Rəsul Quliyev:
Mənim Moskvada bir planım var,
Orda Dəmirçiyan Stepanım var,
Əlimdə viskisiz stəkanım var,
Bizə də İsa tək boss verərsə qaz,
Erməniyə belə eyləmərik naz,
Birlik yaradarıq: Cənubi Qafqaz.
Araz Əlizadə:
İsa Aramyanla küncə büzüşür,
"ACP" radikal içində bişir,
Bizim maraqlar da üst-üstə düşür,
Səni intizarla gözləyir Ayaz.
Rəsul Quliyev:
Bosslar pullarından keçə bilirlər,
Onu üstümüzə biçə bilirlər,
Ruslar tükü tükdən seçə bilirlər,
Məni anlayarlar Aramla bir az.
Araz Əlizadə:
Meydan görməmişdi sənin tək sınan,
Başına uçmuşdu ən uca binan,
Kim sənin yerinə olsaydı inan,
Əndərər başına suyu iki taz.
Rəsul Quliyev:
Gülmədi üzümə, çox əfsus ki, baxt,
Postum da çevrilib olmadı bir taxt,
Şeş qoşa düşsə də bəxtimə o vaxt,
Tərsinə gətirdi nərtaxtada tas.
Araz Əlizadə:
Sənə ADP-də dəstək verdilər,
Sərdarlı-Aydınlı istək verdilər,
Həddən artıq ürək-dirək verdilər,
Kefin bundan sonra heç olmadı saz.
Rəsul Quliyev:
Ayaqlaşa billəm hər zamanla mən,
Dram da alaram həyəcanla mən,
Əlaqə quraram Stepanla mən,
Moskva çalsa da pis yerimə paz.
Araz Əlizadə:
Oldun imamlara qəsd edən yezid,
Yaxın həmkarlar da felindən bezib,
Amalın kif verir, düşüncən bəsit,
Tarix yetirmədi sənin kimi qaz.
Rəsul Quliyev:
Çox tab gətirmədin dayağı altda,
Keçmişdin yüzünün bayrağı altda,
Süründün sən onun ayağı altda,
Ancaq Ayaz vurdu başına qapaz.
Araz Əlizadə:
Süd dişin çıxıbdı, başqa diş gəlmir,
Lüzumsuz yerinə heç kiriş gəlmir,
Gördün ki, əlindən başqa iş gəlmir,
Özün çökümünü etmisən pakaz.
Rəsul Quliyev:
Okeandan bu yanda sənə sirr açım,
İndi paslanıbdı, pis kəsir qayçım,
Mən qoca olsam da, möhkəmdi saçım,
Sən xeyli cavansan, başın olub daz.
Araz Əlizadə:
Elə zənn edirdin almazdın, dürrdün,
Özünü dəryadan o tayda gördün,
Sən öz qaçmışını sifariş verdin,
Gəlişini heç vaxt vermədin zakaz.
Rəsul Quliyev:
Sərdarın yaşını silə bilmədim,
Mən kiməm, konkret bilə bilmədim,
Payızda qorxmuşdum, gələ bilmədim,
Arzum gerçəkləşər, gələrəm bu yaz.
Araz Əlizadə:
Gizli əməkdaşı Fiks eyləyirik,
Bunu planlarda əks eyləyirik,
Biz "Cəngi" üstündə rəqs eyləyirik,
Rəqsində cəmi bir element var: caz.
Rəsul Quliyev:
Əvvəl çalışdım ki, qəddimi əyim,
Yığışan kütləyə təzim eyləyim,
İstədim möhtəşəm bir nitq söyləyim,
Ancaq son məqamda qurudu boğaz.
Araz Əlizadə:
Zəhərə dönübdü ən şirin qəndin,
Nədən ADP-də keçmədi fəndin,
"SİDSUH"-da ən amil lider bir səndin,
Nə qədər qışqırdın gəlmədi avaz.
Rəsul Quliyev:
Mənə yalançı tək ar olmaqdaydı,
Meydanlar önümdə dar olmaqdaydı,
Hər iki qulağım kar olmaqdaydı,
Bu yerdə görməkdən dayandı qlaz.
Araz Əlizadə:
Sədr var, dəvəyə, qoyuna təşnə,
Lider var adi bir oyuna təşnə,
Bizlər də siyasət suyuna təşnə,
Moskva çayında Ayaz bir qəvvas.
Rəsul Quliyev:
Nyu-Yorkda ən xalis bir ser özüməm,
Stepan özüməm, həm ter özüməm,
İcraçı, həm də ki, lider özüməm,
Sən baş aldadırsan Ayazla, Araz.
Araz Əlizadə:
Adını qoymusan məşhur blokçu,
Sən tapança atan, mən mahir topçu,
Ayaz məni daim aldadan gopçu,
Sən ayaqqabının üstündə qotaz.
Rəsul Quliyev:
Sən mənim qüvvəmə gəl eyləmə şəkk,
Meydanda davamı aparmışam tək,
Əlbəttə, liderəm Ayazdan yüksək,
Sən ayaq altına atılmış palaz.
Araz Əlizadə:
Sifətin andırır gücsüz vaşaqı,
Gücün qorxutmağa çatar uşağı,
Səndə məsuliyyət hissi aşağı,
Yükünü çəkməyi bacarmaz "Kamaz".