Elçin Bayramlı
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin birgə iclasında müzakirəyə çıxarılan, İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni- 525-1-ci maddəyə görə, tərbiyə etmək məqsədilə uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək.
Layihəyə əsasən, valideynlər (və ya onları əvəz edən şəxslər), uşaqlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrinin və penitensiar müəssisələrin işçiləri tərəfindən uşağa qarşı cismani cəzanın tətbiqinə, yəni tərbiyə etmək məqsədilə və ya intizam tədbiri kimi uşağa qarşı fiziki və ya psixoloji zorakılığın törədilməsinə görə 200 manat məbləğində cərimə ediləcək. Bu, həmin əməl Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq ediləcək.
Bu dəyişikliyi təqdirəlayiq hesab etmək olar. Çünki, uşaqların zorakılığa məruz qalması, döyülməsi ilə bağlı məlumatlara çox rast gəlirik. Uşaqlara qarşı törədilən fiziki zorakılıq onun psixologiyasını məhv edir və bu da gələcəkdə cəmiyyətdə aqressiv insanların çoxalmasına səbəb olur. Son vaxtlar ortalıqda uşaqların daja çox tərbiyəsiz hərəkətlər etdiyi, bir-birilərinə və heyvanlara qarşı aqressivlik və zorakılıq tətbiq etdiyi hallarına çox ras gəlirik. Bu isə tərbiyə olunmamış uşaqlar deməkdir.
Əgər valideynlər uşaqlarına düzgün tərbiyə verə bilmirsə, dövlət bunu onlardan tələb etməlidir. Hansısa bir uşaq döyüləcək vəziyyətə gəlibsə, deməli valideynlər vaxtında düzgün tərbiyə verməyib. Uşaqların tərbiyəsizliyinin cəzasını isə onlar yox, valideynləri çəkməlidir. Bu səbəbdən uşaqlara qarşı fiziki şiddət tətbiq edən valideynlərin cərimələnməsi düzgün qərardır. Uzun illərdir mən də belə bir qanunun qəbul edilməsini təklif edirdim. Bəzi valideynlərin çox ciddi psixoloji problemləri var. Bəziləri faktiki olaraq psixi xəstədir. Bu cür valideynlər uşaqlara qarşı çox amansız davranır. Ağır fiziki xəsarətlər yetirir, adi səhvlərə görə uşağı möhkəm döyürlər. Bu da uşağın daha da aqressivləşməsinə, insanlara qarşı kin- küdurət, qəzəb hissinin formalaşmasına səbəb olur. Böyüyəndə isə belə uşaqların caniyə çevrilmə ehtimalı artır. Döyülmə ilə olunan tərbiyə metodu isə heç vaxt müsbət effekt verməyib.
Lakin bu o demək deyil ki, uşaqlar tənbehdən, cəzadan kənar qalmalıdır. Belə bir hal ola bilməz. Əks halda bu daha pis nəticə verər. Uşaqları tərbiyə etmək üçün sayısız cəzalandırma metodları var. Döymə, fiziki şiddət bu metodlardan biri deyil. Şüursuz, psixoloji problemləri olan valideynlər uşaqlarını davamlı döyməklə insanlara nifrət aşılayır. Kriminal insanların da əksəriyyəti məhz belə ailələrdən çıxır. Uşaqlar sağlam psixologiyada böyüdülməli, səhvləri izah edilərək tərbiyə olunmalıdır. Səhv edən uşaqlara müəyyən qadağalar, məhdudiyyətlər, sərhədlər qoyulmalıdır. Bu dediklərim sadəcə valideynlərə yox, müəllimlərə də aiddir. Uşaqları özbaşına buraxmaq da olmaz. Dediyim kimi fiziki zorakılıq olmadan başa salınmalı, müxtəlif cəza metodlarından istifadə etməklə onlara düzgün tərbiyə verilməlidir. Uşağı döymək olmaz, cərimələnərik deyib onları özbaşına buraxmaq, hər istədiyini edən tərbiyəsiz bir uşaq yetişdirmək də cəmiyyət üçün eyni dərəcədə zərərlidir.
Uşaqları körpəliyindən elə öyrətmək lazımdır ki, onların döyülməsinə ehtiyac qalmasın. Həm müəllimlər, həm də valideynlər bu qaydalara əməl etməlidir. Əks halda, sağlam uşaqlar böyüdə bilməyəcəyik. Hər kəs dünyaya gətirdiyi uşağı cəmiyyətə sağlam fərd kimi təqdim eyməyi özünə öhdəlik bilməlidir. Mən hətta təklif edirəm ki, cinayət törədən uşaqların valideynləri də cəzalandırılmalıdır. Bu da digər valideynlərə dərs olmalıdır ki, vaxtında uşağa düzgün tərbiyə vermək lazımdır. Evdə düzgün tərbiyə görən uşaqlar heç vaxt başqalarına qarşı ciddi problem yaratmır, cinayət törətmir. Bu cür təhlükəli uşaqlar məhz psixi problemli və şüursuz valideynlərin əsəridir.
Ümid edirəm ki, dəyişikliklər bu sahədəki vəziyyətə müsbət təsir göstərəcək. Gələcəyimiz bundan asılıdır. Uşaqların tərbiyəsində dövlət və cəmiyyət birgə çalışmalıdır. Sağlam gələcəyimiz üçün.