Qüdrət Həsənquliyev:
Kütləvi aksiya, mitinq istərəm,
Arzumdu öz piket gülümü dərəm,
Yürüş mənim Əslim, mən isə Kərəm,
Sabiri çağırdım yetmədi haya,
Susuz qalar gedən Fazillə çaya,
Ehey, ay İlyas bəy, az qalıb yaya.
İlyas İsmayılov:
Çoxlu pul verərdi xaricdən minlər,
Daim aksiyaya gedərdim önlər,
Düşübdü yadıma "SİDSUH"-lu günlər,
Səninlə gedərəm, kim qoyar maya?
Qüdrət Həsənquliyev:
Bu adam Misiri, Çini bəyənmir,
Qərbin göndərdiyi dəni bəyənmir,
Allahın Fazili məni bəyənmir,
İstəyir qarşıma helləsin qaya.
İlyas İsmayılov:
Üzə çıxmaqdadı radikal pası,
Mitinq keçirənin başlayar yası,
Nəhs gətirəcək mitinq sevdası,
Dərdimi on dəfə demişəm suya.
Qüdrət Həsənquliyev:
Ağzımı açmamış şimşək tək çaxdı,
Yararsız adam tək üzümə baxdı,
Sabir Rüstəmxanlı ondan tərs çıxdı,
Fazil getməlidi yanında toya.
İlyas İsmayılov:
Çətin ki, bu arzun gətirsin bəhər,
Meydanda gənclər də baxar birtəhər,
Yaman naşükürdü indi kütlələr,
Namünasib yerə sancarlar paya.
Qüdrət Həsənquliyev:
Tükü də tərpətməz səndəki kəlam,
Mən səninlə getsəm, gərək ac qalam,
Küçədə Günəşə verməsəm salam,
Amerikalılar tək çıxarıq Aya.
İlyas İsmayılov:
Radikal başlara çökübdü duman,
Həm də turşuyubdu qatığın, xaman,
Mitinq keçirməyə gecikdik yaman,
Biz geri qalmışıq, az qalıb maya.
Qüdrət Həsənquliyev:
Bəlkə ürəyimdə əyləşən maq var,
İçində div olan bəlkə çıraq var,
Məndə çimmək üçün böyük maraq var,
Bəlkə kütlə məni dənizə qoya.
İlyas İsmayılov:
Artıq radikalın yerdədi dizi,
Piketin, mitinqin silinib üzü,
Qorxuram kütlələr endirər bizi,
Yanar cəhənnəmdə sonuncu laya.
Qüdrət Həsənquliyev:
Aksiya eşqimiz çağlar bir bulaq,
Tovlayıb bossları çox xərcə salaq,
Yalandan küçədə qışqırıq salaq,
Mitinq keçirməyə gedirik guya.
İlyas İsmayılov:
Radikal qart toyuq, orda quzu yox,
Bizim ikimizin əldə duzu yox,
Əlinin-İsanın bir donuzu yox,
Yığdığı dollarlar, sentlər bir taya.
Qüdrət Həsənquliyev:
Pullanarıq bossun cibin yalaraq,
Çıxaq meydanlara qrant alaraq,
Zirvəyə ucalaq qanad çalaraq,
Əlbəttə, çevrilib durnaya, quya.
İlyas İsmayılov:
Darıxır daima adam xəyaldan,
Çəkinmək gec deyil avam xəyaldan,
Utanıb elliklə bu xam xəyaldan,
Ayıbdı bəlkə biz eyləyək həya.
Qüdrət Həsənquliyev:
Sabitlik tıxanmış qəfəs borumdu,
Bossun vəsaiti həvəs borumdu,
Kütləvi aksiya nəfəs borumdu,
Çətin aksiyadan gözlərim doya.
İlyas İsmayılov:
Bəzisi pul yığdı çox şişmək üçün,
Söz də güləşdirdi əyişmək üçün,
Yönsüz sir-sifəti dəyişmək üçün,
Sürtək üzümüzə gərək biz boya.
Qüdrət Həsənquliyev:
İndi palatada çoxalıb xortdan,
Bir çoxu pul alıb köçməkdə yurddan,
Yerimizdə sayıb olmuşuq cırtdan,
İfratların çoxu veribdi boya.
İlyas İsmayılov:
Radikal çıxara bilmir zil hürüş,
İş görə bilmirsən, qurumda bürüş,
Könlündən keçirsə, aksiya, yürüş,
Sən get üst-başını narıncı boya.
Qüdrət Həsənquliyev:
Mitinqlər, yürüşlər sönməz bir mayak,
Xarici bosslar da çox real dayaq,
İş görə bilməsək olanda oyaq,
Bizə dəstək verər üzücü röya.
İlyas İsmayılov:
Radikal liderlər batıbdı qəmə,
Odur ki, çoxumuz enmişik bəmə,
Əgər düşəriksə miskin görkəmə,
Çətin yazıq deyib bizlərə qıya.
Qüdrət Həsənquliyev:
Göstərə bilməsə xaric bir klas,
O vaxt işarəmlə tez qazını bas,
Qaçılmaz olarsa bizimçün iflas,
Qaçarıq xaricə minərək "TU"-ya.
İlyas İsmayılov:
Əgər bilsək daha gülmür üzümüz,
Nəticə çıxaraq gərək özümüz,
Görsək ilişmişik, keçmir sözümüz,
Yardımçımız olar o zaman riya.