Rasim Musabəyov:
Rusiya olubdu ucada duran,
Bizi Kremldi önə aparan,
Vaşinqton dünyada olubdu tiran,
Bizi gələcəyə rus aparacaq,
Bilin ki, dünyada ən yaxşı bucaq,
Rusiya olacaq, Rusiya... ancaq.
Vəfa Quluzadə:
Moskva nəhs olub həmişə, nəhsdi,
Ona bel bağlamaq, billah, əbəsdi,
Dünyaya, şübhəsiz, Vaşinqton bəsdi,
Demədim ki, yeni kontinent açaq.
Rasim Musabəyov:
Vaşinqton istəsə, hələ yatardı,
Obamaya baxan lığa batardı,
Dadımıza ancaq Kreml çatardı,
Məsləhət görərdim Rusiyaya qaçaq.
Vəfa Quluzadə:
Amerika adı göyə yüksəlir,
Medvedevdən artıq Obama bilir,
Demokratik durum ABŞ-dan gəlir,
Əvvəl də qoçaqdı, indi də qoçaq.
Rasim Musabəyov:
Vəfa, tərifləmə yankini hədər,
O, bir təcavüzkar Rusiyadan betər,
ABŞ böyükdüsə dediyin qədər,
Nə üçün düşürdün postundan qaçaq?
Vəfa Quluzadə:
Yalnız Vaşinqtondu qabağa çəkən,
Moskvadı önə Serj dığa çəkən,
Demokratik deyər ABŞ-da ikən,
Nə üçün Kremlə açırsan qucaq?
Rasim Musabəyov:
Rusun uğurundan ilham almışam,
"Kreml güclü" deyib haray salmışam,
Mən "Moskva" deyib sağlam qalmışam,
"Vaşinqton" deyərək olmusan naçaq.
Vəfa Quluzadə:
Kreml də gözünü ABŞ-a dikir,
Ona yox deyənin başına əkir,
Rusiya dünyanı geriyə çəkir,
AB-ylə, ABŞ-la aram çox sıcaq.
Rasim Musabəyov:
Başın ağrı çəkər, rusa az iliş,
Rusa qurban getdi çox tanış-biliş,
Deyəsən, əlindən gəlmədi bir iş,
"Xəzər" mərkəzində çatmışdın ocaq.
Vəfa Quluzadə:
Baş vurur ən dərin dəryaya yanki,
İnan ki, uçubdu o Aya, yanki,
Sərbəstlik gərir dünyaya yanki,
Sənin dediyin tək rus soxur bıçaq.
Rasim Musabəyov:
İşarə edəndə barmaqla İvan,
Dərhal yer üzündə başlanar tufan,
Rusu tərifləyir bütün Yerevan,
Xankənddə Kremli vəsf edir "Qnçaq"
Vəfa Quluzadə:
Moskvanın gücü qalıb dünəndə,
Əlbəttə, əlamət qalar çənəndə,
Kütlə hücum edib qəzəblənəndə,
Kremlə qaçmaqçün tapmazsan uçaq.
Rasim Musabəyov:
Uzun müddətdir ki, vurğunsan ona,
Siyasi reytinqin çatıbdı sona,
Rus qəbul etməsə... biz Vaşinqtona,
Etiraz etməsən, birlikdə uçaq,
Vəfa Quluzadə:
Əbanın eynidi onun əbası,
Kreml yönlüdü Serjin sıpası,
Dəyəndə başına rusun qapazı,
Başından on yerə sallanar saçaq.
Rasim Musabəyov:
Biri-birimizlə lüzumsuz dava,
Öz qəbiləmiz verir bizə su-hava,
Sənə Vaşinqtonun, mənə Moskva,
Mən burda, sən orda nur, şəfəq saçaq.
Vəfa Quluzadə:
Sənin qafa tasın yaxşını qanmaz,
Etibarsız olsa yuva, quş qonmaz,
ABŞ demokratdı, mənə toxunmaz,
Ətinə keçirər Kreml sancaq.
Rasim Musabəyov:
Başında saçların olardı biz-biz,
Okean üstündən uçsan tövbəsiz,
Moskva qarşılar məni növbəsiz,
Getmə Vaşinqtona sən çaparacaq.
Vəfa Quluzadə:
Dərya keçmək üçün qarşımda bərə,
Rus qarşına qoyar uçurum, dərə,
Səni atmaq üçün dərinliklərə,
Moskva yerindən toz qoparacaq.
Rasim Musabəyov:
Nahaqdan baş yarıb, yorsan da çənə,
Sən qalib gəlmədin, əlbəttə, mənə,
Sənin dediyinin olar əksinə,
Rus ruhu bizlərə dəstək duracaq.
Vəfa Quluzadə:
ABŞ rahat eniş, ruslar dik verər,
Ruslar sənə araq, sərməstlik verər,
Sözsüz, ABŞ mənə sərbəstlik verər,
Qəlbini, ruhunu dəhşət saracaq.
Rasim Musabəyov:
Mən öz səfərimdən olaram razı,
Zövq allam orada sənsiz ən azı,
Bakıdan baxarsan, olub tamarzı,
Geniş rus elinə yəqin varacaq.
Vəfa Quluzadə:
Çiyidini tulla, yesən çərəzi,
Ancaq Moskvadı salan qərəzi,
ABŞ-da olmamış vurmaq mərəzi,
Ruslar əvvəl-axır səni vuracaq.