Yusif Bağırzadə:
Dedik ki, mitinqlər alınmayacaq,
Heç bir uğur, bəhər alınmayacaq,
Zəfər nəğməniz də çalınmayacaq,
Ancaq demədiniz lənət şeytana,
Cumdunuz üsullu küçə-meydana,
Siz son nəhayətdə döndünüz qına.
Nurəddin Məmmədli:
Uğurla mətanət, əzm radikal,
Həm də ki, qələbə səsim radikal,
AMİP-ə inanmır bizim radikal,
Biz tabe olmadıq sənin qaydana.
Yusif Bağırzadə:
Hər bir qəzetiniz məşğul reketlə,
Sən get ADP-də bitini bitlə,
Heç nə bacarmadın cüzi piketlə,
Sən əsla güvənmə bomboş baydana.
Nurəddin Məmmədli:
Qələbə dəyirdi nəzərimizə,
Xəyali qrantlar gözlərimizə,
Gördük polis gəlir üzərimizə,
Əl atdıq biz dərhal bomboş qaytana.
Yusif Bağırzadə:
Həmin gün küçələr bomboşdu bütün,
Camaat sizlərə gəlirdi üstün,
Nə qədər yetkili tutuldu o gün,
Onları əməlli özün say, dana.
Nurəddin Məmmədli:
Manatı oynatdıq tümənlik kimi,
Səkiyə qol qoyduq böyük dik kimi,
Yayxandıq küçəyə çəmənlik kimi,
Azacıq dəm tökdük qaynar çaydana.
Yusif Bağırzadə:
Liderlər özünü saymaqdadı tuz,
Sizdən üz döndərdi pullu bossunuz,
Düz iyirmi ildir uduzursunuz,
Mitinqdən, piketdən usan doy, dana.
Nurəddin Məmmədli:
Qorxuram bizlərə ilan deyərlər,
Dərdi-problemi kalan deyərlər,
Qorxuram, o qədər yalan deyərlər,
Qrant verən bossun ilqarı sına.
Yusif Bağırzadə:
Bəsdi, sən o xəfif hürüşü unut,
Bossla olan gizli görüşü unut,
Mitinqi, piketi, yürüşü unut,
Sən öz taleyini yenidən sına.
Nurəddin Məmmədli:
İstərsən verələr azı min sənə,
Gərəkdir deyələr Laden bin sənə,
Aksiya mərəzi keçməsin sənə,
Ağzına-burnuna sən bağla cuna.
Yusif Bağırzadə:
Sizin partiyada çürükdü tinglər,
Bəzək əşyanızı əvəzlər sinklər,
Nəyinə gərəkdi yürüş-mitinlər?!
Bossun verdikləri dolları sana.
Nurəddin Məmmədli:
Mitinq keçirəni tərif edirlər,
Aldadıb meydanda hərif edirlər,
Bizə kərə yağı təklif edirlər,
Liderlər işlədir marqarin, sana.
Yusif Bağırzadə:
Yürüş deyiləndə nur saçırsınız,
Siz öz başınıza iş açarsınız,
Söhbətdən yayınır, tez qaçırsınız,
Hamı bir yanadır, sizlər bir yana.
Nurəddin Məmmədli:
Adamı divara dirədirlər ki,
Onları xaricdə öyrədirlər ki,
O qədər təxribat törədirlər ki,
Qorxuram, liderlər alışıb yana.
Yusif Bağırzadə:
Bossların verdiyi noğula gəlib,
İsa da, Əli də nağıla gəlib,
Sizin liderlər də ağıla gəlib,
Gərək Etibar tək ifratı dana.
Nurəddin Məmmədli:
Mitinqlər, yürüşlər sərinləşibdir,
Mənəvi çökmələr dərinləşibdir,
Qrantlar o qədər şirinləşibdir,
Düzü, radikallar girib min dona.
Yusif Bağırzadə:
Əliniz, İsanız lap bərbadlaşıb,
Xalqımın gözündə xeyli yadlaşıb,
Lider sifətlilər çox ifratlaşıb,
Gərək öz işini dondura, dona.
Nurəddin Məmmədli:
Vallah, heç qiyamət qoparmıram mən,
Onları geriyə aparmıram mən,
Bu bədheybətlərlə bacarmıram mən,
Bununçün sən məni barı az qına.
Yusif Bağırzadə:
Malalayın bossda kirliyinizi,
Unudun yalançı şirliyinizi,
Atın blokları, birliyinizi,
Liderlər AMİP-də gələrlər cana.
Nurəddin Məmmədli:
Liderlər aparır müharibəni,
Sözsüz ki, demədin mən heç nə yeni,
Üst-üstdən endirmə sən də zərbəni,
Onsuz da işimiz fənadan fəna.
Yusif Bağırzadə:
Nə İsada vardı duyğu bəşəri,
Nə Əlinin yoxdu sözdə kəsəri,
Onların siyasi cahillikləri,
İflasla, süqutla çatıbdı sona.
Nurəddin Məmmədli:
Çətin ki, anlayıb söz qana bunlar,
Qəlblərini satıb şeytana bunlar,
Gənə tək yapışıb meydana bunlar,
Get-gedə susayır hər biri qana.