PDF Oxu

Köşə

  • 18

17 aprel və "Baharın 17 anı"...

17 aprel və "Baharın 17 anı"...

Bu cürə məğlubiyyət müsibətini ölkə müxalifəti hələ yaşamamışdı. İP - (İsa-Pənah cütlüyü) tarixən hələ bu dərəcədə biabır olmamışdı. İlk dəfədir ki, müxalifətin iflasa uğramasını müxalifət liderlərinin özləri etiraf edir, İctimai Palatanın rəhbər strukturuna daxil olan 3 partiyadan biri bəyanat verərək qurumdan çıxdığını söyləyir, sıravi müxalifətçilər dəstə-dəstə istefa verirlər.
İlk dəfədir ki, qarışqadan fil nədir, yeri gələndə lap dəvə belə düzəltməyə qadir olan müxalif mirzələri belə bu müsibətin qarşısında aciz qaldılar - deməyə söz, yazmağa cümlə tapmadılar. İlk dəfə idi ki, iqtidarın müxalifət üzrə "mütəxəssis" olan telekanalları belə mitinqsonrası ərəfədə qımıldamağa ehtiyac görmədilər. Bax bu həqiqətən də iflas idi. Böyük hərflərlə yazılmağa layiq bir İFLAS.
Əslində, isə bu aylardan bəri oynanılan naşı bir tamaşanın, daha doğrusu xarici sponsorların maliyyələşdirdiyi, yerli əcnəbilərin ssenari müəllifi və rejissoru olduğu, seçkilərdə biabırçı məğlubiyyətə uğramış namizədlərinsə diletant ifaçısı olduğu özfəaliyyət dərnəyinin, boş zal qarşında ifa elədiyi bir tragikomediya idi. Bu uğursuzluğun səbəbləri isə heç kəsi maraqlandırmır. Çünki artıq heç kəs pis rəqqasların gətirdiyi bəhanələrə inanmır. Bir sözlə deyəsi olsaq - müxalifətin adına radikal deyilən qanadı nə qədər çalışsa da aprelin 17-ci günü , "Baharın 17 ani" qədər maraqlı alınmadı. Əslində bu finalın iflasa uğrayacağı həm də gözlənilən idi. Çünki əsas hədəf və məqsədləri bəlli olmayan, vahid lidersiz, rəhbər strukturlarında təmsil olunan şəxslərininsə bir-birilərini satqın, agent, xain adlandıran bir dəstənin son nəticədə ortaya qoya biləcəyi göstərici bundan artıq ola bilməzdi. Ömür boyu bütün ictimai siyasi dəyərləri batıra-batıra gələnlər, İctimai Palata adını da bu cürə zay etdilər - onu "palatka" səviyyəsinə endirdilər.

Qaçdım sənin
dalınca mən...
dalınca mən...
Gördüm yoxsan

Siz indiyə qədər eşidibsinizmi ki, dünyanın hansısa ölkəsində, hansısa partiya lideri öz tərəfdarlarını küçələrə səsləyə, ancaq özü ortalığa cıxmaya. Hətta belə bir hal hansısa səbəbdən baş verərsə belə tərəfdarları o partiya sədrinin pişiyini ağaca dırmaşdırarlar. Onu daş-qalaq edər, ölkədən didərgin salarlar. Necə yəni - sən caamatı icazəsiz mitinqə, polislə qarşıdurmaya səsləyəsən, özün isə qaçıb gizlənəsən. Belə şeylər olmur qardaşım, olmur-olsa da bizdə olur. Ona görə də nəticəsi bəlli. Çünki "yetim quzudan qoç olmaz" - deyilib. Dünyanın onlarla tanınmış siyasətçisi olub ki, illərlə həbsdə yatıb, lakin azad olunanda da ilk olaraq evinə deyil, məhz meydana yollanıblar. Bizim muxaliflərisə polis bölməsinə cağırıb bir izahat almaq yetdi ki, dillərini dinməzlərinə qoyub aradan cıxsınlar. Bax ona görə də tək qalıblar. Tərəfdarları yoxdur. "Canavar tək qalandasa başına caqqal-cuqqal yığışar" - deyiblər.
Yeri gəlmişkən, son günlər az qala göz deşən bir tendensiyaya toxunmaq istərdim. Deyirlər "nənəsi gülüm olanın başına külüm olar". Bu cürə qorxaq "lider"lərin başına toplaşanlar da elə öz tayları olar. Deməli kimin ki, hərbi xidmətə çağırış vaxtı yetişir və yaxud təhsil aldığı universitetdə kəsiri - qayıbı çoxdur və bilir ki, semestrin sonunda kursda qalacaq yaxud da ki, universitetdən qovulacaq, tez özünü verir müxalifətin yanına. Mitinqlərdə polislərin qoluna girib sifətinə əzabkeş görkəm verib bir necə şəkil çəkdirir, sonrasa adını salır tutulub-saxlanılanların siyahısına... vəssalam. Ondan sonra oğul istəyirəm ki, bir nəfər sənə qaşın altda gözün var desin. O da qala səni universitetdən cıxarmaq və ya hərbi xidmətə aparmaq ola. Bax elə müxalif "qurd"ların başlarına toplaşanların da əksəriyyəti bu cürə məqsədli "dezertir" və "dvoyoşnik"lərdir. Yoxsa kim idi onların qara qaşına-gözünə aşiq olub mitinqə-piketə gedən?

