PDF Oxu

Köşə

  • 12

İsa Qəmbərov və Mirmahmud Fəttayev bir-birini öz qurumuna dəvət edir

İsa Qəmbərov və Mirmahmud Fəttayev bir-birini öz qurumuna dəvət edir

İsa Qəmbərov :

Birliyini, partiyanı götür gəl,
Ol müavin, Müsavatda yat, dincəl,
Əsəbisən, ağıla gəl və dincəl,
"DUİ" sənə, inkar etmə ki, yükdü,
"KAXCP"-n qocalıbdı, çürükdü,
Mən başqanam, Müsavatım böyükdü.

Mirmahmud Fəttayev:

Ətrafına ağır zərbə, udarsan,
Qalsan Müsavatda sancaq udarsan,
"DUİ"-yə qoşulsan ancaq udarsan,
Bizə baxıb yadlar yaman döyükdü.

İsa Qəmbərov :

Bossuz sən qab dibi, sözsüz, yalarsan,
"DUİ"-də "cırtdan"dan zərbə alarsan,
Geciksən, sonradan peşman olarsan,
Çox ağzı sulanan bizə yerikdi.

Mirmahmud Fəttayev:

Sənə qoşulmarıq, solub-saralsan,
Qoşulsaq, əfi tək bizi çalarsan,
Özün Müsavatda tənha qalarsan,
İstefa verənlər, gördün, perikdi.

İsa Qəmbərov :

Meydandan gec çıxıb, tez yanırsınız,
Bizim qüvvəmizi həm danırsınız,
Siz münbit partiya nə qanırsınız?
Sizinki nahamar şoran herikdi.

Mirmahmud Fəttayev:

Biz zirvədə durduq, siz uçurumda,
İstefa çoxalır, əsəb tarımda,
Uğur başdan aşır bizim qurumda,
Sizə uğursuzlar yalnız şərikdi.
İsa Qəmbərov :

Bizdə olardınız düz siyasətçi,
Ölkədə ən güclü biz siyasətçi,
Olmadınız heç vaxt siz siyasətçi,
Xoruzun quyruğu burda görükdü.

Mirmahmud Fəttayev:

Bosslar qərargahda sizə turp əkdi,
Ciddi əziyyəti üzvlər çəkdi,
Cibiboş olsaq da başımız dikdi,
Sizin tamahınız Qərbə yerikdi.

İsa Qəmbərov :

Radikallar içrə qurumun alaq,
Çoxu qovur səni, verərək talaq,
Mənim istədiyi əsil ittifaq,
Sənin istədiyin armud, ərikdi.

Mirmahmud Fəttayev:

Qəzəbdi, nifrətdi, kindi durumun,
Bir deyil, əlli, yüz, mindi durumun,
Demə ki, möhkəmdi indi durumun,
Qalmağın əsasız, gedişin bərkdi.

İsa Qəmbərov :

Qaysaqlı qəlbimi yenə qanatdın,
Bir zaman bizdə də aranı qatdın,
"DUİ"-də elə bir zibil qaynatdın,
Əməlin zərbindən "cırtdan"lar hürkdü.
Mirmahmud Fəttayev:

Yatmısan narıncı boyaq üstündə,
Qərar da tutmursan dayaq üstündə,
Sən dura bilmirsən ayaq üstündə,
Bu sənin özünə ibrətdi, görkdü.

İsa Qəmbərov :

Hələ çinədanda qalıbdı qazım,
Qrantla doludu hətta su tazım,
Rus, ingilis olsun-mənə boss lazım,
Sənin bəyəndiyin yalnız bir türkdü.

Mirmahmud Fəttayev:

Fikrində nümayiş, mitinqlər, qiyam,
Gözünü kor edib "DUİ"-də ziyam,
Sənin ideyan yox, mənim missiyam
Siyasətdə uğur, elmdə dərkdi.

İsa Qəmbərov :

Sizlərdə hövsələ yaman daralıb,
Yenə əsəbisən, qanın qaralıb,
Bizim gözümüzün kökü saralıb,
Gözündə böyüyən ən adi tükdü.

Mirmahmud Fəttayev:

Etmə nə ahu-zar, nə də məlamət,
Çətin sən çıxasan qışa səlamat,
Bizdə süqutlardan yoxdu əlamət,
İstefalar sənin belini bükdü.
İsa Qəmbərov :

Mən səndən uzaqda, sən məndən gendə,
Dalınca gəlmərik, çıxıb gedəndə,
"DUİ"-dən cəbhənə var-gəl edəndə,
Görərsən "cırtdanlar" gözünü tökdü.

Mirmahmud Fəttayev:

Uzaqdan görürsən tükü qurumda,
Sən də itirmisən çəki qurumda,
Mən hələ dözürəm iki qurumda,
Gözünün önündə Müsavat çökdü.

İsa Qəmbərov :

O qədər ucaldım, ideal oldum,
Bossların gözündə şəkər, bal oldum,
Gedib Avropada liberal oldum,
De, kim qurumunda bəd toxum əkdi.

Mirmahmud Fəttayev:

Uyub sən yalançı ideallara,
Əl atın ölkədə qilu-qallara,
Əl atdın xarici liberallara,
Müsavat gözünü xaricə dikdi.

İsa Qəmbərov :

Xəyalın pürrəngi bulvarda qaldı,
Həmkarlar bozarmış şalvarda qaldı,
Cəbhən meydanlardan kənarda qaldı,
"DUİ" siyasətdən tamam əl çəkdi.

Mirmahmud Fəttayev:

Arzunla diləyin tam qora getdi,
Bəxtinlə taleyin də qara getdi,
Müsavat uçura-uçura getdi,
"DUİ" də, cəbhə də yaratdı-tikdi.

Digər xəbərlər