PDF Oxu

Köşə

  • 18

“Ümid"in ümidsizlik sindromu

“Ümid"in ümidsizlik sindromu


Yusif Bağırzadə:

İstədim İqbala eyləyim kömək,
Mən AMİP sədriyəm, çəkirəm əmək,
Hər adam istərdi vəsait yemək,
Ağır durumdadı "Ümid"in özü,
Qafil opponentin çıxsın qoy gözü,
İqbalın kütləyə lap çoxdu sözü.

İqbal Ağazadə:

"Ümid" parçalanır, heç üzüm gülməz,
Həmkarlar, nədənsə, gözümü silməz,
Çox lider əlimə su tökə bilməz,
Yaxşı siyasətçi deyiləm, düzü.

Yusif Bağırzadə:

Dostlar onu atır, hələ ki, dözür,
İş pisləşən zaman o, dodaq büzür,
"Ümid"də dağılma İqbalı üzür,
İşi yaxşılaşsa, güləcək üzü.

İqbal Ağazadə:

"Ümid" işləyirdi, vallah, əməlli,
Bir partiya ki, köklü-təməlli,
Bir adam da gəlib vermir təsəlli,
Mənə rişxənd edir əllisi, yüzü.

Yusif Bağırzadə:

İndi çox danışmaq fayda gətirmir,
Rəqib saniyəni belə ötürmür,
Çoxunun İqbalı gözü götürmür,
Hər kəs öz önünə çəkməkdə közü.

İqbal Ağazadə:

Arı əhliləşər balçı əlilə,
Sal da cana gələr salçı əlilə,
Gözü qaytararam, falçı əlilə,
Həm də itirərəm tezliklə izi.

Yusif Bağırzadə:

Gərək biz aparaq Tanrıya pənah,
Əlbəttə, "Ümid"də başlıca günah,
Bir şeyə ürəkdən əminəm, vallah,
İqbal rəqibinə batırar bizi.

İqbal Ağazadə:

Yalnız mən deyiləm dərd-qəmə cuman,
İfratı uğura aparır zaman,
Vaxt çatıb, partiya dağılan zaman,
Rəqib də çalışır sındırsın bizi.

Yusif Bağırzadə:

Düz demir, kim desə düşüncən dardı,
AMİP-də bitəcək "Ümid"in ardı,
Səni Etibar da alqışlayardı,
Bizim partiyaya köçür sən mizi.

İqbal Ağazadə:

Nə olsun düşübdü saçımıza dən,
Dağ görünməz olur düşən zaman çən,
Üçlükdə birləşib Etibar, sən, mən,
Blok yaradarıq, vallah, ən tezi.

Yusif Bağırzadə:

Bir vaxt "Ümid" olub haraylı-haylı,
Onu fəndə salıb bir ucaboylu,
Yerə yıxılacaq o, üzüqoylu,
Artıq yerə dəyib İqbalın dizi.
İqbal Ağazadə:

Büdrəyib altında "Ümid" kəhərim,
Bəlkə də AMİP-ə oldu səfərim,
Mən palaz tapmıram evimə sərim,
Yerə döşəyirlər çoxları xəzi.

Yusif Bağırzadə:

Gəl sən də kükrəmə bədzatlar kimi,
Nə də şıllaq atma tərs atlar kimi,
Özündən kənar et kədəri-qəmi,
Mən də qoparmıram qaysaqlı bəzi.

İqbal Ağazadə:

Bizik əlləşənlər kədərlə-qəmlə,
İndi həmkarlar da etməkdə həmlə,
Bizdə parçalanma ləng gedir hələ,
Yayır bədxahlar da şayiə bəzi.

Yusif Bağırzadə:

Rəqibin kimdisə başa nəqş elə,
Münasib kəlamı daşa nəqş elə,
Hər bir rəqibinə gülüş bəxş elə,
Boğ sən öz qəlbində kini, qərəzi.

İqbal Ağazadə:

Rəqib əsirgəmir şram payını,
Əsla, boss artırmır qram.. payını,
Təki artıq etsin dram payını,
Neynək ermənidə qalsın ərazi.

Yusif Bağırzadə:

Çox susma sən özünün barəsində,
Axtarma qəbahət sairəsində,
"Ümid" ümidsizlik dairəsində,
İqbal eşidəndə, artır mərəzi.

İqbal Ağazadə:

Həmkarlar istər ki, olum didərgin,
"Ümid" dağılmaqda, gün keçir gərgin,
Artıq özüm üçün etmişəm yəqin,
Baş-ayaq vurmaqda artıq tərəzi.

Yusif Bağırzadə:

Bizim torpaqları Şimal yeyibdi,
Bir çoxumuzu da kamal yeyibdi,
Boss nə veribdisə İqbal yeyibdi,
İndi süfrəsində qalıb çərəzi.

İqbal Ağazadə:

Özüm müflisləşdim, başımda ağrı,
Yeni blokların yarılıb bağrı,
"Ümid" dığırlanır süquta doğru,
Elə partiya var cırıbdı bezi.

Yusif Bağırzadə:

Sönmüş lider kimi çöküb, büzüşüb,
Sanki Ayla Günəş bezib, küsüşüb,
Son vaxtlar İqbal bəy pis günə düşüb,
Xoraya bürünüb daxili vəzi.

İqbal Ağazadə:

Bütün bloklara gəlibdi zaval,
Üzvlərsiz partiyam olmaqda pamal,
Artıq "Ümid" çökdü, deyiləm İqbal,
Bu gün mənim özüm adi bir Məzi.

Digər xəbərlər