Elçin Bayramlı
Bütün dinlərdə orucluğun əsas şərtlərdən biri kimi qoyulması heç də təsadüfi deyil. Orucluq, həm mənəvi, həm fiziki mahiyyətə malikdir. Belə ki, orucluq vasitəsilə həm toxun acdan xəbəri olur, həm də oruc tutanların fiziki sağlamlığı bərpa olunur. Orucluq israfçılığa yol verməməyə, az yeməyə, sağlamlığı qorumağa, başqaları ilə paylaşmağa, acların, yoxsulların vəziyyətini həqiqətən dərk etməyə səbəb olan ilahi bir sistemdir.
Ramazan ayında dünyadakı 1,5 milyard müsəlmanın təxminən 1 milyardı oruc saxlayır. Lakin dünyamızda məcburi aclıq keçirən daha 1 milyard adam var- həm də ildə 1 ay yox, 12 ay. Onlardan 300 milyona yaxını uşaqlardır. Bir uşağın acından ölməməsi üçün ayda 30 dollar tələb olunduğu dünyada trilyonlarla dollar vəsait mənasız və faydasız işlərə xərclənir. Misal üçün dünyanın hərbi büdcəsi 2 trilyondan çoxdur.
Təxmini hesablamalara görə, dünyada hər il 50 000 insan kəskin aclıq nəticəsində ölür. Qlobal yoxsulluğa dair göstəricilərə əsasən ifrat yoxsulluqdan hər gün dünyada 30 000 uşaq vəfat edir, 11 milyon uşaq isə 5 yaşı tamam olmadan dünyasını dəyişir.
Dünyada varlı və kasıb dövlətlər, eləcə də insanlar arasında fərq kəskin surətdə artır və ildən-ilə böyüyür. 1960-cı ildə dünyanın zəngin dövlətlərinin 20%-nin gəlirləri ilə yoxsul ölkələrin 20%-nin gəlirləri arasındakı fərq 30-un 1-ə nisbətində olduğu halda, 1990-cı ildə bu fərq 60-ın 1-ə, 1997-ci ildə isə 70-in 1-ə nisbətində olub.
Statistikadan göründüyü kimi, dünyada gəlir bölgüsündəki disproporsional hədd zəngin ölkələrin imkanlarını genişləndirməkdə və yoxsul ölkələri isə təhdid etməkdədir. BMT statistikalarına və Əhali Fondunun hesabatlarına görə, dünyada 1 milyarda yaxın adam zənginlik içində yaşayır- 1 milyarda yaxın insanın aclıqdan ölmək üzrə olduğu dünyada. Dünya nemətlərinin 80 faizlik böyük hissəsini cəmi 20 faiz əhali istehlak edir, qalan 80 faiz əhali isə cəmi 20 faizi ilə dolanır.
Hazırda dünyada istehsal edilən ərzaq məhsulları təxmini hesablamalara görə, 15 milyard adama kifayət edəcək həddədir. Əlbətə, normal istifadə şəraitində. Lakin qeyri-bərabər bölünmə və hədsiz israfçılıq 1 milyarda yaxın adamın ac qalmasına səbəb olur. Hesablamalara görə, təkcə Amerika və Britaniyada israf edilib zibilliyə atlıan qidalarla 1 milyarda yaxın adamı doydurmaq olar.
BMT-nin alimlər qrupunun hesabatında qeyd olunur ki, təbii ehtiyatlardan səmərəli istifadə olunacağı halda Yer kürəsi indikindən dəfələrlə çox insanı yedirdə bilər. Onlar bu rəqəmin ən azı 50-60 milyard olduğunu bildirirlər.
Yoxsulluq coğrafiyasına diqqət yetirdikdə belə bir məqam nəzərə çarpır: bu ölkələr ya kənd təsərrüfatı, ya da hasilat sənayesi üzrə ixtisaslaşıblar və müasir texnologiyalar əldə etməyə çətinlik çəkirlər.
Bu gün imperialist dövlətlər və onların transmilli şirkətləri 3-cü dünya ölkələrinin sərvətlərini çoxsaylı vasitələrlə amansızcasına talamaqla məşğuldurlar. Lakin bu halda belə varlı dövlətlərdə yoxsulluq ləğv olmur. Məsələn, təkcə hərbi büdcəsi 900 milyard dollar təşkil edən Amerikada rəsmi olaraq 35-40 milyon civarında yoxsul var. Bu əhalinin 12 faizini təşkil edir.
Qlobal qüvvələr, dünya ölkələrində siyasi, iqtisadi, sosial, mənəvi problemlərin artmasında, hərbi münaqişələrin, xaosun, qarşıdurmaların baş verməsində katalizator rolunu oynayırlar. Ölkələri, xalqları, dini icmaları bir-birinə qarşı qoyub qanlı qarşıdurmalar törədirlər.
Dünya maliyyə, bank, birja sisteminin, transmilli korporasiyaların, elmi-texnoloji mərkəzlərin sahibləri dünyanı öz əllərində saxlayıb idarə etmək üçün hər oyundan çıxırlar- insanlığa, təbiətə qarşı bioloji terrordan tutmuş psixotron terroradək hər cür təcavüz edilir. Əgər istəsələr dünyada hamıya hər şey çatar. Amma “hamıya hər şey çatmır” deyib, hamının sayını azaltmaq istəklərini açıq-aşkar deyirlər.
Dünya təbiəti gözümüzün qabağında məhv edirlər, dünya meşələrini yandırdılar, atmosferi çirkləndirdilər, torpağı zəhərlədilər, suyu murdarladılar. Resurslar vəhişəcinə istismar olunur. Təbiət bu terrora çox sərt reaksiya verir. İqlim dəyişmələri, təbii fəlakətlər ara vermir. Dünyanın nüfuzlu ekoloq alimləri tezliklə böyük kataklizmaların başlayacağını proqnoz edirlər. Lakin bu dünya liderlərinin vecinə də deyil. Hər dövlət öz hegemonluğunu genişləndirməyə, daha çox silahlanmağa, digər ölkələrin zəifləməsinə çalışır. Dünyamız isə göz qabağında məhv olur.
Azərbaycanda çox şükür ki, aclıq problemi yoxdur, acından ölən olmayıb. Yoxsulluq həddi dünyada ən minimum göstəricilərdən biridir. Əksinə, biz çox yeyən xalqıq və gəlirlərimizin də rəsmi rəqəmlərə görə yarısını ərzağa xərcləyirik. Bizdə aclıq yalnız Ramazan ayında oruc tutanlara aiddir ki, bu da həm sağlamlıq cəhətdən, həm də dini-mənəvi cəhətdən çox yaxşı bir haldır.
Allah dünyadakı bütün acları doyursun- həm qarnı ac olanları, həm gözü ac olanları.