PDF Oxu

Köşə

  • 511

Zəfərin 5 ili: bu gün Zəfər Paradını xatırlayıram...

image

Düz 5 il əvvəl, bu gün-10 dekabrda Bakıda-Azadlıq meydanında keçirilən Zəfər Paradını xatırlayıram. Elə həmin ilin 27 sentyabrında başlayıb 44 gün davam edən və 10 noyabrda başa çatan, tariximizin səhifələrinə 8 noyabr-Zəfər Gününü həkk edən o möhtəşəm anları və o anların nəticəsi, qüruru olan Zəfər Paradını xatırlayıram...

Birinci Vətən müharibəsini, onun uğursuzluğunu, itkilərini, şəhid və qazilərini, minlərlə məcburi köçkününü, onların qarşılaşdığı çətinlikləri, yurd həsrəti yaralarını görən bir jurnalist, Azərbaycan vətəndaşı kimi 5 il əvvəlin bugününü böyük qürurla xatırlayıram.

Ürəyimiz necə həyəcanla döyünürdü həmin gün. Biz qələbəmizin, Zəfərimizin paradına toplaşmışdıq. 30 il anası Azərbaycandan ayrı düşən, yad tapdaqlar altında inləyən, baharı sinəsindən qovan, payızla, qışa qucaq açan, “yurddaşım gələndə baharı səsləyəcəyəm, günəşi çağıracağam”,- deyən torpaqlarımızın azadlığına yığışmışdıq.

Biz 30 il məcburi köçkünlükdə olmazın əzab-əziyyəti ilə üzləşən, maddi vəziyyəti nə qədər yaxşı olsa da, mənəvi sarsıntıdan qurtara bilməyən, ağsaqqalı, ağbirçəyi gözünün qarşısında yurd üçün ağlamadan kor olan, əzizləri ölüm yatağında yurdunu səsləyən soydaşımızın doğma yurduna qayıdışının Zəfərini qeyd edirdik.

Şuşada Cıdır düzündə rəqs edən erməni tamahkarlarını elə o zirvədən aşağı itələyib buranın sahibinin gəldiyini, Qarabağın Azərbaycan olduğunu sübut edib qələbə qazandığımızı qeyd edirdik.

Ermənilərin 30 ildə ərazilərimizdə qurduğu keçilməz barrikadaları yıxıb torpaqlarımıza yenidən dəyən qədəmlərimizin mübarəkliyini həmin paradda qeyd edirdik. Onların dünyanın dörd bir tərəfindən diləndiyi, satın aldığı, hədiyyə edilən silahlarından nümunələri paradımızda nümayiş etdirərək düşmənə verilən dərsin dərəcəsindən söhbət açırdıq.

Biz namusumuzun, şərəfimizin Zəfərinin də qürurunu həmin paradda yaşayırdıq. Axı torpaq bizim üçün namusdur, şərəfdir. Onun düşmən tapdağı altında qalması nə qədər utandırıcı idisə, işğaldan azad edilməsi bir o qədər qürurverici idi.

Minlərlə şəhidimizin ruhu dolanırdı Zəfər Paradında. Nakam ömürlər, nakam arzular, gələcəyə olan ümidlərin məhv olması əgər torpaq, Vətən uğrundadırsa, buna ağlamaq yox, qürur duymaq gərəkdir. Odur ki, balamız üçün bir dəfə ağlayanda, Vətən torpağının azadlığı üçün iki dəfə qürur duyur, fəxr edirik.

Minlərlə zabit, əsgərimizin keçdiyi, ordumuzun çoxsaylı müasir texnika və sursatlarının nümayiş etdirildiyi, Zəfərin əldə olunmasında döyüş yolu keçən canlı və cansız qüvvələrin hər biri qürur melodiyasını Azadlıq meydanına yayırdı.

Ən çox qürur duyduğumuz şəxsiyyət isə tribunadan paradı qəbul edən, müharibənin hər bir günü müxtəlif dövlət nümayəndələri ilə görüşən, telefonda danışan, xarici və yerli media nümayəndələrinə müsahibə verən, vaxtaşırı televiziyada xalına müraciət edən, işğaldan azad edilən ərazilərimizin müjdəsini verən Milli Liderimiz İlham Əliyev idi. Paradın hər anında Liderimizin dəmir yumruğu gözlərimiz önündə canlanırdı. Çünki xalq bu yumruğun ətrafında birləşməklə ümumxalq Zəfərini əldə edə bildi.

“Qarabağ Azərbaycandır!” ifadəsi isə Zəfər Paradı boyu qulaqlarımızda səslənirdi. Minilliklər ötəcək, o ifadə, o səs bu xalqın qürur ifadəsi olaraq nəsillərdən-nəsillərə ötürüləcək. Ki, əsrlər sonra da kimliyimiz bilinsin. Bizim olanları bizim övladlarımız qoruya bilsin.

Beş il öncə hava da bügünkü kimi yağışlı deyildi. Necə ki, 44 gündə payız yağışını yağdırmadı ki, zabitimiz, əsgərimiz rahat döyüşsün, palçığı çəkməsinə ağırlıq etməsin, Zəfər Paradı günü də yağdırmadı yağışını- Zəfərimizin qürurunu doyunca yaşamaq üçün. Biz əbəs yerə payızın qarşısına “Zəfər” sözünü əlavə etməmişik ki... Çünki o da döyüşdü, macal verdi. Ona görə də adı Zəfər Payızı olaraq əbədiləşdi.

Bu sətirləri necə də qürurla yazıram. Ona görə qürurla yazıram ki, Birinci Vətən müharibəsində itirdiklərimizi elə gəncliyi də bu itənlərə qarışan biri kimi görmüşdüm: işğalı, göz yaşını, aclıq-səfaləti, yurdundan silah burnunda qovulan məcburi köçkünlərin ürək yarasını... Torpağı əlindən alınmış-uduzmuş insanın şərəfinə, namusuna söylənən sözləri də eşitmişdim. Qarabağdan söz düşəndə aşağı dikilən başları, nəzərləri görmüşdüm, özüm də yaşamışdım...

İkinci Vətən müharibəsində isə əldə etdiklərimizi gördüm: ərazi bütövlüyümüzü, suverenliyimizi, konstitusiya quruluşunu, soydaşlarımızın dədə-baba yurduna qayıdışını, daşı-daş üstündə qalmayan torpaqlarımızın bərpasını, inkişafını.

Budur, bayırda, həzin yağış yağır. Elə rahatam ki... Çünki tutqun hava “qara bulud” anlamında deyil əvvəlkitək, bar-bərəkət üçün yağır yağış. Köçkünlərimiz üçün də narahat deyilən, əksəriyyəti doğma evindədir, hələ qayıtmayanlar isə qayıdacaqları günü gözləyir, həm də ürək açıqlığı ilə.

Qürur duyuram. Eynilə 5 il əvvəl müharibənin sonunda və Zəfər Paradında duyduğum qürur kimi. Və qürurum Qarabağ və Şərqi Zəngəzurun hər gün daha da inkişafı fonunda artmaqda davam edir...

Mətanət Məmmədova

Digər xəbərlər