Sərdar Cəlaloğlu:
Mitinqin, piketin məhz açarıyam,
Gizli mətləblərin nəhs açarıyam,
Mitinq keçirməyin həvəskarıyam,
Təklifi eşidən baxır ardına,
Bütün enerjilər axır ardına,
Sözümü salırlar qulaqardına.
Həsən Kərimov:
Yeyin marqarini, qoy kərə qalsın,
Bizim ağzımızda xoş şirə qalsın,
Mitinqlər, piketlər sizlərə qalsın,
"Yurd" Əli gedəcək məxfi çortuna.
Sərdar Cəlaloğlu:
Mitinqlərə atın qədəminizi,
Salın içinizə sitəminizi,
Ağrı-acınızı, dərd-qəminizi,
Atın radikalın məxfi bortuna.
Həsən Kərimov:
Bütün hücumlara bizdə dözüblər,
Mitinq etməməyi çoxdan çözüblər,
Başını çox yedi qadın üzvlər,
Sən ümid bağlama artıq şortuna.
Sərdar Cəlaloğlu:
Bossdan nə alırlar basıb küpəllər,
Tərk etdi sizləri təpəl-tüpəllər,
Sizdə daha çoxdu çəpəl-çüpəllər,
Əli rast gəlibdi xalis qartına.
Həsən Kərimov:
Asanca özünə şərik edərsən,
Onları mitinqə təhrik edərsən,
Tapıb hamısını təbrik edərsən,
Heç də çox qalmayıb 8 Martına.
Sərdar Cəlaloğlu:
Sizin saç-saqqalı yolar inanan,
Yalandan qışqırsan dolar inanan,
Nə sənin sözünə olar inanan,
Nə də ki, Əlinin "Yurd"çu cırtına.
Həsən Kərimov:
Sözsüz, ki, daz gedər başı daz gələn,
Ciddi bir iş görməz nə də az gələn,
Sizin piketlərə tapılmaz gələn,
Mitinqmi yaraşır qarın qurduna?
Sərdar Cəlaloğlu:
Rəsul tərəfinə keçibdi Əhəd,
Neyləyək, kütlələr olubdu qəhət,
Vacib iş görməkdi başlıca cəhət,
Az gələn bənzərdi "Yurd"da orduna.
Həsən Kərimov:
Yeriniz həm talan, həm süqut, həm dib,
Çevrilib olubsuz ən iyrənc bir tip,
Qrantla doludu bizlərdə hər cib,
Bütün qazancını doldur orduna.
Sərdar Cəlaloğlu:
Qoyub hər orduna qabıqlı bir qoz,
Sədriniz üzvləri eyləyibdi toz,
Əli ətrafını edibdi hipnoz,
Çətin tilovuna düşən dartına.
Həsən Kərimov:
Yumazdı dərdini, lap suya desən,
Gəlməzlər embarqo, sanksiya desən,
Nə qədər kütləvi aksiya desən,
Heç kəs diqqət verməz əsla mırtına.
Sərdar Cəlaloğlu:
Sən öz "Yurd" Əlinlə Qərbə pula var,
Sizin aranızda satqın tula var,
Biz yaxşı haldayıq, əsir gilavar,
Sizdə tüğyan edir tufan, fırtına.
Həsən Kərimov:
Yıxılan özünü gen çayda gördü,
Dostların daxildə pis qayda gördü,
Nə vətən işindən bir fayda gördü,
Xidmət eyləmədin heç vaxt yurduna.
Sərdar Cəlaloğlu:
Sənə nə deyirəm, sən diqqət eylə,
Nə addım atacan tezcə qət eylə,
Əliyə adımdan məsləhət eylə,
Bəzək-düzək vursun azca "Yurd"una.
Həsən Kərimov:
Üzünü könüllü sən bulvara çırp,
Tez getmək istəsən sən avara çırp,
Başını qayaya, ya divara çırp,
Qulaq asan olmaz parta-partına.
Sərdar Cəlaloğlu:
Tüfənglə gələrlər, yabalı olsan,
Sevənlər çox olar qafalı olsan,
Uğur qazanmazsan qapalı olsan,
Gələn az da olsa burax portuna.
Həsən Kərimov:
Sağlam üzvlər belə tez susuzlaşar,
Duzlu yeməyin də tam duzsuzlaşar,
Altında yumurta xoruzsuzlaşar,
Bir bala da çıxmaz əsla qırtına.
Sərdar Cəlaloğlu:
Məni dəstəkləyir həm şura deyib,
Sarsaq əməlinə ixtira deyib,
Adıma o qədər iftira deyib,
Daha sözüm yoxdu Əli sortuna.
Həsən Kərimov:
Həddən artıq çoxdu bizdə işgüzar,
Sən yalnız dərədə-düzdə işgüzar,
Göstərmə özünü işdə işgüzar,
Bosslar zəhər qatar şirin tortuna.
Sərdar Cəlaloğlu:
Qəlbinizdə arzu-dilək çatışmır,
Saf-çürük etməkçün ələk çatışmır,
Sizdə qoruyucu mələk çatışmır,
Məni qoruyacaq tale, fartuna.
Həsən Kərimov:
Susuzsan, bulağın üstə olsan da,
Çökmüsən, dayağın üstə olsan da,
Ölüsən, ayağın üstə olsan da,
Falçı yanına get, baxdır falına.