Fuad Qəhrəmanlı:
Biz də palatada oturub artıq,
Bura gəlməyənə veririk acıq,
Utanıb-qızaran yoxdu azacıq,
İndi şuramıza düz on dörd nəfər,
Radikal qurumdan edibdi səfər,
Bossdan pul gözlərik bizlər birtəhər.
Nüşabə Sadıxova:
Çox üzvlər qrantdan zökəmlənibdi,
Dinməzlər dil açıb yaman dinibdi,
Burda Müsavat da möhkəmlənibdi,
Yol göstərə bilməz bizə hər Cəfər.
Fuad Qəhrəmanlı:
Gecikən üzvlər sərinə düşər,
"Soros"dan nə gəlsə, dərinə düşər,
Qərbin on milyonu yerinə düşər,
Mütləq palatanın olacaq zəfər.
Nüşabə Sadıxova:
Suya qərq olanlar taxta, sal yeyər,
Qalmaqal istəyən qilü-qal yeyər,
Bizə qoşulanlar yağla bal yeyər,
Qoşulmayan kəslər içərlər zəhər.
Fuad Qəhrəmanlı:
Pula şirnikdirdik hər bir "qad"ı da,
Dartdıq palataya dostu-yadı da,
Bura sürüklədik Mirmahmudu da,
Düşündük o verər bizə bir bəhər.
Nüşabə Sadıxova:
Əl açıb pul üçün bossun yüzünə,
Müsavat həmişə gedib düzünə,
Kim gəldi qapını açdıq üzünə,
Buna nə qadağa, nə töhür-təhər.
Fuad Qəhrəmanlı:
At yerini verməz çöldə dəvənin,
Bizlər yerindəyik xırda güvənin,
Gecə palatadan kənar qüvvənin,
Olar palatanın, yəqin ki, səhər.
Nüşabə Sadıxova:
Pula qəlb bağladıq dəqiq saat tək,
Tapdıq Qərb puluna adi qrant tək,
Minib palatanı çapdıq Qırat tək,
Bizi uzaqlara aparar kəhər.
Fuad Qəhrəmanlı:
Palata çox kövrək bir sarı simdi,
Mümkün ki, üzvlər avroda çimdi,
Boss da bilməlidi qazanan kimdi,
Bizə məxsus olar, mal-dövlət, gövhər.
Nüşabə Sadıxova:
Ürəyi bulanan öyüyüb qussun,
Çətin Qərb bizimlə ilqarı pozsun,
Ləziz qidasını yeyərik bossun,
Bədxahlar gövşəsin qoy acı kəvər.
Fuad Qəhrəmanlı:
Asan nə, bilərsən ağırı görüb,
Yanarsan halına fağırı görüb,
Bizim palatada uğuru görüb,
Bir çox liderləri basıbdı qəhər.
Nüşabə Sadıxova:
Küçədə almısan adı guya sən,
İndi günahını çalış yuyasan,
Çalış sən uğuru görüb duyasan,
"Palata uğursuz" desən, sən gəbər.
Fuad Qəhrəmanlı:
Söz başa salmaqdan olduq qançır ki,
Yalançı dilindən olar manşır ki,
Odur Əhəd Oruc elə qaçır ki,
Elə bil, dalına sürtüblər bibər.
Nüşabə Sadıxova:
Oxlov udmuş kimi rəqiblər arıq,
Bizlər aralansaq, qalar bir yarıq,
Palata olmasa biz uduzarıq,
Bizi beş-üç "cırtdan" birliyi əzər.
Fuad Qəhrəmanlı:
Çalış ki, özünü dürtmə çox gözə,
Faydalan, hələ ki, verir mey-məzə,
Xaric də pul vermək istəməz bizə,
Bizi qrantsızlıq çərlədib üzər.
Nüşabə Sadıxova:
Açılar önündə möhkəm qıfıl da,
Poladdan güc alar, lap olsan qıl da,
Palata divarı olsa qızıl da,
Lider var ki, ona hey dodaq büzər.
Fuad Qəhrəmanlı:
Lider var olubdu palataya qır,
Lider var qanmayır əsla nə hır-zır,
Lider var özünə belə inanmır,
Dəvəyə güc versə, tavanda gəzər.
Nüşabə Sadıxova:
Guya pul istəmir, gözləri toxdu,
Sən demə bosslardan gileyi yoxdu,
Çöküb partiyası, xəbəri yoxdu,
Lider var hər şeyi müsbətə çözər.
Fuad Qəhrəmanlı:
Bəzi blokların cik-biki əlli,
Boss bizə vermişdi düz iki əlli,
Belə ki, yapışdıq biz ikiəlli,
Yəni palataya dəyərmi nəzər?
Nüşabə Sadıxova:
O udar, kimi pulu cibinə təpsə,
O yüksəkdə olar, əgər möhkəmsə,
Bizim başımıza Qərb qrant səpsə,
Palata güclənib aləmi bəzər.
Fuad Qəhrəmanlı:
Bu iş çətin deyil, Aya getmək tək,
Ağır zərbə olmaz maya getmək tək,
Hər şey asan deyil toya getmək tək,
Bütün çətinliyə gələnlər dözər.
Nüşabə Sadıxova:
O qədər xod getmir işlər də, qağa,
Palatadan yüyrək gedir tısbağa,
Düşünürlər batıb əlimiz yağa,
Gəlməyən arzular, gələnlər bezər.