Tez-tez Tiktokda, İnstagramda pişik və itinə ad günü keçirən insanlarla rastlaşıram. Elə dünən onlardan biri yenə itinə ad günü keçirirdi və ona tort da sifariş etmişdi. Şəklini də tortun üzərinə saldırmışdı. İtin əyni-başı da dəblə geyindirilmişdi. Bir sözlə, it ad gününə xüsusi olaraq hazırlanmışdı.
Bu mənzərə mənə nələri xatırlatmadı?..
Keçən günlərdən birində küçə ilə gedirdim, qarşıda da bir ana, yanında da iki uşaq gedirdilər. Bir də gördüm ki, uşaqlardan biri dayanıb. Ana nə qədər edir bu uşağı çəkib apara bilmir. Elə bil uşağın ayaqları yerə kilidlənmişdi. Mən də bunlara tamaşa edirəm, bilmək istəyirəm görüm nə olub axı. Baxıram ki, uşaq yaxınlıqda satılan kartof qutabından istəyir, “al da, ay ana, nə olar, al da”,- deyir, dəfələrlə təkrar edir. Ana isə sanki bu sözləri eşitmir. Gəl gedək, oğlum, alarıq. Sadəcə bu sözlər və dəfələrlə təkrarlanan yenə bu sözlər...
Vallah, mətləb mənə gün kimi aydın oldu. Amma risk edib yaxınlaşıb uşağa qutab ala bilmədim. Çünki anasının bunu necə qəbul edəcəyindən çəkindim. Həm də küçənin ortasında. Amma düz evə qədər ağlaya-ağlaya getdim.
***
Bir tanışım var. Bu yaxınlarda uşağının ad günü olacaqdı. Uşaq bəlkə də bir ay əvvəldən dayanmadan-durmadan “gələn ayın filan tarixində ad günüm olacaq”,- deyirdi. Hər dəfə də anasından “ana, mənə tort alacaqsan, hə”,-deyə soruşurdu. Anası da, “baxarıq”,- dedikcə uşaq bunun heç də onu qane etməyən cavab olduğu üçün yenə də sualını təkrarlayırdı: ana tort alacaqsan mənə? Bəlkə on dəfə təkrarlayırdı.
Mətləb aydındır. Daha sonra nə olduğunu söyləməyin yersiz olduğunu düşünürəm və söyləmirəm.
***
İllər öncə bir qonşum vardı. Təzə köçmüşdülər binaya. Necə deyərlər, qapı bir qonşu idik. Yaxşı qadın idi. Bir gün söhbət əsnasında məlum oldu ki, sabah onun ad günüdür. Mən də ona tort almağı düşündüm və aldım, apardım. O, tortu görəndə başladı ağlamağa. Sözün həqiqi mənasında, çox pis oldum. Bir anlığa nə üçün ağladığını düşünməkdən və min səbəb ağlıma gətirməkdən başqa çarəm olmadı. O isə ağlamağa davam edirdi. Qaldım belə. Nə edim, sadəcə baxıram, öz-özümə deyirəm ki, görək axırı nə olur.
Bir xeyli ağladı, sonra gözünün yaşını sildi, ayağa qalxdı, məni qucaqladı və dedi ki, bu gün 35 yaşım tamam olur. İlk dəfədir ki, ad günü tortum olur. Bu dəfə mən ondan da pis kövrəldim. Amma görməsin deyə göz yaşlarımı bayıra deyil, içəriyə axıtmalı oldum.
İtə keçirilən ad günü fonunda xatirələrim bir yana qalsın, hələ o saatlarda, dəqiqələrdə, anlarda minlərlə ehtiyaclı, illərlə tortun nə dadda olduğunu bilməyən uşaqları gözlərim önünə gətirdim. Kaş ki bunları çox tez-tez düşünə bilərdik. Kaş ki imkansızlıq ucbatından övladına tort, şirniyyat, oyuncaq nədir, çörək ala bilməyən insanları, uşaqları qarşısında gözükölgəli ata-anaları tez-tez xatırlaya bilərdik. Uşaq evlərində bəlkə də, yox, bəlkəsiz ad günləri qeyd olunmayan uşaqları bir anlıq xəyalımızdan keçirə bilərdik...
Mətanət Məmmədova