Hə, təkcə 1981-ci ildən Misirdə hakimiyyət başında olan Hüsnü Mübarək romanı bitmir, həm də Şərqin özünü bitirirlər, bax əsil həqiqət budur. İndiki saatlarda Şərq əməlli-başlı bir-birinə qarışıb. Yenə 1967-ci ilin Süveyş kanalının işğalından sonrakı günlərdə olduğu kimi, Şərqdə onlarla ərəbin neçə gün ərzində günahsız qanı axıdıldı və bu qan bu saata qədər axıdılmaqda davam edir. Bu dəfə elə Qahirənin özündə baş verir bunlar. Bu dəfə həm də elə ərəbləri bir-birinə QIRDIRIRLAR!
Dünyanın və Şərqin mədəniyyət və sivilizasiya muzeyi olan Qahirə çapqınçılıq və talanlar içində əsir-yesir qalıb. Ən qiymətli minillik tarixi əsərlər, aksesuarlar, sənət əsərləri oğurlanıb aparılır. Bu, bir xəbərdarlıqdır. Bu ssenari sabah istənilən ölkədə tətbiq oluna bilər. Bunu yaradanlar Şərqi həm sabah başqa yerlərdə tətbiq edəcəkləri xaos üçün praktika laboratoriyasına çevirirlər, həm də başqalarına "dərs mesajı" göndərirlər. Yenə tas yazıq müsəlmanların başında çatlayır. Misirdə Hüsnü Mübarəkin 1981-ci ildən bəri davam edən hakimiyyətinə son qoyulmaq üzrədir. Artıq onun hakimiyyətdən getməsinin ilk siqnalını Ağ Evin keniyalı sahibi Barak Obama verdi. Təsəvvür edin ki, rəsmi Vaşinqton neçə on illər ərzindəki dostunu bir andaca "xərcləməyə" başladı. Guya H.Mübarəkin bu vaxta qədər Misirdə nə işlə məşğul olduğunu Ağ Evdə bilmirlərmiş.... Amma təkcə hədəfdə Hüsnü Mübarəkmidir? Yox, bu ssenarinin coğrafiyası çox genişdir. Hətta Qəddafiyə qədər, bəlkə də sonrakı mərhələdə Moskvaya qədər...
Nə oldu ki, birdən-birə Şərqdə aləm bir-birinə dəydi? Nə dəyişdi ki, hadisələr bu şəkildə cərəyan etdi? Suallar çox, cavablar isə çətin tapılandır. Amma bir məsələ var ki, Şərqi bir-birinə vuran hadisələrin ssenarisi dünya siyasətində əsas söz sahibi olan saraylarda hazırlanıb. Dünya siyasətinin nəhənglərini "Şərq əməliyyatı"nı aparmağa nə vadar edir? Bu birinci növbədə sosial problemlərlə-filanla bağlı məsələ deyil. Bu həmin əhalidir, bu hakimiyyətlər də həmin hakimiyyətlərdir. Neçə on illiklərin hakimiyyətləri. Əgər narazı xalqdırsa, niyə bu insanlar bu on illiklər boyu qaxıb etiraz etmirdilər? Düzdür sosial problemlər bağazacan var. Amma bu "cəsarətli kütlə" harda yatmışdı indiyə qədər? Bax məsələ budur. Guya indi, məsələn, H.Mübarək Misirdə çuval boyda demokratiya yaratdı ki, hər kəs ayağa qalxdı? Qətiyyən! Məsələnin arxasında geopolitik məsələlər durur. Amma insanı dəhşətə gətirən bu hadisələrin kökü haradan qaynaqlanır. İzah edirik. Qərb dövlətləri Türkiyənin təxminən 50-60 ildən sonra onlardan üz çevirib Şərqə üz tutmasından dəhşətli şəkildə əndişə içində idilər. Onlar qorxurdular və elə indinin özündə də qorxurlar ki, artıq rəsmi Ankara Yaxın Şərqdə əsas söz və güc sahibinə çevrilir. Misirdən tutmuş Fələstinə, İraq türkmənlərinə qədər əksəriyyət Türkiyəni müsəlman dünyasının və Şərqin söz sahibi kimi görürlər. Özü də rəsmi Ankaranın üzünü Şərqə tərəf çevirdiyi, İsraillə burun-buruna gəldiyi indiki vaxtda. Türkiyənin üzünü Şərqə çevirməsi və əsas söz sahibi olması, elə birinci olaraq, İsrail üçün real təhlükədir. Yox, Şərqi "üçüncü əl" qarışdırır, vəssalam!
Bunu ərəb liderləri də təsdiq edir. "Misir və digər ərəb ölkələrindəki qəzəb və ümidsizlik təkcə daxili durğunluqla deyil, həm də xarici faktorlar, eləcə də, onilliklər ərzində regionun işlərinə cəlb edilən "nəhəng güc"lərin siyasəti ilə bağlıdır". Buyurun, bunu da Suriya prezidenti Bəşər Əsəd Amerikanın "The Wall Street Journal" qəzetinə müsahibəsində deyib. Onun sözlərinə görə, həmin ölkələrdə hələ də nəyin baş verdiyi aydın deyil. Belə ki, hər iki ölkədə baş verənlər regionda yeni eranın təməlini qoyub. Lakin gələcəyi bilinməyən eranın: "Bu dövrün böyük xaos və ya böyük qayda-qanuna aparıb çıxaracağı hələ də sual altında qalır. Son, hələlik, aydın görünmür". Bəli, doğrudan da, Şərqin sonu görünmür, ən azı dünya nəhənglərinin "Şərq əməliyyatı" qurtarana qədər!