Əli Kərimov:
Palata son dəfə sığındığım yer,
Çoxlu pul vəd verib xaricdən çox ser,
Bizi yedirəcək meydanda tox ser,
Boss qızıl adına soxubdu misi,
Bizlər gözləyirdik bundan da pisi,
Palata bizlərin Milli Məclisi.
Araz Əlizadə:
Kütləyə deyirsiz ayrı məhləyəm,
Xaric pulu üçün gərək ləhləyəm,
Bossa deyirsiniz qara fəhləyəm,
Üzünə yaxırsan kömürü, hisi.
Əli Kərimov:
Düzdür, iş sürətlə getmir qabağa,
Ehtiyacımız çox güclü dayağa,
Radikal durumun başdan-ayağa,
Bossların verdiyi 10 milyon bəsi.
Araz Əlizadə:
Yenidən problem çıxacaq dizə,
Bosslar da çox cüzi pul verər bizə,
Gənclər gəlməyəcək mitinqimizə,
Sındıra bilməzsiz, əsla, hər kəsi.
Əli Kərimov:
Zurnayla çalınan qəzəl olacaq,
Əhval-ruhiyyəmiz gözəl olacaq,
Küçələrə axın əzəl olacaq,
Palatanın sonda çıxacaq səsi.
Araz Əlizadə:
Biri-birinizə deyirsiniz çez,
Meyitiniz üçün boss göndərər bez,
Palatada mərəz şiddətlənər tez,
Morqlara aparar mitinq həvəsi.
Əli Kərimov:
Dəyməz bu dəfə də arzumuz daşa,
Bacaran tez vurar hər rinqi başa,
Uğurla vurarıq mitinqi başa,
Buna radikalın çatar nəfəsi.
Araz Əlizadə:
Liderlər kürsüdən salınsa belə,
Qələbə fitiniz çalınsa belə,
Adi piketiniz alınsa belə,
Təəccüb edərdi sizlərə Məsi.
Əli Kərimov:
Bossların tonlarla yeməyi ilə,
Palata üzvünün əməyi ilə,
Çoxsaylı gənclərin köməyi ilə,
Bizlər qıracağıq bu dar qəfəsi.
Araz Əlizadə:
Boss pul göndərirsə demək xörək var,
Hər öləninizçün burda xərək var,
Siz zənn edirsiniz düşünərək dar,
Ərəbin səhrada ölüb dəvəsi.
Əli Kərimov:
Biz xarici bossla oynarıq qumar,
Sözsüz ki, yolumuz deyil çox hamar,
Axı cavanlarda boş olur damar,
Gənci qızışdırır mitinq işvəsi.
Araz Əlizadə:
Radikal, başa düş, çatıbdı qatar,
Prujin sizləri kənara atar,
İnşallah, sizin də vaxtınız çatar,
Sizin iğtişaşın partlar nüvəsi.
Əli Kərimov:
Palata işləyər bu bic Əliylə,
Çox iş görə billik iflic əliylə,
İdarə edirik xaric əliylə,
Bizə tanış hər bir gəncin şivəsi.
Araz Əlizadə:
Ağzınızda qalıb, deyəsən, şirə,
Guya dönübsünüz pələngə-şirə,
Xaric ünvanlayar çoxlu bit-birə,
Sizi yeyə bilər vətən güvəsi.
Əli Kərimov:
Yüksək kürsülərçün lap ölənlərik,
Hamımız pulları az bölənlərik,
Onların puluyla işgörənlərik,
Bizi qane edər bossun töhfəsi.
Araz Əlizadə:
Pul üçün qibləniz yürüşə doğru,
Gözünüz zillənər biş-düşə doğru,
Üzünüz həmişə enişə doğru,
Çatar əlinizə alət təpəsi.
Əli Kərimov:
Görərsən burada bozun özünü,
Pul alıb udarıq tozun özünü,
Biz sizə saxlarıq qozun özünü,
Kifayətdi bizə onun ləpəsi.
Araz Əlizadə:
Sizlər qulağadək içində çirkin,
Adamsan, mitinqdə özün də görkün,
Cəlb edə bilmisən bir-iki çirkin,
Gəlməz gözəllərin, əsla, türfəsi.
Əli Kərimov:
Bizə öz puluyla Qərb qoyar tavan,
Bu biri yandan da dəstəklər İvan,
Gözlərin önündə çoxsaylı cavan,
Ayağım altında bossun gəvəsi.
Araz Əlizadə:
Gənclər də onlara olarlar qənim,
Sözsüz ki, uzunu, qısası mənim,
Bu nadir metalın əsası mənim,
Sənə qızılların çatar küpəsi.
Əli Kərimov:
Palatada olan bol barmaq yalar,
Sonra çəmənlikdə xəyala dalar,
Sosdemin dərənin dibində qalar,
Ram olar əlimdə zirvə nöqtəsi.
Araz Əlizadə:
İfratın uğursuz bir nərd tası var,
Əlinin, İsanın öndə yası var,
Morqa aparan bir palatası var,
İndi radikalın yoxdu cəbhəsi.