PDF Oxu

Köşə

  • 37

Rəsul Sərdarı Paris görüşünə dəvət edir

Rəsul Sərdarı Paris görüşünə dəvət edir

Rəsul Quliyev:

Mənim "ACP"-mi ADP-nə qat,
Mən lider olaram, sən sədr, get yat,
Xarici bosslarla artacaq blat,
Səni yemləməkçün lap çoxdu darı,
Burda birləşdirək partiyaları,
Bununçün Parisdə gəl mənə sarı.

Sərdar Cəlaloğlu:

Sənə qarşı yoxdu məndə ədavət,
Səndəki pullara vurğunam, əvət,
Məni sən edirsən Parisə dəvət,
Gələrəm, hazırla sən qrantları.

Rəsul Quliyev:

Yer saxla partiya dayağın haqda,
Çağırsan, gələrəm bayrağın altda,
Atıb pullarımı ayağın altda,
Səninlə bölərəm şöhrəti yarı.

Sərdar Cəlaloğlu:

Mənə sən əta et çoxlu yem qurban,
Yəqin qaça-qaçdır bizə Sem, qurban,
Sənin beş mininə ADP-m qurban,
Adam ol, Parisə gecikmə barı.

Rəsul Quliyev:

Bir Pənah üstündə, sirr Pənah altda,
Çıxdın gah üstünə, girdin gah altda,
Qızıl gizlətmişəm qərargah altda,
Bəlkə sənə verim sandıq açarı?

Sərdar Cəlaloğlu:

Parisdə sən məni görəndə kiri,
"ACP" ölüdü, ADP-m diri,
Açma oxuduğun "Tarix Nadiri",
Nə də xatırlatma mənə Qacarı.
Rəsul Quliyev:

Yenə qüvvədədi sözümün gücü,
Sənin partiyanın yerişi cücü,
Lider tək bəsimdi ADP küncü,
Məndən qəbul eylə dövləti-varı.

Sərdar Cəlaloğlu:

Nəfsinə, Rəsul bəy, xeyli aram ver,
Mey içim, sən mənə dopdolu cam ver,
Otur başım üstə, sən sərəncam ver,
Qurum gəmisində çəkim avarı.

Rəsul Quliyev:

Birləşmiş qurumda dözüm görərəm,
Süfrəmdə qışda da üzüm görərəm,
Partiya işini özüm görərəm,
Sən dincəl kənarda, diyirlət şarı.

Sərdar Cəlaloğlu:

Sən də yan keçərsən, dərindi quyum,
Verdiyin pullarla mən çətin doyum,
Əgər mən sədrəmsə, səddi mən qoyum,
Sən mənə qulaq as, aşma divarı.

Rəsul Quliyev:

Keç yaşa içində, holl verirəmsə,
Sən düz de, mən səhvə yol verirəmsə,
Əmr verməliyəm, pul verirəmsə,
Tullana bilməzsən, hündürdü barı.
Sərdar Cəlaloğlu:

Sən məni Parisə eylədin dəvət,
Gəl deyib sözünə çox verdin qüvvət,
Əvvəl sən vəd verdin dövlət, pul, sərvət,
Sonra da artırdın qəlbdə qubarı.

Rəsul Quliyev:

Təkrar edirəm ki, doludu tuluq,
Sən də hesab etmə özünü yoluq,
Mənə vermisənsə xoş bir muştuluq,
Yeyə bilərəmmi özüm nübarı?

Sərdar Cəlaloğlu:

Bostan əkmək çətin mənim xırımda,
Xeyli maliyyəçi vardı torumda,
Hələ ki, ADP işlək durumda,
Sən gəl "ACP"-ni mənə az sırı.

Rəsul Quliyev:

Əvvəllər çox gördüm kəsir, donunda,
Sənə pul verərəm nəzir donunda,
Səhvlər buraxaraq vəzir donunda,
Gəl günahkar bilmə lütfkar çarı.

Sərdar Cəlaloğlu:

Sən haqsız olmusan, etmisən tənə,
Yalan vədlərin də çatıbdı minə,
Çox yalançı vədlər vermisən mənə,
Görüm sancsın səni yalançı arı.
Rəsul Quliyev:

Dedim Parisə gəl, əhli-hal bildim,
Dişimə vurduqca səni kal bildim,
Səni xeyli cavan radikal bildim,
Sən demə qarşımda dayanıb qarı.

Sərdar Cəlaloğlu:

Burdan Parisədək bir yol uzatdım,
Sənsə elə bildin mən nol uzatdın,
Sənə çox ətirli dirol uzatdım,
Sən isə çeynədin saqqızı, qırı.

Rəsul Quliyev:

Sən öz cavabınla ləzzət vermədin,
Mənə sızıltınla riqqət vermədin,
Sən çox qəribəsən, diqqət vermədin,
Təklifim cəlb edə bilərdi karı.

Sərdar Cəlaloğlu:

Buralar istidi, boran-qardasan,
Qürbətdə qalıbsan, yazıq, dardasan,
Siyasi meydandan çox kənardasan,
Acı balındansa yeyərdim marı.

Rəsul Quliyev:

Özün də olmadın heç vaxt mənə tən,
Sən nəzərlərimdə dınqıldayan çən,
Ömründə hamar yol görməmisən sən,
Mən asfalt göstərdim, sən seçdin xırı.

Sərdar Cəlaloğlu:

Çıxmadı səndən də blok bəzədən,
Başın açılmadı meydən-məzədən,
Kor-peşman geriyə qayıt təzədən,
Paris deməyəcək könlümün tarı.

Digər xəbərlər