Axşamcağı... Sahil bağı.. bürünəndə işıqlara gördüm onu

Artıq hamıya məlumdur ki, ölkə müxalifəti də ölkə müğənniləri tək kateqoriyalara bölüb. Yəni Faiq Ağayev özünü "A" kateqoriyasına aid etdiyi kimi , Əli Kərimli də özünü "A" kateqoriyalı müxalifətçi elan eləyib. Amma Faiq palatka toylarına getməsə də, Əli Kərimli palatka yığıncaqlarına gedir. Və ötən həftə də Kərimov Bakıda fəaliyyət göstərən xarici diplomatları öz palatkasına toplayıb bəyan elədi ki, bəs - "Cənablar siz istəyən inqilab məndən , təki əliniz cibinizdə olsun". Cənablar da inandılar. Və axşamçağı, Sahil bağına təyin olunan mitinqə hamıdan tez gəldilər ki, birdən Kərimov inqilab eləyər bunlar çatıb görməzlər. Mən getməmişdim, amma mitinq yerində olanlar söyləyir ki, Sahil bağına təşrif buyurmuş, lakin buraları bonbalanboş görüb şaşıran diplomatlar tez-tez yoldan otənlərdən "Sahil bagi burasımı, ya səhv gəlmişik?" - deyə soruşurlarmış. Ancaq bu şaşqınlıq da çox çəkməyib. Nigarançılığa son qoyan, həmin vaxt yoldan ötən 5 yaşlı qızcığazın "İstefa" qışqırması olub. Bax bu məqamda həmin diplomat cənabları da yəqin ki, iki məsələ düşündürüb. Birincisi, axı bizə beş min adam söz vermişdilər, ortalıqdasa 5 yaşlı cocuqdan özgə bir kimsə yox. Və ikincisi - bu cocuq "İsefa" şüarını kimə ünvanlayıb görəsən?..
Beləliklə meydana 5 yaşlı cocuqdan özgə bir kimsə çıxara bilmədiniz. Heç özünüz də gəlmədiniz və elə ona görə də səsinizə səs verən olmadı. Həmin 5 yaşlı qızcığaz isə hamınızdan qeyrətli, hamınızdan qorxmaz cıxdı. Bir dəstə dəbilqəli polisdən belə qorxmayıb, sona qədər mənasını belə anlamadığı "İstefa", "Azadliq" deyə qışqırdı. Bilirsinizmi nəyi xatırladım? 2003-ün oktyabrında da milləti meydanlara səsləyib gizlənən sizlər olmuşdunuz. O vaxt da cağırışınıza bir cocuq yetişmişdi. O zaman da o sizdən fərqli olaraq əzilib yarımcan olsa da meydanda sona qədər duruş gətirdi. Sizlərdən fərqli olaraq.
İndi bu beş yaşlı qızcığaz... O yəqin ki, baş verənlərin fərqində deyil. Və o bilmir ki, "Azadlıq" nədir, necə olur? Amma o özü bilməsə də o azaddır. Azad ölkənin azad vətəndaşıdır. Ona siyasət yox, rahat həyat - təhsil almaq üçün müasir məktəb, doyunca oynamaq üçün abad bağ-bağça, sağlam böyümək üçün səhiyyə ocaqları, həyatdan zövq almaq üçün Sülh lazımdı. Və bu gün bütün bunları Azərbaycan dövləti ona verib. Amma o qızcığaz haradan bilsin ki, "istefa" qışqırmaqla azadlıq olmur. Azadlıq üçün dövlətin qüdrətli olması gərəkdir. Qüdrətli dövləti isə sabitlik olan zaman qurmaq olur. Amma sabitlikdən, günü-gündən inkişaf edən, günəş kimi bərq vuran Azərbaycanın şəfəqlərindən ürəyi dağa dönənlərlə yanaşı, gözü tökülənlər də var. Və yəqin ki, bu cocuq günəşdən gizlənənlərin yarasa olduğunu hələ bilmir.

Digər xəbərlər