Rəsul Quliyev:
İsa ilə Əli özü tir qoşa,
Bəxtlərində şeş qoşa yox, yek qoşa,
"ACP"-ylə AMİP iki şir qoşa,
Şübhə etmə cibimdəki qüdrətə,
Gəl birləşib basaq birgə sürətə,
Ay Etibar, cürətə gəl, cürətə.
Etibar Məmmədov:
İfrat adlı barışmazlar yenildi,
Sənin üçün, mənim üçün son ildi,
Radikallar diz çökübdü 10 ildi,
Rəsul qağa, heyrətə gəl, heyrətə.
Rəsul Quliyev:
Can qürbətdə vətən dərdi çəkəndi,
Pul olsa da, ruhi qüvvə yox indi,
Gördün pulun ciblərində tükəndi,
Min uçağa, qeybətə gəl, qeybətə.
Etibar Məmmədov:
Qışda yerin isti, yayın sərində,
Ümidimiz Qərbdə, Allah Kərimdə,
Nyu-Yorkda mıxlanıbsan yerində,
Aman Rəsul, qeyrətə gəl, qeyrətə.
Rəsul Quliyev:
Qalmısınız çevrəsində nöqtənin,
Mərkəzində olun daim fitnənin,
Rəğbətini qazanmaqçün kütlənin,
Nəzir-niyaz verin Bibiheybətə.
Etibar Məmmədov:
Biz içdəyik, sənsə xeyli bayırsan,
İş alınmır, nə edib, nə qayırsan,
Bizi burda sən cənnətdə sayırsan,
Nyu-Yorkda düşəsən min möhnətə.
Rəsul Quliyev:
Yüksək posta hücum marşı çalmıram,
Nə bu yöndə xəyallara dalmıram,
Çoxdandı ki, sizdən siqnal almıram,
Müntəzirəm sizdən gələn dəvətə.
Etibar Məmmədov:
Sən ümmanda yolu azmış qayıqsan,
Demədim ki, bəsirətli, ayıqsan,
Özün ciddi məzəmmətə layiqsən,
"ACP"-n də layiq əsil nifrətə.
Rəsul Quliyev:
Müntəzirəm, mən də dartım almaqçün,
Ölürsünüz sərvət, artım almaqçün,
Siz xaricdən cüzi yardım almaqçün,
Düşürsünüz gündə min bir sifətə.
Etibar Məmmədov:
"Yurd", Müsavat qulluq edir kirvəyə,
Odur ki, bossu salıblar girəvəyə,
Nə sən radikal tək çatdın zirvəyə,
Nə də ki, mən layiq oldum şöhrətə.
Rəsul Quliyev:
Sənli-mənli əgər tərpənsək zirək,
Həm boss yardımına biz qoşa hürək,
Biz birləşib blok yaradaq gərək,
Layiq olmaq üçün yüksək qiymətə.
Etibar Məmmədov:
Ordan bizə gözlərini zillədib,
On içkini bir badədə lillədib,
Çoxlu viski, həm də çaxır gillədib,
Meyl edəsən Nyu-Yorkda şəhvətə.
Rəsul Quliyev:
Gəl üzə çıxarma hər yalanımı,
Cala AMİP-inə nər klanımı,
Qəbul etsə idin sən planımı,
Qərq edərdim səni mülkə, nemətə.
Etibar Məmmədov:
Şirnikdirib məni ələ almamış,
Pullarınla dibsiz cibim dolmamış,
"ACP"-ndə bir möhkəmlik olmamış,
Quduzlaşıb tez keçmisən töhmətə.
Rəsul Quliyev:
On illərlə qoltuqlarda yatdınız,
Sanmayın ki, arzu-kama çatdınız,
Bu gün məni sıranızdan atdınız,
Sabah pulumçün düşərsiz minnətə.
Etibar Məmmədov:
Sən tənhasan, danışırsan klandan,
Çıxmamısan sən hələ də dalandan,
Gümrah dedin sən özünə yalandan,
Həqiqətdə düşmüsünüz zillətə.
Rəsul Quliyev:
Mən olmasam, xəyallara dalarsan,
Meydanlarda tək diringi çalarsan,
Pul olmasa yarı yolda qalarsan,
Di qatlaşın siz özünüz zəhmətə.
Etibar Məmmədov:
Çəkməkdəsən min əziyyət, çəkindən,
Bir yurddaşın keçmir indi səkindən,
Daim qaçdın məsuliyyət yükündən,
Bundan sonra meyli artır ibrətə.
Rəsul Quliyev:
Boss verməsə, olmaz qabınızda yal,
Qarın boşsa, pis olacaq hal-əhval,
Orda aclıq keçirirsən, qırışmal,
Mənsə qərq olmuşam burda zinətə.
Etibar Məmmədov:
Səndən xoşu gəlmir hətta gicin də,
Həm də orada qapanıbsan heçində,
Pis, ya yaxşı, öz eviniz içində,
Nemətinlə düşəcəksən illətə.
Rəsul Quliyev:
Müxtəlif səmtlərə əsirdi külək,
Sənin hərbi dəstən deyildi mələk,
Əlbəttə, mən keçmiş pul oğrusu tək,
İkimiz də zərər vurduq dövlətə.
Etibar Məmmədov:
Sən tərpəndin çətin anda çox sərvaxt,
Pul qaçırdın, tərs gətirdi səndə baxt,
Kütlələrlə işləmişəm xeyli vaxt,
Sən daha çox yol vermisən qələtə.