Əsrlərlə insanı mal və ya pul verməklə almaq, heç bir haqqı olmadan istifadə etmək, başqasına satmaq kimi insanlıq ləyaqətini tapdalayan əməllər bəşər tarixinin qara səhifəsini təşkil edib. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının insan alverinə qarşı mübarizə haqqında konvensiyanı qəbul etməsi ilə bağlı 2 dekabr - köləliyin ləğv edilməsi uğrunda beynəlxalq mübarizə günü kimi tarixin səhifələrinə yazılıb və ilk dəfə 1949-cu ildə qeyd olunmağa başlayıb. İllərdir, BMT köləliyin bütün müasir formalarının, o cümlədən icbari əməyin, uşaq əməyinin ən pis formalarının, məcburi nikahların, son dərəcə ağır əmək şəraitinin və insan alverinin ləğv edilməsi ilə bağlı çağırışlar etsə də, köləlik bitibmi? Yoxsa, o da dünyanın müasirliyini qəbul edərək yalnız formasını dəyişib? Bəli, hələ də köləliyin müxtəlif formaları bütün dünyada mövcuddur və bunun səbəbkarları isə yalnız biz insanlarıq...
Övladımıza kölə kimi baxanda, onun hüquqlarını tapdalayanda və ya heç bir hüququnun olmadığını zənn edəndə onu erkən nikaha sövq edirik. Hər il neçə qız erkən nikaha cəlb edilirsə, deməli, bir o qədər qız öz ailəsi tərəfindən istismar olunur, hüquqları valideynləri tərəfindən əlindən alınır. Və yaxud da hüquqlarının nədən ibarət olduğu bu qızlara təlqin olunmur. Beləliklə də erkən nikaha daxil olur və bu da onun gələcək psixoloji vəziyyəti üçün zəmin yaradır. Axı onlar həyatın, ailənin, qayınana-qayınata, ər qayğısının, uşaq doğmağın, onu böyütməyin nə olduğunu yetəri qədər anlamır.
Bəlkə də bu qızların anaları da vaxtilə öz övladları kimi erkən nikaha təhrik edilib. Belə isə, deməli, kölə olmuşuq, kölə də edirik? Lakin gəlin, kölə də olmayaq, kölə də etməyək.
Ölkəmizdə uşaq hüquqları yetərli şəkildə qorunur. Uşaqların təhsili, sağlamlığı üçün lazımi tədbirlər həyata keçirilir və bunların hər biri qanunvericiliklə tənzimlənir. Hüquq-mühafizə orqanları uşaq hüququnu daim nəzarətdə saxlayır və pozulan anda müdaxilə edərək qarşısını alır, cinayətkarı cinayətə cəlb edir.
Lakin bütün bunların qarşısında tez-tez uşaq hüquqlarının pozulması, həm də xüsusən valideynlər tərəfindən pozulmasının şahidi oluruq. İstəməyərək dünyaya uşaq gətirənlər onları sonrakı mərhələlərdə öz mənafeləri naminə işlərə təşviq edirlər. Məsələn, azyaşlı uşaqların əməyi istismar olunur. Onları küçələrdə salfet, gül satarkən və alınması üçün, sözün həqiqi mənasında, yalvardıqlarını görərkən adamın ürəyi parça-parça olur. Düşünürsən ki, bu uşağın günahı nədir ki, qışın soyuğunda əlləri dona-dona, yayın istisində başına gün vura-vura səhərdən axşama kimi küçələrdə ona-buna yalvarır.
Bəzən uşaqların dilənməsi ilə də qarşılaşırıq. Hələ üstəlik anaların uşaqları qucağına alıb yol kənarında, metronun çıxışında oturub dilənməsinə şahid oluruq. Uşağının xəstəliyini bəhanə gətirərək, bəzən xəstəliyi olmayan uşaqdan bu adla istifadə edərək asan qazanc əldə etmək yolunu dilənməkdə görən bu cür analara ana demək nə qədər doğrudur, görəsən? Onlar uşaqların məsumluğundan, günahsızlığından və ətrafdakı insanların onlara acımasından bu qədərmi insafsızcasına istifadə edirlər?
Baxırsan ki, gümrahlıq, əmək qabiliyyəti yerindədir bu qadınlarda. Bəs görəsən dilənməyə özü ilə birlikdə vadar etdiyi uşaqlarını dövlətimizin himayəsində olan baxçalara qoyub, özü bir işlə məşğul ola bilməzmi? Və yaxud da əməyini istismar etdiyi, kiçik çiyinlərini gücündən ağır işlərin altına verdiyi övladının əvəzinə özü həm gündüz, həm gecə növbələrində çalışa bilməzmi? Axı valideyn olmaq həm də fədakar olmaq deməkdir.
Uşaqların videolarını çəkib sosial şəbəkələrdə paylasan, onların reklamlara çəkilməsinə razılıq verən valideynlər təəssüf ki, bunun doğru olmadığını anlamır. Əgər uşaqların hüquqlarını bu cür pozacaqsınızsa, nə üçün onları dünyaya gətirirsiniz? Həm özünüz kölə olursunuz kimlərəsə, həm də övladınızı kölə edirsiniz. Lakin gəlin kölə də olmayaq, kölə də etməyək.
Axı insan əşya deyil ki, alına-satıla. Əşya deyil ki, haraya qoysan orada dura. Və yaxud da sənin istəklərini yerinə yetirən proqramlı əşyaya çevrilə... Hələ də dünyada öz formasını dəyişərək yeni forma alan bu kimi köləliklər mövcuddur. Ən demokratik dövlətlərdən “köləlik uğrunda mübarizə aparırıq”,- deyənləri var ki, məhz onların özlərində köləliyə yol açan məqamlar hələ də var.
Ölkəmiz kiçik, müstəqilliyi cəmi 33 il olsa da, insan hüquq və azadlıqlarını dəstəkləyən ölkələrə nümunə gücündədir. Respublikamız 1996-cı ildə BMT-nin “Köləliyin ləğv edilməsi haqqında”, “İnsan alveri və fahişəliyin üçüncü şəxslər tərəfindən istismarı ilə mübarizə haqqında” konvensiyalarına, 2003-cü ilin may ayında isə “Transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə haqqında” Konvensiyaya və onun Protokollarına qoşulub. Bununla köləliyə qarşı mübarizədə barışmaz mövqedə olmasını bir daha sübut edib.
Azərbaycan Respublikası qanunvericiliyində “İnsan alveri”ni qismən tənzimləyən 10 maddə var. Bundan başqa, ölkəmizdə bu cinayətin potensial subyektləri hesab edilən uşaq və qadınların hüquq və azadlıqlarının müdafiəsinə yönəlmiş bir sıra normativ hüquqi aktlar da qəbul edilib.
Beləliklə, hüquqlarımızı bilək və onu müdafiə edək. Kölə edən də, kölə olan da insandır. Lakin kölə də olmayaq, kölə də etməyək. İnsanlığa yaraşan məhz budur.
Mətanət Məmmədova