PDF Oxu

Köşə

  • 14

Rəsul Quliyev Zəminə Dünyamalıyeva ilə dialoqa girir

Rəsul Quliyev Zəminə Dünyamalıyeva ilə dialoqa girir

Rəsul Quliyev:

Onu seçməyimdə buraxmışam səhv,
44 min dolları eyləyib tələf,
Akif də bir zaman mənə gəldi kəf,
Ondan o pulları götür, Zəminə,
Elə ki, götürdün tez göndər mənə,
Sədrlik kürsüsü verərəm sənə.

Zəminə Dünyamalıyeva:

Ona sözlərimi aşkar söylədim,
Bir zaman mən ona baytar söylədim,
Akifə pulları qaytar söylədim,
Vermədi, desəm də mən dönə-dönə.

Rəsul Quliyev:

Elə ADP-də dizimdən düşdü,
Sözə minmə dedim, sözümdən düşdü,
Akif o zamandan gözümdən düşdü,
Pulu al, onunla çox döymə çənə.

Zəminə Dünyamalıyeva:

Dedim, dözəcəyəm, Akif nə desən,
Mənim yek liderim Rəsula əhsən,
Akif mənə baxıb dedi kimsən sən?
Rəsul müşaviri söylədim yenə.

Rəsul Quliyev:

Mənim əsəblərim burda tarımda,
O, artıqlıq etdi tül bazarında,
Nə illah elədim, iki qurumda,
Gətirə bilmədim onu mən dinə.

Zəminə Dünyamalıyeva:

İsanı, Əlini sarmaqda azar,
Radikal durumda xod getmir bazar,
İndi palata tək məclisimiz var,
Ay Rəsul, gəl uyma ifritə, cinə.
Rəsul Quliyev:

Gəlib bir araya, riqqət göstərin,
Sonra zor göstərib, şiddət göstərin,
Bütün qurumlara diqqət göstərin,
Palata pis deyil, siz qoyun binə.

Zəminə Dünyamalıyeva:

Şou düzəldərəm, özü də pullu,
Soxaram ağzıma üç dovşan çullu,
Əvvəl şivən salıb özüm üsullu,
Özüm başda durub, cıraram sinə.

Rəsul Quliyev:

Bizə fayda verər tənasüb həmkar,
Topla ətrafına xeyli cib həmkar,
Elə ki, tapdınız münasib həmkar,
Qonun üzərinə sanki bir gənə.

Zəminə Dünyamalıyeva:

Sapladım çox qəlbə iti bıçağı,
Xeyli közsüz qoydum neçə ocağı,
Əvvəllər dolaşdım çox tin-bucağı,
Bu dəfə düz gedib, girmərəm tinə.

Rəsul Quliyev:

Mübarizlik gördüm hər birinizdə,
Öz dostumu tapdım həm dirinizdə,
Təxribat törədin öz yerinizdə,
Pul üçün getməyin Laosa, Çinə.
Zəminə Dünyamalıyeva:

Bütün radikallar azar günündə,
Hələ biz deyilik bazar günündə,
Geri çəkilmərik təzyiq önündə,
Köçsə də yerindən Sədərək, Binə.

Rəsul Quliyev:

Vurun, qoltuqlayın şikarı yolda,
Qalmaqal qaldırın siz barı, yolda,
Qalmaq istəməsəz heç yarıyolda,
Çoxlu hava vurun pulumla şinə.

Zəminə Dünyamalıyeva:

Bizi ehtiramla qarşılar Şəki,
Qoynunda yer verər mehriban Ləki,
Sən bizim ünvana pul göndər təki,
O zaman inamla çıxarıq önə.

Rəsul Quliyev:

Şad olun, cinimdən, viskimdən için,
Sizə göndərdiyim pullardan keçin,
Onların içindən satqınlar seçin,
Radikal ifratlar versə də gönə.

Zəminə Dünyamalıyeva:

Açaram iç-astar paxıra kimi,
Sataram ilxıya-naxıra kimi,
Uğur gözləyərəm axıra kimi,
Ay Rəsul, qoymaram ümidin sönə.
Rəsul Quliyev:

Ac qalan hər səhər yesin porsumu,
Özüm ödəyərəm yüksək rüsumu,
Hamı bir nəfər tək tutsun kursumu,
Akifi qoymayın kursumdan dönə.

Zəminə Dünyamalıyeva:

Ehey, "ACP"-yə üz tutun, barı,
Liderim doğruldar müdhiş şüarı,
Hamıya yetərli Rəsulun varı,
Mükafat çox düşər əhlikef şənə.

Rəsul Quliyev:

Əlini, İsanı tam çullayaram,
Sizin ağzınıza yem tullayaram,
Mən sizə daha çox pul yollayaram,
Heç məhəl qoymayın siz yüzə, minə.

Zəminə Dünyamalıyeva:

Ay Rəsul, sən mənim dilimdə əzbər,
Gələcən, yoxsa yox, tulla qoşa zər,
Sənin gəlişindən tutanda xəbər,
Məlumat göndərrik biz dərhal XİN-ə.

Rəsul Quliyev:

Şahmatda adi fil yıxdı atımı,
Qürbətdə keçirdim mən həyatımı,
Göyə sovursanız varidatımı,
Gəlib hamınızı soxaram hinə.

Zəminə Dünyamalıyeva:

Daim içindəydik palçığın, lığın,
Xoş qaysaq bağladı qəlbində dağın,
Məlum hamımıza xeyirxahlığın,
Ay Rəsul, sakitləş, güc vermə kinə.

Digər xəbərlər