PDF Oxu

Köşə

  • 1 709

Qonaqpərvərlik nəyə lazımdır? - KÜNCDƏN BAXIŞ

image

Elçin Bayramlı

Azərbaycan xalqı əsrlər boyu qonaqpərvərliyi ilə tanınıb və bu xüsusiyyət milli-mənəvi dəyərlərimizin əsas sütunlarından biridir. Qonaqpərvərlik ən yüksək insani dəyərlərdən biridir. Lakin müasir həyat tərzi, mənəvi deqredasiya və insanların kommunikasiya texnologiyalarının inkişafına uyaraq ünviyyəti də virtuallaşdırması nəticəsində bu gözəl ənənə getdikcə zəifləyir.

Yeni dövrün trendinə çevrilən yanaşmalara görə insanlar qonaqpərvərliyi getdikcə lazımsız hesab etməyə başlayırlar. Hətta bu yüksək dəyəri lağa qoyanlar da tapılır. Bəziləri yazır ki, bəs bizim evlərdə həmişə xüsusi qonaq otağı olub və orada həmişə təmiz yatacaq və sair təzə əşyalar saxlanıb. Evdə olan nemətlərin ən yaxşılarından qonaq payı kimi saxlanıb.

Evində son tikəsi ilə qonaq qarşılayan, küçədən keçəni belə zorla evinə dəvət edən bir millətik. Bunun necə yüksək dəyər olduğunu heç də hər kəs anlaya bilməz. Bu səbəbdən də artıq bəziləri qonaqpərvərliyin zərərli olduğu haqda cəfəng fikirlər yaymağa başlayır.

Bu hal qloballaşma prosesinin təsiri ilə milli-mənəvi dəyərlərimizin arxa plana keçməsi və “müasirlik” adı altında yad dəyərlərin mənimsənilməsi ilə bağlıdır. Burada sosial və maddi problemlərin rolunun olduğunu söyləmək düzgün olmaz. 3 təkzibedilməz arqumentlə dediklərimizin doğruluğunu isbat edək;

1. Xalqımız tarix boyu ən ağır, ən çətin dövrlərdə belə qonaqpərvərliyini yüksək səviyyədə qoruyub saxlayıb,

2. İndi belə madii cəhətdən daha az imkanlı adamlar daha çox imkanı olanlardan daha qonaqpərvərdir,

3. Bu gün də dünyanın bir çox yoxsul ölkələrində qonaqpərvərlik yüksək səviyyədədir, əksinə, maddi baxımdan zəngin ölkələrdə bu dəyər çox zəifdir.

Bu 3 fakt göstərir ki, qonaqpərvərliyin zəifləməsi maddi amillərlə deyil, mənəvi deqradasiya və həyat tərzinin dəyişməsi ilə bağlıdır. Müasirlik adı altında qəbul edilən yeni yaşam forması bəzi dəyərlərin unudulmasına səbəb olur. Halbuki qonaqpərvərlik ən ali mənəvi keyfiyyətlərdən biridir. Bu, insanın başqasına qarşı mənəvi öhdəliyi, eqoist olmaması və qarşılıqlı hörmətinin göstəricisidir.

Bütün bunlara rəğmən hələ də tamamilə bu yüksək mənəvi dəyəri itirməmişik. Bu gün də Azərbaycan xalqı qonaqpərvərliyini qoruyub saxlayır. Sadəcə müəyyən təsirlər nəticəsində, xüsusən böyük şəhərlərdə bu ənənədə nisbi zəifləmə müşahidə olunur. Kiçik şəhərlərdə və kəndlərdə isə qonaqpərvərlik ənənələri olduğu kimi davam edir.

Bəziləri qonaq getməyi və ya qəbul etməyi mütləq bahalı hədiyyə almaq və ya bahalı süfrə açmaq kimi anlayır və bundan yayınmağa çalışır. Halbuki, qonaq getmək və ya qəbul etmək üçün bunlara ehtiyac yoxdur. Normal insanlar yaxın birinə qonaq gedərkən yemək içmək məqsədi güdmür, onu yoluxmaq, hal-əhval əhval tutmaq, dərdləşmək məqsədi güdürlər. Qonağa da bahalı süfrə açmağa ehtiyac yoxdur, evdə olan sadə yemək və çay da kifayət edər.

Qonaq anlayışı diqqət, dəyər və səmimi ünsiyyət deməkdir. İnsanlar maddiyyata deyil, mahiyyətə önəm verdikdə qonaqpərvərlik üçün heç bir maneə qalmır. Düzdür, bəzi insanların vaxt problemi, iş gərginliyi var, xüsusilə böyük şəhərlərdə tez-tez qonaq gedib-gəlmək çətinləşir. Amma buna baxmayaraq, müəyyən qədər vaxt tapıb qohum-əqrəba ilə görüşmək lazımdır. Bu, cəmiyyət üçün böyük mənəvi dəyərdir, sosial münasibətləri sağlamlaşdırır, insanlara müsbət enerji verir, ünsiyyəti, dostluğu və yoldaşlığı möhkəmləndirir, ümumi dəyərlərimizi gücləndirir. Vaxt azdırsa belə, gec-gec də olsa görüşmək mümkündür.

Bəzən insanlarımız tanımadıqları şəxsləri belə qonaq edir. "Allah qonağı" ifadəsi minillərdir psixologiyamızda özünə möhkəm yer eləyib. Kəndlərə müvəqqəti gələn birini evində saxlamaq üçün insanlar sanki yarışa girirlər ki, qonaq məhz onlarda qalsın.

Biz belə bir xalqıq və bu dəyəri itirən deyilik. Müasir dövrün bütün təzyiqlərinə baxmayaraq, qonaqpərvərlik bizim milli kimliyimizin ayrılmaz hissəsidir. Birdəfəlik anlamalıyıq ki, biz azərbaycanlıyıq. Nə qədər müasirləşsək də, baza dəyərlərimizdən biri olan qonaqpərvərliyi yaşadacağıq. Ən ağır, ən yoxsul şəraitdə olsaq belə, çünki hər şey istəkdən, qəlbdən asılıdır. Bu hiss qəlbdə varsa, bu dəyər də yaşayacaq.

Digər xəbərlər