PDF Oxu

Köşə

  • 12

Radikallar kimin ətrafında sıxlaşmalıdırlar?

Radikallar kimin ətrafında sıxlaşmalıdırlar?

Sabir Rüstəmxanlı:

Radikallar bir-birilə baxışsın,
Hayqıraraq baş meydana yığışsın,
Sonra birgə VHP-yə axışsın,
Ətrafımda neçə cəgavərim var,
Sıramızda Əhməd, Vəli, Kərim var,
Məclisdə də üç deputat yerim var.

Asim Mollazadə:

Hər bir gələn ayran içər, ya dovğa,
Yanımdadı hər bir radikal sovka,
Qərbin özü edir mənə stivka,
Həyətimdə inamlı bir pirim var.

Sabir Rüstəmxanlı:

İndi aksiyalar sovqat qismində,
Radikal liderlər bərbad qismində,
Hər nikaha girən arvad qismində,
Deyər VHP tək azman ərim var.

Asim Mollazadə:

ADİP-ə girə bilər cavanlar, körpə,
Girişən uduzar mənimlə hərbə,
Koloniya olmaq istərəm Qərbə,
Dubayım, Küveytim, həm Qətərim var.

Sabir Rüstəmxanlı:

Qayğılar da çoxdu cibə nisbətən,
Maşınımız kiçik cipə nisbətən,
VHP sərbəsti ADİP-ə nisbətən,
Mənim vətənpərvər neçə şirim var.

Asim Mollazadə:

Tərbiyə üsulu yeganə və tək,
Bolonya sistemli zorba bir kötək,
Qərb də söz verib ki, eyləsin kömək,
Siyasətdə mənim çox kəsirim var.

Sabir Rüstəmxanlı:

ADİP-ə meyl edənlər, sözsüz ki, çaşır,
Dərhal ADİP-i atıb bizə yanaşır,
VHP-də savad topuğu aşır,
Beş sən ağırlıqda yüz əsərim var.

Asim Mollazadə:

Üzvlər üz tutur tuz biznesimə,
Heç kim sala bilməz toz biznesimə,
Yaşıl işıq açıb boss biznesimə,
A yazıq, limanda on vətərim var.

Sabir Rüstəmxanlı:

Sizdən hansı müsbət cəhət götürüm?
Onu gənc nəsilə necə ötürüm?
Şair təbiətəm, Arazım, Kürüm,
Dumduru Göygölüm, saf Həkərim var.

Asim Mollazadə:

Dəf edə bilmədin özün şəri, yox,
Yolun o yanadı, üzübəri yox,
Heç bir kitabının bir kəsəri yox,
Saqqallılar kimi söz kəsərim var.

Sabir Rüstəmxanlı:

Yuxulu deyiləm, durub gəyirəm,
Sözümü mən açıq üzə deyirəm,
Elə zənn etmə ki, geriləyirəm,
Səninki həddində qəm-kədərim var.

Asim Mollazadə:

ADİP-in süfrəsində radikal doyar,
Sizi Nəsimi tək, Mənsur tək soyar,
ADİP-im VHP-ni arxada qoyar,
Alnım var, canım var, qanım-tərim var.

Sabir Rüstəmxanlı:

Bosslar pul göndərmir, cibiniz dolmur,
Sözsüz ki, adam da dəf kimi olmur,
Sağlamlıq həmişə daimi olmur,
Ölüm-itimin var, həm gəbərim var.

Asim Mollazadə:

Artıq soyumaqda köz vəziyyətim,
Kütdü casusvari "göz" vəziyyətim,
O qədər pis deyil öz vəziyyətim,
Sənin üzvlərindən beşbetərim var.

Sabir Rüstəmxanlı:

Əlbəttə, qurumun şili deyiləm,
Sarsaq iş görmürəm, dəli deyiləm,
Sən özün bilirsən Əli deyiləm,
Nə də sənin kimi bir nökərim var.

Asim Mollazadə:

Pulum az, gözünü cibimə dikmə,
Boss təamı dadıb, mənə yerikmə,
Mənim əsəbimi tarıma çəkmə,
Axı çox halsızam, həm şəkərim var.

Sabir Rüstəmxanlı:

İkimiz olmuşuq Məclisdə sakin,
Yoxdu radikallıq bizlərdə lakin,
Sabir satirası ruhuma hakim,
Pisi sancmaq kimi bir şakərim var.

Asim Mollazadə:

Yenə siz oldunuz ilkin darılan,
Onsuz da sizdədi sınıb qırılan,
Sən öz VHP-nlə yerində fırlan,
Qərbə də gedərəm, dörd təkərim var.

Sabir Rüstəmxanlı:

Tale nəsibiniz həmişə acı,
Tutub qarnınızı ağrılar, sancı,
Güzəştə getmərik sizə qazancı,
Mən sizdən güclüyəm, həm təpərim var.

Asim Mollazadə:

Öz qazanc boruma cod papaq tıxdım,
Mən bekar qalmaqdan yaman darıxdım,
Özüm təhlükədən sivişib çıxdım,
Əli, İsa kimi cüt əntərim var.

Sabir Rüstəmxanlı:

Öyrən keçirməyi sözü sətirdən,
Siz məhrum oldunuz adi çətirdən,
Gəlməmiş özümün xoşum ətirdən,
Sizlərə hədiyyə müşk-ənbərim var.

Asim Mollazadə:

Sizin VHP-də nökər-kəniz kar,
Qərbin hökmü ilə dərya-dəniz kar,
Heç zaman olmadım, düzü, təmizkar,
Bədənimdə yalnız çirkim-kirim var.

Digər xəbərlər