmalıyıq ki, mümkün qədər bu prosesdən yan keçək. Öz təbii məhsullarımızı təbiətin yaratdığı nemətlərlə inkişaf etdirək. Dədə-baba toxumlarımızla əkin-biçin edək. Eynilə heyvandarlığı da, quşçuluğu da təbii formada inkişaf etdirək.

Yeri gəlmişkən, artıq balıqçılıqda da vəziyyət ağırdır. Süni dərmanlı göllərdə hormonal yemlərlə yetişdirilən balıqlar bazarın 95 faizindən çoxunu götürüb. Hələ ki, 3-5 faiz çaydan, göldən, dənizdən tutulan balıqları tapmaq olur.

Hazırda bütün dünyada qlobal qida terroru gedir. Azərbaycanı bu terrordan qoruması üçün hər cür imkanlar var- coğrafiyamız, iqlimimiz, təbii ehtiyyatlarımız təbii ərzaq təminatına imkan verir. Sadəcə qoruyucu tədbirlər görülməlidir. Dövlət təbii əkin-biçinlərin, heyvandarlığın inkişafı üçün yardımlar verməli, maneələri aradan qaldırmalıdır. Bu gün ərzaq təminatında biz 50 faizdən artıq idxaldan asılıyıq. Bunu aradan qaldırmaq üçün imkanlarımız var.

Bütün ölkəmizi təbii məhsullarla təmin edə bilərik. Bunun üçün böyük bir dövlət proqramı qəbul olunmalıdır. Məqsəd bu olmalıdır ki, kənd təsərrüfatında biz heç bir ölkədən asılı qalmayaq və eyni zamanda təbii qidaları süni qidalarla əvəzləməyək. Süni qidalar insanların genlərini dəyişir, psixologiyanı, sağlamlığı məhv edir. Bu ağır bir qlobal bioterrordur və biz bundan özümüzü qorumalıyıq.

Digər xəbərlər