Fuad Qəhrəmanlı:
Palata üzvləri vurur min tənə,
Pula yapışıbdı 21 gənə,
Cəmi 500 dollar düşübdü mənə,
Liderlər çox şeylər istəyir məndən,
Bu cüzi məbləği aldığım gündən,
Çıxmışam təşkilat komitəsindən.
Arif Hacıyev:
Çox da xoruzlanma,toyuq adamsan,
Elə zənn etmə ki, sayıq adamsan,
Sən həmin məbləğə layiq adamsan.
İstər döz, istərsə lap partla kindən.
Fuad Qəhrəmanlı:
Çox pul qazanmağı eyləmisiz qət,
Çox adama pul yox, vermisiz bol vəd,
Sizdə nə insaf yox, nə də ki, mürvət,
Hamınız çıxıbsız İsa tək dindən.
Arif Hacıyev:
Qrant almaq üçün bizdə bəs həvəs,
Nəhs yola aparır sizi nəhs həvəs,
10 milyona olan tükənməz həvəs,
Hər bir maşını da çıxarar şindən.
Fuad Qəhrəmanlı:
Səxavətli bosslar yuxuma girib,
İstədiyi sözü bizə dedirdib,
Bizi 20 il xaric yedirdib,
Pula hədsiz maraq aslımı sinndən?
Arif Hacıyev:
Zirvədə yazsan da, pozuldu adın,
Uğurdan uzağa yozuldu adın,
Sənə 500 verdik, razılaşmadın,
Yüz təşəxxüs ilə yapışdın mindən.
Fuad Qəhrəmanlı:
Sən gəl ədalətli möcüzə törət,
Palatanız heç vaxt götürməz sürət,
Siz yaxına gəlin, toplayın cürət,
Çünki qiymət vermək çətindi gendən.
Arif Hacıyev:
Daim sıramızda min ələvi də,
Hər biri mübariz, güclü təbi də,
Gerçəkləşdirmədin bir tələbi də,
Sənə inanmarıq, keçsən də Çindən.
Fuad Qəhrəmanlı:
Daim qəlbinizdən min üsyan keçdi,
Küçə yürüşünüz lüt-üryan keçdi,
Sizin mitinqiniz məndən yan keçdi,
Palatanıza siz boylanın hindən.
Arif Hacıyev:
Olurdun ayaqlar altda xəkəndaz,
Siyasətdə oldun sən həmişə qaz,
O gün ki, aldığın məbləğ oldu az,
Elə həmin andan tərs gəlib kündən.
Fuad Qəhrəmanlı:
Etdiyim gedişdən çəkmisən ağrı,
Yolumun üstündən olmusan oğru,
Daima getmisən enişə doğru,
Səndən çox yüksəkdə bu aciz bəndən.
Arif Hacıyev:
Yalandan deyirsən səndən kəsirəm,
Guya səni görüb, tir-tir əsirəm,
Hələ Müsavatda asıb-kəsirəm,
İtirib kəsəri ülgücün, rəndən.
Fuad Qəhrəmanlı:
Səndən az sevirəm, vallah, mən pulu,
Gözünə dürtməyə hazır sən pulu,
Yalandan demə ki, sevmirsən pulu,
O gün başın çıxdı qəflətən XİN-dən.
Arif Hacıyev:
Daim məşğul edib səni şöhrət, şan,
Eybi yox, bu gün sən bu olayı dan,
Sənə mitinqlərə gəl deyən zaman,
Pul azdır deyərək, çəkildin öndən.
Fuad Qəhrəmanlı:
Özün palataya adi bir paydın,
Öz rəhbərin kimi xarici saydın,
Səni öz gözümlə gördüm çox aydın,
Bossunun yanına dönəndə tindən.
Arif Hacıyev:
Sən "Yurd"a bağlanmış adi bir fris,
Başından həmişə çıxıb tüstü, his,
Daim davranışın olubdu çox pis,
Heç vaxt su içməmiş gözlərim səndən.
Fuad Qəhrəmanlı:
Hələ əlim zibil atmır başına,
Əli nə deyirsə, çatmır başına,
Adi sözüm belə batmır başına,
Bəlkə materyalın yoğrulub göndən?!
Arif Hacıyev:
İstərik piketdə bir dünya açmaq,
Bossun iflasıyla qol-qanad açmaq,
Adi acizliyin mitinqdən qaçmaq,
Sən çıxa bilməzsən dumandan-çəndən.
Fuad Qəhrəmanlı:
Kütləvi aksiya xiffətindədi,
Vahimə daxili vəhşətindədi,
Dəhşət ifadəsi sifətindədi,
Fərqin olmamışdır xortdandan-cindən.
Arif Hacıyev:
Ağlayıb-sıtqıyıb, qandırma gülüş,
Üzə maska taxıb dondurma gülüş,
Yalandan çöhrənə qondurma gülüş,
Səndə əlamət yox xoşbəxtdən, şəndən.
Fuad Qəhrəmanlı:
Şalvar da geymisən ipi aşırma,
Bizlərin hirsini sən gəl daşırma,
Yyürüş, mitinq deyib çox da şaşırma,
Daim iki qiymət aldın bu fəndən.
Arif Hacıyev:
Elə ilk günlərdən uduzdunuz siz,
Qaçanlar qoyarlar qarşımızda diz,
Mitinq şövqü ilə sevinəndə biz,
İnşallah, ayrılar bədənin təndən.