Elçin Bayramlı
İnternet medianın inkişafı və tam nəzarətsiz fəaliyyəti ilə bağlı bu sahədə xaos yarandığından burada ciddi nəzarətə və tənzimləmələrə ehtiyac var. Bu kontekstdə həm ictimai nəzarət, həm də Media qanunu çərçivəsində dövlətin bəzi tənzimləyici tədbirlər tətbiq etməsi vacibdir.
Son vaxtlar media məkanında çoxdan bəri müzakirə etdiyimiz problemlər daha da kəskinləşib. Məlum olduğu kimi, internet məkanındakı azadlıq və özbaşınalıq əksər hallarda mənfi fəsadlara gətirib çıxarır. Hər hansı bir ictimai və ya dövlət əhəmiyyətli hadisə zamanı şayiələr, dezinformasiyalar, məqsədli təxribat cəhdləri baş alıb gedir və bəzi qüvvələr ajiotaj yaratmağa çalışırlar. Nəticədə cəmiyyət yalan informasiya ilə yüklənir, sosial narazılıq yaranır, dövlət orqanlarına, müxtəlif şəxslərə qarşı haqsız qınaqlar formalaşır.
Bundan başqa, sonradan bu xəbərlərin yalan olduğu ortaya çıxandan sonra cəmiyyətdə mediaya inam da itir. Halbuki, klassik media belə biabırçılığa yol vermir, yoxlanmamış, təsdiqlənməmiş informasiya yaymır. Lakin oxucuların çoxu peşəkar media ilə sosial şəbəkə səhifələrini ayırd edə bilmir və hamısına media kimi baxır. Yəni, kimsə hansısa saytda və sosial şəbəkə səhifəsində ağzına gələni yazırsa, adamlar onu yayırlar və deyirlər ki, mətbuatda belə yazılıb. Oxucuların əksəriyyəti ciddi media ilə saxta medianı seçə bilmir. Nəticədə, qurunun oduna yaş da yanır.
Bu bu vəziyyətin yaranmasının daha hansı səbəbləri var? İstənilən ictimai əhəmiyyətli hadisə vaxtı insanlar daha tez və çox informasiya tələb edir. Lakin bunu təmin etmək bəzi hallarda o qədər də asan olmur. Üstəlik, bizim bəzi dövlət orqanlarının mətbuat xidmətləri operativlik cəhətdən çox zəifdirlər. Onlar məlumat yayana kimi gec olur. Və şayiələr, dezinformasiyalar baş alıb gedir. Belə ki, mətbuata heç bir aidiyyatı olmayan saytlar, bloqlar və səhifələr ortalığı yalan məlumatla doldururlar.
Bu proses 2 kontekstdə nəzərdən keçirilməlidir. Bunların bir qrupu sadəcə özlərini, saytlarını tanıtdırmaq, izləyici kütləsi qazanmaq və buna müvafiq olaraq reklamdan gəlir əldə etmək istəyirlər. Digər qrup isə bunu siyasi məqsədlərlə düşünülmüş və mütəşəkkil şəkildə edirlər- onlar müxalifət partiyalarının və xarici dövlətlərin təsirində olan saytlar və sosial şəbəkə kanallarıdır.
Bu hallarla mübarizə aparmaq çətindir, çünki internetə nəzarət imkanları praktiki olaraq yoxdur. Bundan da müəyyən qüvvələr necə lazımdır istifadə edirlər. Hər hansı bir qəza və ya digər problem zamanı ajiotaj yaratmağa, iğtişaş törətməyə çalışırlar.
Yuxarıda qeyd etdiyimiz halları daha ciddi proseslər zamanı da müşahidə etmişik. 2-ci Qarabağ müharibəsi zamanı mediada baş verənlər hamının yadındadır. İnternetdə hərbi sirlərdən, qoşunların dislokasiyasından, cəbhə xəttindəki vəziyyətdəki dəyişiklikdən tutmuş itkilərə qədər hər sahədə informasiyalar baş alıb gedirdi.
Bir sözlə ümumilli və dövlət əhəmiyyətli proseslər zamanı onlayn media və sosial şəbəkələr problem yaradır. Bu problemin qarşısını tam almaq mümkün olmasa da, müəyyən tədbirlərlə onun təsirini minimuma endirmək olar. Buna qarşı həm dövlət orqanları, həm Mətbuat Şurası və jurnalistlər, həm də cəmiyyətin sağlam qüvvələri mübarizə aparmalıdır.
Sosial şəbəkələr üzərindən informasiya məkanına əsas çıxışı klassik və peşəkar media tutmalıdır. Bu məkanda informasiya bazası adi şəxslərin ağlına gələni yazması əsasında deyil, peşəkar medianın materiallarının burada yayımlanması ilə formalaşmalıdır.
MEDİA informasiya məkanının sağlamlaşdırılması lazımi addımlar atır, bu sahədə köklü islahatların aparılmasına çalışır. Sağlam mətbuat sağlam cəmiyyət uğrunda mübarizə aparır, sağlam cəmiyyət isə sağlam dövlətin əsasıdır. Bu həyati dərəcədə vacib işdir.
Lakin tək MEDİA bunu bacara bilməz. Bu işdə jurnalist təşkilatları, media subyektləri özləri də maraqlı olmalı və dəstək verməlidirlər. Ona görə də, bu sahədə həm dövlət orqanı (Medianın İnkişafı Agentliyi), həm də bütün jurnalistlərin və media subyektlərinin üzv olduğu ictimai təşkilatların (Mətbuat Şurası və sair) birgə fəaliyyəti arzuolunandır.
Bir sözlə hazırda yaranmış vəziyyət klassik mətbuatın sosial mediadan daha etibarlı olduğunu göstərir. Həqiqi jurnalistlər ənənəvi medianın qorunması, xüsusən qəzetlərin yaşaması, mətbuatın cəmiyyətdə itirilmiş nüfuzunu qaytarmaq üçün mübarizə aparır. Son illərin təcrübəsi göstərdi ki, ölkəmizin media məkanını onlayn hoqqabazlıq üzərində fəaliyyət göstərən elektron “media”nın ümidinə buraxmaq olmaz. Həqiqi media, klassik media, peşəkar media yaşamalı və informasiya məkanına sahiblik etməlidir.