PDF Oxu

Köşə

  • 15

Müzakirə mövzusu radikalların lobbi qruplarının və maliyyə gəlirlərinin olmamasıdır

Müzakirə mövzusu radikalların lobbi qruplarının və maliyyə gəlirlərinin olmamasıdır

Asim Mollazadə:

Radikalın lobbisi yox, cibi boş,
Pul girməyən kisəsinin dibi boş,
Nitqi dayaz, sözü keçməz, təbi boş,
Bosslar özü tərpənməkdə indi bic,
Nahaq yerə pul xərcləyər ancaq gic,
Kömək etmir bizim varlı, nə xaric.

İqbal Ağazadə:

Pulu mənə İvan verər, ya da Cim,
Müsavatdan yüksəkdədi "Ümid"im,
Qrant üçün kəsilməyib ümidim,
Mənə bosslar verər reytinq və imic.

Asim Mollazadə:

Mən deyə bilmərəm İsaya dayı,
Olmaq istəməzdim Əlinin tayı,
Azalıbdı pul verənlərin sayı,
Dayanmışam öz "DİP"-imlə hələ dinc.

İqbal Ağazadə:

Bu cəmiyyət aydınlaşıb, durulub,
93-dən möhkəm təməl qurulub,
Radikallar siyasətdə yorulub,
İndi bosslar, xaric yaman olub linc.

Asim Mollazadə:

Radikala boğulmağa lük qalıb,
Bir çox bossun boğazında tük qalıb,
İsa-Əli küçələrdə tək qalıb,
Sıxlaşıbdı ətrafımda xeyli gənc.

İqbal Ağazadə:

Qorxdum, kütlə söyə-söyə gələndə,
Qızışaram xaric yiyə gələndə,
İş fırlanıb maliyyəyə gələndə,
Zərim mənə nə şeş verdi, nə də pənc.
Asim Mollazadə:

Xarici boss pul verməkdən çapıldı,
Ünvanıma gələn pullar qapıldı,
Nə bir yaxşı qrant verən tapıldı,
Lobbi bizi təmsil etdi çox iyrənc.

İqbal Ağazadə:

Cümə üçün bizdən çıxmaz heç Robbi,
"Ümid"də yox gəlir verən bir xobbi,
Nə boss bizə pul göndərir, nə lobbi,
Pulsuzluğa biz olmuşuq çox öyrənc.

Asim Mollazadə:

Xaricdəki vəsaitlər bitəndə,
Əli-İsa şəxsi maraq güdəndə,
Yerevana dram üçün gedəndə,
Ermənilər hey soruşur: "ara, inç?"

İqbal Ağazadə:

Demədim ki, Sərdar onun asıdı,
İqbal özü mif qrantın bazıdı,
Bosslar özü pul verməyə razıdı,
İşdi əgər sən yüz ölçsən, bircə biç.

Asim Mollazadə:

Tapammazsan, sən qranta çapmasan,
Uduzarsan, onu göydə qapmasan,
Sən lazımi qədər qrant tapmasan,
İqbal, soyu, bir az bulaq suyu iç.
İqbal Ağazadə:

Dağıtmadım sənin kimi qəfəsi,
Bossu görüb al dərindən nəfəsi,
Sənə qalsın quru qrant həvəsi,
Mənə yetər bir doyumluq əla linç.

Asim Mollazadə:

Sevinərdim qrant verən olsa tuz,
Tuz olardıq, aramıza dolsa tuz,
Boss buraxmaz qrantını lüzumsuz,
Lobbi olsa, sözsüz, ona düşər güc.

İqbal Ağazadə:

Meydanlarda çox əsəblər gərildi,
Mən uduzdum, düşmənlərim dirildi,
Doğulduğun il də xatakar ildi,
Öz bürcüm də heç də deyil yaxşı bürc.

Asim Mollazadə:

Uduzacaq, kim udmaqdan çəkinsə,
Önə çıxar kim mübariz, mətinsə,
Maliyyəni təmin etmək çətinsə,
Öz vaxtında basılmalıdı əyləc.

İqbal Ağazadə:

Bossun özü maraq güdən cəyildir,
Bu manevr bir siyasi meyildir,
Pul qazanmaq heç də asan deyildir,
Lobbi olsa millətinə baxmaz gəc.

Asim Mollazadə:

Hər xəncəri paslı edər paslı qın,
Əsgəri də aslı edər aslı qın,
Lobbi onu yuvasından çıxarsın,
Qrantlardan boss bağlasın gərək dəc.

İqbal Ağazadə:

Ancaq lobbi bizə zəfər çaldırar,
Böyük qazanc hərarəti saldırar,
Nə "DİP" səni zirvələrə qaldırar,
"MDP"-dən fayda görməz heç Fərəc.

Asim Mollazadə:

Nə qədər çox çöhrəmizdə sarılıq,
Göməcəkdi bizi qəbrə quruluq,
Bəxş etməkçün bizə saflıq, duruluq,
Lobbi gərək tapsın bizə bir süzgəc.

İqbal Ağazadə:

Xaric dartır bizi muzdlu kəbinə,
Kim qatlayıb pul qoyacaq cibinə?
Yuvarlansan okeanın dibində,
Çıxmaq üçün lobbi verərmi üzgəc?

Asim Mollazadə:

Naşı lider bossla viski guplayıb,
Müxalifət indiyək goplayıb,
Meydan haqda çoxlu faktı toplayıb,
Etməliyik onu KİV-də geniş dərc.

İqbal Ağazadə:

Sapdırarlar, öz yolunu sapmasa,
Pul qazanmaz kim qrantı qapmasa,
O olmayan lobbi çarə tapmasa,
Şübhəsiz ki, üzəcəkdi bizi xərc.

Digər xəbərlər